TRAMP “NOBEL”İN BİR ADDIMLIĞINDA:sabah Ağ Evdə "tarixi sülh sazişi" imzalanacaq


Marianna Belenkaya
“Kommersant”, 13.09.2020
 
İsrail, BƏƏ və Bəhreyn arasındakı münasibətlərin normallaşmasına dair razılaşmaların imzalanma mərasimi Çərşənbə axşamı, Vaşinqtonda yəhudi dövləti ilə ərəb ölkələri arasında əlaqə qurmaq üçün Nobel Sülh Mükafatına namizəd olan ABŞ prezidenti Donald Trampın iştirakı ilə baş tutacaq. İsrailin baş naziri Benyamin Netanyahu BƏƏ və Bəhreynlə imzalanacaq müqavilələri Yaxın Şərqdə “yeni bir dövrün başlanğıcı” adlandırıb, lakin skeptiklər İsrailin bu ölkələrlə heç vaxt mübarizə aparmadığını, buna görə də, imzalanan müqavilələrin dəyərinin deyilən qədər böyük olmadığını və bölgəyə sülh gətirmədiyini qeyd edirlər. Üstəlik, İran və bəzi digər regional oyunçular İsraillə diplomatik əlaqələr qurduğu üçün Əbu-Dabi və Manamadan intiqam alacaqlarına söz verirlər.
Sabah Donald Tramp İsraillə iki ərəb ölkəsi – BƏƏ və Bəhreyn arasındakı münasibətlərin normallaşmasına dair sənədlərin imzalanma mərasiminə ev sahibliyi edəcək. İsrail tərəfini baş nazir Benyamin Netanyahu şəxsən təmsil edəcək, yeni ortaqları isə yalnız xarici işlər nazirlərini Vaşinqtona göndərir ki, bu da hadisənin pafosunu bir qədər azaldır.
Kahol-Laban Partiyasını təmsil edən İsrail Xarici İşlər Nazirliyinin başçısı Qabi Aşkenazi, müxalifətçi olsa da, cənab Netanyahu ilə rəqabət etsə də, baş nazirin şəxsi zəfərinə müdaxilə etməmək üçün ABŞ-a getmir. Onsuz da Benyamin Netanyahunun ABŞ-a səfəri, siyasətindən narazı olanların etirazları və ölkədə yeni karantin tətbiqinə dair qızğın müzakirə ilə kölgədə qalıb.
Baş nazir hava limanına yollanmazdan əvvəl kabinədə karantin tədbirlərini bərpa etməyə səs verib. Ən azı üç həftəlik.
Karantin və daxili iqtisadi problemlərin gözlənilməsi İsrailin bir anda iki ərəb ölkəsi ilə diplomatik əlaqələr qurması sevinci bir qədər qaraldıb, xüsusən də, baş nazirin ailəsi ilə birlikdə xüsusi təyyarə ilə Vaşinqtona getməsi məlum olduqda.
Nəticədə, Benyamin Netanyahu planlarını dəyişdirib və bütün İsrail nümayəndə heyəti ilə birlikdə Vaşinqtona uçmağa qərar verib.
“Bu, yeni bir sülh dövrüdür. Sülh naminə sülh, iqtisadiyyat qarşılığında iqtisadiyyat. Bu gecə başqa bir ərəb ölkəsi – Bəhreynlə də tarixi razılığa gəldik. Uzun illər dünyaya sərmayə qoyduq, indi də dünya bizə investisiya yatırır”, – deyə Benyamin Netanyahu İsraillə Bəhreyn arasında diplomatik münasibətlərin qurulması xəbəri dərhal məlum olduqdan sonra bildirib.
Bu, İsraillə BƏƏ arasındakı müqavilənin Vaşinqtonda imzalanma mərasimindən cəmi 4 gün əvvəl baş verib. Sənədlərin hazırlanması bir ay çəkib, bəhreynlilər ABŞ prezidentinin sevincini iki qat artıraraq sürətləndirilmiş proqrama qoşulublar. “Bu gün daha bir tarixi irəliləyiş! İki böyük dostumuz İsrail və Bəhreyn Krallığı sülh müqaviləsi barədə razılığa gəldilər – 30 gün ərzində İsrail ilə barışan ikinci ərəb ölkəsi!” – deyə Donald Tramp keçən Cümə Benyamin Netanyahu və Bəhreyn kralı Həməd bin İsa Ali-Xəlifə ilə söhbətindən sonra “Twitter”-də yazıb.
Bəhreynin İsraillə diplomatik əlaqələr qurma qərarı sürpriz olmayıb. İsrailli diplomatlar BƏƏ-dən nümunə götürə biləcək ölkələr siyahısına Oman və Sudanla yanaşı, bu krallığın da adını daxil etmişdilər.
Bundan əlavə, sentyabrın əvvəlində Bəhreyn Səudiyyə Ərəbistanının yolunu izləyərək BƏƏ-yə uçan İsrail təyyarələrinin hava sahəsindən istifadə etməsinə icazə verib.
Bu əsnada Donald Tramp uzun müddət davam edən münaqişələri həll etmək səylərinə görə Nobel Sülh Mükafatına namizəd göstərilib. Ancaq həm İsrail, həm də ərəb ölkələrindəki skeptiklər Əbu-Dabi və Manamanın heç vaxt israillilərlə döyüşmədiklərini və paylaşacaqları bir şeyin olmadığını qeyd edirlər. “İsrail, Bəhreyn və BƏƏ arasında Çərşənbə axşamı Ağ Evdə imzalanacaq müqavilələr sülh deyil, sadəcə normallaşma ilə bağlıdır. İsrail və Körfəzdəki iki tərəfdaş, sadəcə illərdir davam etdirdikləri gizli strateji əlaqələri kölgədən çıxarırlar”, – deyən İsrailin müxalifət qəzeti “Haaretz” Donald Tramp və Benyamin Netanyahunun sazişlərin mənasını süni şəkildə artırdığını və onları yüksək səviyyəyə qaldırdığını yazıb. Öz statusunu yüksəltmək, rəy sorğularını yaxşılaşdırmaq, diqqəti koronavirus çatışmazlıqlarından və digər problemlərdən yayındırmaq üçün.
BƏƏ və Bəhreynlə razılaşmalar da Fələstin məsələsini həll etmək üçün heç bir şey etməz. O, Yaxın Şərqdə əsas problemlərdən biridir, baxmayaraq ki, Donald Tramp fələstinlilərin ABŞ-ın “əsrin müqaviləsi” kimi tanınan təkliflərinə əsasən İsraillə sülhə razılaşmağa məcbur olacağını düşünür. “İnanırıq ki, nəticədə əksər ərəb ölkələri prosesə qoşulacaq və fələstinlilər özlərini çox yaxşı vəziyyətdə tapacaqlar. Gəlmək istəyirlər. Bütün dostları gəldikləri üçün gəlmək istəyəcəklər. Razılaşmaya qoşulmaq üçün böyük bir coşğu var”.
Halbuki fələstinlilər onlara edilən bütün təklifləri rədd ediblər.
Ərəb mətbuatının xəbərlərinə görə, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və digər ölkələrin Fələstin rəhbərliyini İsraillə sülh müqabilində iqtisadi üstünlükləri qəbul etməyə razı salmaq cəhdləri nəticəsiz qalıb. Fələstinlilər ərəb monarxiyalarının İsraililə razılaşmalarını xəyanət hesab ediblər.
İsraillə ərəb ölkələri arasında artan əməkdaşlıq fələstinliləri o qədər qorxudub ki, son 15 ildə ilk dəfə bütün fələstinli siyasi qrupların toplantısı keçirilib. Ramallahla Beyrut arasındakı video-körpü sentyabr ayının əvvəlində baş tutub. Fələstinli qüvvələr arasındakı parçalanmaya son qoyacaq və xalqın müqavimətini təşkil edəcək komitələr yaradılmasına qərar verilib.
Sözün əsl mənasında, Vaşinqtonda qeyd olunanlar ərəfəsində Fələstinli qruplar xalq müqavimətinin vahid rəhbərliyinin formalaşdırılmasının başa çatdığını elan edib və 15 sentyabrı “Əbu-Dabi və Manamada İsrail bayrağının qaldırılmasına qarşı xalqın qəzəb günü” elan etməyə çağırıblar. İran və Livan “Hizbullah”ı da BƏƏ və Bəhreyndən qisas alacağına söz verib. Bundan əlavə, şiə müxalifətinin çox fəal olduğu Bəhreynin özündə də krallıq səlahiyyətlilərinin qərarı tənqid edilib.
Eyni zamanda, fələstinlilər əksər ərəb ölkələrindən həmrəylik ifadələrini ala bilməyiblər.
Keçən həftə Ərəb Birliyi vasitəsilə İsraillə münasibətlərin normallaşmasını pisləyən bir qərar qəbul etməyə çalışıblar, lakin bu təşəbbüs Fars körfəzi monarxiyaları, Misir, İordaniya, Mərakeş və Sudan tərəfindən rədd edilib. Fələstinlilər xaricində yalnız Yəmən və Somali BƏƏ-nin İsraillə əlaqələrin inkişafına dəstək olaraq təklif etdiyi qətnamənin alternativ versiyasına qarşı səs verib, bəzi ərəb ölkələri isə bitərəf qalıb.
Bu, həqiqətən də, Yaxın Şərqdə yeni bir dövrü xəbər verir. Bununla birlikdə bölgə “yeni dövr” haqqında 1990-cı illərin əvvəllərində, İsrailin fələstinlilərlə ilk sülh müqavilələrini bağladığı və qonşuları ilə əlaqə qurduğu zaman da danışıldığını xatırlayır. Bu əlaqələrin çoxu Fələstin-İsrail qarşıdurmasının növbəti mərhələsindən sonra kəsilib.
Tərcümə: Strateq.az
Tarix: 14-09-2020, 21:59
Xəbəri paylaş



Xəbər lenti