Yunanıstan qaydaları POZUR ! - “Aralıq dənizi “qaynayan qazan”ı xatırladır” – Türkiyədən hərbi ritorika...!





“Şübhəsiz ki, Hulisi Akar və Türkiyə Silahlı Qüvvələrinin Baş Komandanlığı bütövlükdə silah dili ilə danışır”

“Hərbi ritorikanı gücləndirir, məsələyə ən üstün səviyyədə münasibət bildirir”

“Lakin beynəlxalq hərbi və siyasi vəziyyət toqquşma ehtimalını aşağı endirir”


Türkiyənin Müdafiə naziri Hulusi Akar Aralıq dənizindəki durumla bağlı maraqlı məqamlara toxunub. Nazir bildirib ki, Yunanıstan 18 adada qanunsuz silahlandırma aparıb. Bu hal gərginliyi daha da artırır, dialoq imkanlarına zərər gətirir. Türkiyənin dialoq tərəfdarı olduğunu və siyasi həll üçün səyləri dəstəklədiyini diqqətə çatdıran nazir deyib: “Bizim anlayışımıza görə, gərginlik yaratmaq, təhrik etmək və təxribatların heç kimsəyə, xüsusilə də Yunanıstana faydası yoxdur”.

Türkiyə və Yunanıstanın Aralıq dənizindəki planları vəziyyətin gərginləşməsinə şərait yaradır. Hər iki ölkə arasında münasibətlərin pisləşməsi, toqquşmaların baş verə biləcəyinə dair bəzi iddiaları üzə çıxarır. Lakin Türkiyəli nazirin son açıqlaması proseslərin başqa səmtə gedib-getməyəcəyi sualını yaradır. Maraqlıdır, vəziyyət daha da gərginləşib hərbi müstəviyə keçə bilərmi?

Aralıq dənizindəki prosesləri “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, iki ölkə arasındakı “Lozanna müqaviləsi”nə görə, adalarda silahlandırma olmaz. Amma Yunanıstan müqavilənin şərtlərini pozaraq adaları qanunsuz silahlandırıb.

Mütəxəssis “Şərqi Aralıq dənizi” anlayışının yanlış olduğunu deyib:

“Azərbaycan və Türkiyədəki siyasi şərhçilər çox ciddi səhvə yol verirlər. Bu da onunla əlaqədardır ki, “Şərqi Aralıq dənizi” problemi dünya siyasi leksikonuna fransızların ifadəsi kimi daxil olub. Ona görə də Fransada Aralıq dənizi bu cür deyilir. Türkiyənin isə bu formada yanaşması onun beynəlxalq haqlarını tapdalayır. Aralıq dənizi “Şərqi”, “Şimali” və “Qərbi” deyil, birbaşa Türkiyənin özüdür. Söhbət Türkiyənin su sərhədlərindən gedir. Aralıq dənizində Türkiyənin su sərhədlərinin ərazi sahəsi göstərilir”.

Ə.Əlibəyli Yunanıstanla Türkiyə arasında Aralıq dənizi probleminin yaranmasına səbəb olan nüanslara da toxunub:

“İlk olaraq, Aralıq dənizinin Şərq hissəsində karbohidrogen ehtiyatlarının olduğunu qeyd edə bilərik. İkinci yanaşma odur ki, həmin bölgədə karbohidrogen ehtiyatlarına kimlər sahib olmalıdır? Üçüncü məsələ, bu günə qədər karbohidrogen ehtiyatları kəşf olunmadığı üçün həmin bölgənin strateji əhəmiyyətinin olmamasıydı. Dördüncü yanaşma isə budur:

Fransa Aralıq dənizinə yerləşməklə və bundan sonrakı siyasətini Avropa İttifaqı çərçivəsində Şərq, eləcə də Türkiyə üzrə nəzarətə görə dizayn etməlidir. Xüsusilə son 10 ildə Suriya və Liviyada uduzduğuna görə, həmçinin Livandakı partlayışı da əlavə etsək, qəribə hesab edilən mənzərəni əslində çox asanlıqla başa düşmək olar ki,  keçmişdə Aralıq dənizində Fransanın dominionları var idi. Ona görə də Fransa Aralıq dənizində özünü bərpa etməyə çalışır.

Digər məsələ odur ki, 13 fransız dilli Afrika ölkəsi var. Fransa həmin ölkələrdən qeyri-rəsmi şəkildə ildə 500 milyard dollara yaxın “köləllik vergisi” alır.  Əslində belə adda vergi yoxdur, sadəcə Fransa həmin dövlətləri istismar edir ki, sözügedən ərazi də bu panoramaya müəyyən formada aiddir”.

“Baş verənlər toqquşmalara gətirib çıxaracaqmı?” sualına gəlincə, ekspert söyləyib ki, Türkiyə ilə Yunanıstanın Aralıq dənizində aktiv hərbi əməliyyatlara başlaması gözlənilmir:

“Düşünürəm ki, Yunanıstanla müttəfiqləri və Türkiyə aralarındakı önəmli razılaşmanı ya Brüssel/Aİ, ya NATO xətti vasitəsilə ABŞ-ın himayəsi ilə edəcəklər. İlk növbədə hər kəs üçün bərabər şəkildə ərazi dərinlikləri müəyyənləşdiriləcək. Sonra isə enerji və qazıntıların axtarışları və yaxud militarizasiya edilmiş ərazilər müəyyənləşdirilib, beynəlxalq yükdaşıma və hərəkət zolağı üçün veriləcək. Amma heç bir halda iki ölkə arasında silahlı toqquşma baş verməyəcək”. 

Türkiyənin Aralıq dənizində haqları uğrunda savaşdığını deyən Ə.Əlibəylinin qənaətincə, Türkiyə razı qalacağı şəkildə təmin olunacaq. Amma tam şəkildə iddia etdiyi ərazilərdə möhkəmlənməsinə imkan verməyəcəklər:

“Çünki bunun müqabilində Yunanıstanın da həmin bölgədə Türkiyəyə mane olması üçün şərait yaradacaqlar. Nəticədə bölgəyə Fransanın müəyyən qədər daxil olması mümkün olacaq. Artıq Rusiya da bölgədə qərarlaşıb. Məlumdur ki, bu, Suriya vasitəsilə mümkün oldu.

Bölgədə həm də İngiltərə və ABŞ var. Bütün bunların hamısı Aralıq dənizində “qaynayan qazan” misalına gəlib çıxır.

Şübhəsiz ki, Hulisi Akar və Türkiyə Silahlı Qüvvələrinin Baş Komandanlığı bütövlükdə silah dili ilə danışır və hərbi ritorikanı gücləndirir, məsələyə ən üstün səviyyədə münasibət bildirir. Lakin beynəlxalq hərbi və siyasi vəziyyət toqquşma ehtimalını aşağı endirir”.
Tarix: 15-09-2020, 21:51
Xəbəri paylaş



Xəbər lenti