Türkiyə İrana regional rəqib kimi baxır, ancaq bu düşüncə tərzi dəyişməli olacaq –ANKARA-TEHRAN-DOHA İTTİFAQI ZƏRURƏTƏ ÇEVRİLİR


Mahan Abedin
“Middle East Eye”, 16.09.2020
 
Çərşənbə axşamı günü rəsmiləşdirilən BƏƏ-İsrail barışıq müqaviləsi uzunmüddətli perspektivdə Yaxın Şərqin geosiyasətinə böyük təsir göstərəcək.
Əsasən İranın bölgədəki təsirinə qarşı hazırlanan İsraillə Fars körfəzi ölkəsi arasındakı ilk sülh razılaşması bununla bitməyəcək.
İsrailin 1979-cu ildə Misirlə və 1994-cü ildə İordaniya ilə sülh müqavilələrindən fərqli olaraq, BƏƏ ilə yaxınlaşma yəhudi dövləətini bölgənin mərkəzi halına gətirir.
Siyasi, iqtisadi və mədəni kapitalı inkişaf etdirərək, bu iki ölkə Yəmən, digər Körfəz ölkələri və hətta İraqla əlaqəli olaraq bölgədəki hadisələrə təsir etmə qabiliyyəti qazanır.
 
Strateji ittifaq
Bu kontekstdə anlaşma digər Fars körfəzi dövlətləri, Misir və İranın “Müqavimət oxu” adlandırdığı alternativ regional arxitekturaların inkişafında ön plana çıxan Türkiyə və Qətər üçün çox pis bir xəbərdir.
Önümüzdəki illərdə BƏƏ-İsrail normallaşmasının oyundəyişən strateji sürət qazanmasının qarşısını almaq üçün İran, Türkiyə və Qətər yalnız siyasətlərini və iqtisadiyyatlarını deyil, eyni zamanda, strateji mövqelərini də uyğunlaşdıraraq daha sıx əməkdaşlıq etməlidir.
Türkiyə İrana regional rəqib kimi baxır, ancaq bu düşüncə tərzi dəyişməli olacaq, çünki əks təqdirdə, ərəb mühafizəkarlığı ilə İsrail ekspansionizmi arasında ittifaq çox uzaq olmayan bir gələcəkdə strateji üstünlük yarada bilər.
İranın BƏƏ-İsrail yaxınlaşmasından itirdiyi, şübhəsiz ki, fələstinlilərin itkisindən çoxdur. Sövdələşmənin İrana yönəlməməsi ilə bağlı Əmirliyin etirazına baxmayaraq, İslam Respublikası bu anlaşmanı regional strateji maraqlarına qarşı böyük bir təhlükə sayıb.
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) müqaviləni “tarixi axmaqlıq” və “açıq xəyanət” kimi xarakterizə edən sərt bir açıqlama verib və bunun İsrailin “məhvini” sürətləndirəcəyini bildirib. Ali Rəhbər Ayətullah Xamnəi bu fikirləri təkrarlayaraq, Əmirlik liderlərini “xəyanət”də ittihamlayıb və anlaşmanın “uzun sürməyəcəyinə” inandığını bildirib.
 
Tehranda dərin narahatlıq
İranın qorxusu BƏƏ-nin İsraillə əlaqələrini normallaşdırmaqda liderliyini saxlayaraq, Bəhreyn və bəlkə də Oman kimi kiçik dövlətlərlə Körfəzdə yaradacaq domino effektidir. Bu, xüsusilə, İranın regional davranışlarını dəyişdirməyə çalışan ABŞ-ın “maksimum təzyiq” kampaniyası kontekstində İranın mühasirədə olma hissini gücləndirəcəkdir.
Orta və uzun perspektivdə bu, İran üçün İsrailin bölgəyə enerji və neftdən tutmuş, siyasi müdaxilə və kəşfiyyat əməkdaşlığına qədər geniş sahələrdə nüfuz etməsi deməkdir.
Tehrandakı dərin narahatlığını vurğulayan İsraillə razılaşma işığında BƏƏ-yə yanaşmasının dəyişəcəyinə dair İran ordusunun qərargah rəisi general-mayor Məhəmməd Baqerinin xəbərdarlığıdır. Anlaşma nəticəsində İranın milli təhlükəsizliyinə zərər veriləcəyi təqdirdə, o, Əmirlik liderlərinin “məsuliyyət daşıyacağını” bildirib.
Bu məqamda əsas məsələ İranın müqaviləni zəiflətmək və potensial mənfi təsirləri, xüsusən də müdafiə və təhlükəsizlik sahələrində nə etməyi planlaşdırmasıdır. İran, şübhəsiz ki, həm İsrail, həm də BƏƏ-yə qarşı böyük təhlükəsizlik və müdafiə layihələrinə başlamazdan əvvəl iki dəfə düşünməli olacaq.
İranın şimaldan Livanlı müttəfiqi “Hizbullah” və cənubdan Fələstin silahlı qrupları vasitəsilə mühasirəyə alınmış İsrailə təzyiq göstərməsi daha asandır. Amma BƏƏ-yə təzyiq göstərmək daha çətindir, çünki İranın Əmirliklərlə diplomatik əlaqələri var və Körfəzdəki üç ada ilə əlaqədar ikitərəfli mübahisə mövcuddur.
Əlavə olaraq, yüz minlərlə iranlı BƏƏ-də, xüsusən də Dubayda yaşayır, beləliklə, hər iki ölkə üçün təsir və məhdudiyyətlər yaradır və necə olursa-olsun iki ölkənin əlaqədə qalması vacibdir.
 
Ümumi siyasi maraqlar
İran bəzi siyasi, strateji və hətta ideoloji maraqlarını bölüşdüyü iki dövlətə müraciət edərək BƏƏ-İsrail müqaviləsini alt-üst edə bilər. Həm Türkiyə, həm də Qətər BƏƏ-İsrail yaxınlaşmasından mənfi təsirlənəcək.
Artıq Liviyada BƏƏ ilə vəkil müharibəsində üzləşdiyi üçün Türkiyə xüsusilə qəzəblidir. Türkiyə Suriyada da BƏƏ ilə mübahisədədir. Türkiyə rəsmiləri BƏƏ-ni Suriyanın şimal-şərqindəki Kürdüstan Fəhlə Partiyasına maliyyə və maddi-texniki dəstək verməkdə günahlandırır.
Ankara və Əbu-Dabi, BƏƏ-nin Səudiyyə Ərəbistanı ilə tandem olaraq 2017-ci ilin iyunundan bəri təcrid etməyə çalışdığı Qətərə görə də mübahisə edir. Söyləməyə ehtiyac yoxdur ki, Doha ilə Əbu-Dabi arasında itirilmiş sevgi yoxdur.
Türkiyə və Qətər ümumi siyasi maraqlarla yanaşı, siyasi və strateji baxışlarının “Müsəlman Qardaşlar” ideologiyasına müxtəlif dərəcədə rəğbət bəsləmələri ilə eyni ideoloji platformadadır. Yaxın Şərqdə və Şimali Afrikada siyasətlərini irəlilətmək üçün hələ tutarlı və davamlı ortaq quruluşları inkişaf etdirməmiş olsalar da, Türkiyə və Qətər tez-tez, xüsusən Suriyada və az da olsa Liviyada, birlikdə fəaliyyət göstərirlər.
Bunun əksinə olaraq, İran ideoloji layihəsini, siyasi maraqlarını və strateji baxışını bölgədə tanıtmaq üçün çox inkişaf etmiş bir vasitəyə sahibdir. İranın, Suriya (və daha az dərəcədə İraqı) və “Hizbullah”, “Həmas” və Yəmən husilərini də əhatə edən geniş qüvvələri bir araya gətirən “Müqavimət oxu” ən dinamik regional strateji gücdür.
 
Uzunmüddətli layihələr
“Müqavimət oxu”nun davam edən sürətinə baxmayaraq, ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ İrana qarşı bütün resurslarını toplayıb.
İndiki vəziyyətində Türkiyə və Qətər mühafizəkar Körfəz ölkələri və Misir qarşısında güc tarazlığını pozacaqlarına ümid edə bilməzlər. Xüsusən də, Liviya ilə əlaqəli olaraq əldə edilə bilən ən yaxşı hal dalana dirənmədir.
İran, Qətər və Türkiyə artıq uzunmüddətli layihələr üzərində işləmək bacarığını nümayiş etdiriblər. Məsələn, İran və Qətər “Cənubi Pars / Şimali Günbəz” təbii qaz layihəsini inkişaf etdirmək üçün öz mənbələrini və təcrübələrini birləşdirib. İran və Türkiyəyə gəldikdə, iki ölkə uzunmüddətli möhkəm ikitərəfli əlaqələrə malikdir və Suriya ilə bağlı son gərginliyə baxmayaraq, münasibətləri nisbətən sabit qalır.
Bununla belə, hər üç ölkə mühafizəkar ərəb dövlətləri, İsrail və ABŞ tərəfindən kənarda qalmaqdan qaçmaq istəyirsə, ortaq münasibətlərini strateji müstəviyə yerləşdirib fikir ayrılıqlarını və diplomatik ətaləti kənara qoymalıdır.
Bu, yalnız BƏƏ və İsraili nəzarətdə saxlamaq baxımından deyil, Fələstinin dövlətçilik istəklərini yaşatmaq baxımından da fərq yaradacaq.
Tərcümə: Strateq.az
Tarix: 17-09-2020, 21:43
Xəbəri paylaş



Xəbər lenti