Ermənistan hərblə sülh arasında: işsizlər ordusu işğalçı orduya qarşı






Silahlı qüvvələrinə çağırışçı problemi yaşayan düşmən ölkədə işsizlərin sırası sürətlə sıxlaşır; əli silah tutan “könüllülər” isə sərhədlərin açılmasını gözləyir ki, ölkədən həmişəlik getsinlər...  

Avqustun 30-da Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana qarşı növbəti avantürist addıma imza atdı. Paşinyan yenidən işğal altındakı Dağlıq Qarabağda peyda oldu. Təmas xəttindəki zastavalara baş çəkən erməni baş nazir buradakı separatçı-kriminal ünsürlərə öz qiymətli “tövsiyələri”ni verdi. Görünür, onu öz ölkəsindəki əhalinin ağır sosial-iqtisadi durumundan daha çox, Qarabağdakı oyuncaq qurumun taleyi maraqlandırır. Sanki Nikol Paşinyan Ermənistanın yox, separatçı rejimin rəhbəridir.

Amma dünənədək o, dil boğaza qoymadan hamını dəng edirdi ki, bəs Dağlıq Qarabağdakı saxta qurum müstəqil subyektdir, onun öz “seçilmiş rəhbəri”, “ordusu” var və onun yerinə hansısa qərar verə, danışa bilməz, sülh danışıqlarında da Xankəndi məhz müstəqil tərəf kimi iştirak etməlidir. Amma “həftə səkkiz-mən doqquz” öz nazirləri ilə işğal altındakı bölgədədir, ayağı oradan çəkilmir və özünü həm də üzdəniraq “artsax”ın başçısı kimi aparır.

İşğalçı ölkədə isə vəziyyət daha dramatik hal almaqdadır. Gələn xəbərlərə görə, hazırkı hökumətin vəziyyəti yaxşıya dəyişəcəyinə inananlar sürətlə azalır. Çünki belə qənaət var ki, “məxməri inqilab”dan keçən 2 il yarımda Paşinyan hökuməti situasiyanı kardinal şəkildə pozitivə dəyişdirə bilməyibsə, bundan sonra buna nail olacağı istisnadır.     

*****

“Ermənistanın iqtisadiyyatı böhran içindədır, bir sıra sahələr, sadəcə, xarabalığa çevrilib və fəaliyyətlərini ümumiyyətlə dayandırıb, işçiləri evlərinə göndəriblər. Pandemiya zamanı çoxları öz işçilərini ixtisar etmək məcburiyyətində qaldı. Ermənistanda işsizlik rekord həddə çatıb”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə erməni iqtisadçı-ekspert Akop Köçəryan öz facebook səhifəsində ölkədəki sosial-iqtisadi durumu şərh edərkən yazıb.

Onun sözlərinə görə, on minlərlə Ermənistan vətəndaşı işləmək üçün xaricə gedə bilmədiyindən işsizlər ordusunun sıralarına qatılıb. “Hökumət bu insanları dövlət tərəfindən həyata keçirilən tikinti işlərinə cəlb edəcəyinə söz vermişdi. Lakin bu, elə vəd olaraq qaldı. İlin sonunda biz kapital qoyuluşunda böyük geriləmənin şahidi olacağıq - özünün bütün ağır iqtisadi və sosial nəticələri ilə. ”Sosial nəticələr" ifadəsi ilk növbədə işsizliyə aiddir", - deyə erməni iqtisadçı təlaşlı şəkildə vurğulayıb.

*****

Ən maraqlısı da elə ordusu çağırışçı problemi yaşayan düşmən ölkədə isşizlərin sürətlə artmasıdır. Təsadüfi deyil ki, hazırda Ermənistanda “Müdafiə haqqında” Qanuna “Könüllü birləşmələr”in yaradılması ilə bağlı əlavələr nəzərdə tutulub və müzakirəsi gedir. Ancaq bir azdan “könüllü” tapmaq da müşkülə çevriləcək. Ona görə ki, əli silah tutan ermənilər sərhədlərin açılmasını gözləyir ki, heç bir yaşam perspektivi olmayan ölkədən birdəfəlik çıxıb getsinlər.

Prosesdən, eləcə də aşağı düşən reytinqindən təbii ki, baş nazir Nikol Paşinyan yaxşı xəbərdardır. İnqilab öncəsi verdiyi vədlərin hamısının iflas olduğunu yaxşı dərk edən Paşinyan indi, sadəcə, öz başının hayındadır. Onu indi ən çox hakimiyyətini qoruyub saxlamaq düşündürür. Bundan ötrü isə o, bir yandan əsas siyasi rəqiblərini bütün vasitələrlə zəiflətməli, digər yandan da ictimai diqqəti daxili problemlərdən yayındırmağı bacarmalıdır. Məsələn, Azərbaycanla hərbi toqquşmaya rəvac verməklə.

İstisna deyil ki, Paşinyanın işğal altındakı Azərbaycan ərazilərinə tez-tez baş çəkməsi ən əvvəl bu imperativlə - narazı kütlənin başını “müharibə” mövzusu ilə qatmaq istəyi ilə bağlıdır. Hər necə olmasa, Nikol öz sələfləri kimi, erməni əhalinin Qarabağ, müharibə məsələlərinə nə qədər həssas olduğunu yaxşı bilir. Yəni “zəif yerdən basmaq” məsələsi...

*****

Ancaq hara kimi gedəcək Paşinyanın imitasiya siyasəti? Enində-sonunda ondan verdiyi hay-küylü vədlərə görə hesab sorulacaq. O isə bu tarixi hər vəchlə uzatmağa, siyasi gündəmi başqa, daha həssas mövzularla doldurmağa çalışır.     

“Ekspertlər Ermənistan rəhbərliyinin Qarabağ mövzusunda son aqressiv davranışını ölkənin daxili problemləri ilə əlaqələndirirlər. Xüsusilə də bunu koronavirus pandemiyasının fəsadları və baş nazirin reytinqinin aşağı düşməsi ilə bağlayırlar. Döyüşkən ritorikanın əsas məqsədi kimi isə ölkə sakinlərinin diqqətini daxili siyasi və iqtisadi vəziyyətdən yayındırmaq olduğunu göstərirlər”.

Bu barədə Lenta.ru-da getmiş analitik məqalədə deyilir (Axar.az).

Məqalədə bildirilir ki, hazırda Ermənistanda vəziyyət çox acınacaqlıdır. “Məsələn, bu günlərdə Ermənistanın eks-prezidenti Robert Köçəryan Ermənistanın hakimiyyət orqanlarını koronavirusun fəsadlarının aradan qaldırılması üzrə planın olmamasında günahlandırıb. ”Artıq bu gün iqtisadiyyatın bərpası üçün hansı addımları atacağımız haqqında proqram olmalıdır. İlk növbədə, söhbət mövcud olanların xilasından getməlidir", - deyə Köçəryan bildirib.

Bununla yanaşı, respublikanın özündə heç də hamı, o cümlədən parlamentarilər rəsmi məlumatlara inanmır, onları saxtalaşdırılmış hesab edirlər. “Mən dərc edilmiş rəsmi göstəricilərə inanmıram. Çünki ölkə dərin iqtisadi böhran vəziyyətindədir və biz görürük ki, böhranın fəsadları bu rəqəmlərdə öz əksini tapmayıb”, - deyə parlamentin “Maarifləndirilən Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan özünün facebook səhifəsində yazıb.

Məqalədə Azərbaycanla toqquşmaya şərait yaradan ikinci səbəb qismində Nikol Paşinyanın siyasi problemləri göstərilir: “Məsələn, Milli Təhlükəsizlik Xidmətinin sabiq başçısı Artur Vanetsyanın timsalında Paşinyanın güclü siyasi rəqibləri əmələ gəlməyə başlayıb. ”Vətən" Partiyasının rəhbəri hələ bu ilin yanvarında öz sıralarından yeni baş nazirin seçilməsi təklifi ilə çıxış edib. Artıq sentyabrda isə Ermənistanı “siyasi mənada isti payız gözlədiyini”, Nikol “Paşinyanın hakimiyyətdə olduğu və hökumətə rəhbərlik etdiyi hər yeni günün Ermənistan üçün öldürücü olduğunu” söyləyib".

“Sorosçu” Paşinyan və komandasının vəziyyətini qəlizləşdirən həm də onun Rusiya ilə münasibətlərinin sərin olmasıdır. Lenta.ru bu xüsusda qeyd edir ki, əgər İrəvanın siyasəti indiki kimi davam edərsə, iki ölkə arasındakı məsafə yalnız genişlənəcək, bu isə o deməkdir ki, Ermənistan xarici problemlərini təkbaşına həll etməli olacaq.

*****

“Ermənistanın hazırkı hakimiyyət orqanları həm Ermənistan daxilindəki, həm də xaricdəki məsələlərdə qeyri-adekvatdır”.

Bunu isə Ermənistanın sabiq baş naziri Xosrov Arutunyan yerli mediaya açıqlamasında bildirib. “Nəticə etibarilə bu hökumət tarix və erməni xalqı qarşısında öz məsuliyyətini dərk edərək artıq elə bu günlərdə istefaya getməlidir. Bunun baş verəcəyinə dərindən əminəm. Ermənistanın hazırkı hökuməti heç bir problemi həll etmək iqtidarında deyil”, - deyə o əlavə edib.

Ancaq müşahidələr göstərir ki, Paşinyan problemləri həll edə bilməsə də, bu problemlərdən diqqəti yayındırmaq  üçün yeni problemlər yarada bilər. Bu ilin iyulunda Tovuzla sərhəddə yaşanan hərbi təxribat kimi. Odur ki, Azərbaycan maksimum diqqətli olmalı, fürsət düşəndə isə uğurlu lokal əməliyyatla heç olmazsa, ərazimizin bir qismini azad etməlidir...
Tarix: 8-09-2020, 08:53
Xəbəri paylaş



Xəbər lenti