Belarusda Venesuela presedenti tətbiq olunmağa başlayıb.Litva hökuməti Svetlana Tixanovskayanı Belarus prezidenti kimi tanımaq barədə rəsmən qərar çıxarıb.
Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko güzəştə getməsə, digər Qərb ölkələrinin də Litvanın qərarını dəstəkləyəcəyi istisna olunmur. Qeyd edək ki, 2018-ci ildə Venesuelada müxalifət lideri Xuan Quaydo prezident seçkilərinin saxtalaşdırılmasına etiraz olaraq xalq etirazlarına rəhbərlik etmişdi. O, özünü ölkənin müvəqqəti prezidenti elan edərək diktator Nikolas Maduronun istefasını tələb etmişdi. ABŞ başda olmaq Avropa Birliyi və bir çox dünya ölkələri prezident kimi X.Quaydonu tanıyıb. Buna baxmayaraq, Maduro hələ dövlət başçısı vəzifəsində qalır. Analoji proses hazırda Belarusda təkrar olunur. Seçkilərin nəticələrinə etiraz edən yüz minlərlə vətəndaş Svetlana Tixanovskayanı müdafiə edir. Lakin Belarusu tərk etmiş xanım Tixanovskaya geniş sosial bazaya çalik olsa da ölkəni idarə etmək imkanlarından məhrumdur. İnzibati resurslara malik olan A.Lukaşenko isə ümummilli tətil və kütləvi aksiyalar keçirən cəmiyyətə nəzarət edə bilmir. Faktiki olaraq, Belarusda ikihakimiyyətlilik yaranıb.
Lukaşenko öz qələbəsini təmin etmək üçün Rusiyanın, Tixanovskaya isə Avropa Birlyinin və ABŞ-ın dəstəyinə ümid edir. Ona görə də Belarusda seçki uğrunda gedən mübarizə Lukaşenkonu legitim prezident hesab edən Rusiya ilə Tixanovskayanı prezident kimi tanıyan Qərb ölkələri arasında geosiyasi qarşıdurma müstəvisinə keçir.
Politoloq Əhəd Məmmədli hesab edir ki, Tixanovskayanın prezident kimi tanınması müxalifətin qələbəsi demək deyil.
Əksinə belə addımlar Rusiyanın maraqlarına cavab verir:
“Venesuelada Xuan Quaydo özünü prezident elan etmişdi. ABŞ başda olmaqla dünyanın yarısı prezident kimi onu qəbul etmişdi. Amma indi o yoxdur və Venesueladan qaçdığı deyilir. Yəni Litvanın Tixanovskayanı prezident kimi tanıması Rusiyanın maraqlarına cavab verir. Bununla Belarusu Rusiyanın ovcuna atırlar. Rusiya bu prosesdə qazandı. Litva, Polşa və ya digər Qərb ölkəsinin Tixanovskayanı prezident hesab etməsi heç nəyi dəyişməyəcək. İndiyə qədər Qərb onsuz da Belarusda seçkilərin nəticələrini tanımırdı. Məgər Lukaşenko prezident deyildi? Sadəcə tendensiya təhlükəlidir. Bundan nəticə çıxarılmalıdır. Alternativ prezident, parlament tanımaq Qərbin təhlükəli planlarıdır. Çox güman ki, bu, “məxməri inqilab”ların inkişaf etmiş yeni formasıdır. Amma düşünmürəm ki, bu qərar Lukaşenkoya reallıqda ciddi təsir edəcək. Ona görə ki, xalq meydanlara çıxsa da o, hakimiyyətini qoruyub saxlaya bilir. Hələlik bu prosesdə udan tərəf nə Belarus xalqı, nə Lukaşenko deyil, Rusiyadır. Lukaşenko Rusiyadan təhlükəsiliyini təmin etmək üçün xahiş etdi. Bu da Rusiya üçün sərfəlidir”.Əhəd Məmmədli bildirdi ki
, Belarusda ikihakimiyyətlilik ölkənin parçalanması təhlükəsini yaratmır. Bu problem Rusiyanın Belarusun şərq vilayətlərinə iddia etdiyi təqdirdə mümkün ola bilərdi. Ekspert qeyd etdi ki, Lukaşenko prezident sarayında qaldıqca, silahlı qüvvələrə və güc strukturlarına nəzarətini davam etdirdiyi müddətdə hakimiyyəti əlində saxlayacaq.
Tarix: 12-09-2020, 08:27