Yunan qazı “əfsanəsi” - baş tutmayan sövdələşmənin bütün detalları...

Borc içindəki ölkə, 40 milyon avans, Bakı yolunda təyyarəsi xarab olan baş nazir...

Prezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən söylədikləri gündəmin aktual mövzusu olaraq qalmaqdadır.
Dövlət başçısının Yunanıstanla gerçəkləşməyən sövdələşmə haqda dediklərini qısa olaraq yenidən yada salaq.
Prezident İ.Əliyev: “SOCAR-ın tender prosedurunda iştirak etməsini Yunanıstanın sabiq Baş naziri cənab Samaras şəxsən məndən xahiş etdi. Açıq tender proseduru nəticəsində SOCAR ən yaxşı təklifi etdi və “DESFA”ya sahib olmaq hüququnu qazandı. Bu, bizim Cənub Qaz Dəhlizinin tikintisi ilə bağlı planlarımız baxımından da mühüm əhəmiyyət kəsb edirdi. Bu, təxminən 6 il bundan əvvəl olub. Həmin vaxt əlbəttə ki, biz Azərbaycanla Avropa arasında bağlantı inşa etməyi, sadəcə olaraq, planlaşdırırdıq və düşündük ki, əgər Azərbaycan Yunanıstanı qazla təchiz edəcəksə, bu qazı paylaşdıran şirkətə sahib olmaq da yaxşı olar. İstənilən halda biz qiymətin 10 faizini təşkil edən 40 milyon avro məbləğində avans ödənişi etdik və 4 il ərzində - 2014-cü ildən 2018-ci ilədək həmin vəsait Yunanıstan hökumətinin ixtiyarında olub. Lakin əfsuslar olsun ki, Yunanıstanın əvvəlki hökuməti SOCAR-ın bu hüququ itirməsi üçün hər şeyi etdi. Mən təkrar etmək istərdim ki, bu legitim hüququ biz ilkin olaraq Yunanıstanın Baş nazirinin təklifi əsasında, açıq və rəqabətli tender proseduru zamanı əldə etdik. Lakin siyasi səbəblərdən, Yunanıstanın əvvəlki hökumətinin Azərbaycana olan mənfi münasibəti səbəbindən bu legitim hüquqdan məhrum olduq. Mən bu məsələni bir neçə dəfə Brüsseldə Avropa İttifaqının iki sabiq lideri ilə - cənab Barrozu və cənab Tuskla qaldırdım. Mən bu məsələni qaldırdım, çünki bu, 4 il davam etdi. Mən dedim ki, baxın, biz etimaddan danışırıq, biz Avropa İttifaqı ilə Azərbaycan arasında Avropa İttifaqının fəal şəkildə təbliğ etdiyi yeni saziş barədə danışırıq. Biz etimadı necə gücləndirə bilərik, əgər bizim şirkətimiz tenderdə qalib gələrək Avropa İttifaqına üzv ölkənin, Yunanıstanın şirkətini satın alır, sonra Yunanıstan hökuməti addımlar atır. Bu addım sizin parlamentdə yeni qanunun qəbulu sayəsində atıldı. Bu da həmin məsələni mümkünsüz etdi və sonra Avropa Komissiyası da 4 il ərzində bu sövdələşməni təsdiq etmədi. Mən dedim, bizə “yox” deyin, bizə “sizi istəmirik” deyin. Lakin bizi 4 il müddətində bu vəziyyətdə saxlamaq tərəfdaşlıq əlaməti deyil”.
Prezidentin barəsində söhbət açdığı sövdələşmə haqda Musavat.com oxucularına daha ətraflı məlumat veririk.

Defolt ölkə


2013-cü ildə Yunanıstan hökuməti ölkənin nəhəng məbləğdə xarici borclarını azaltmaq və defolt təhlükəsindən xilas olmaq üçün dövlət əmlakının özəlləşdirilməsi proqramı çərçivəsində DEPA şirkətini satışa çıxarmışdı. Bu şirkətin satışına dair tenderdə əvvəlcə Rusiyanın “Qazprom” şirkəti əsas iddiaçı idi, SOCAR-da DEPA-nın səhmlərini almağa iddia edirdi. Lakin daha sonra SOCAR Rusiyanı qıcıqlandırmamaq üçün bu niyyətindən imtina etdi. Yunanıstanın qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətini almağa qərar verdi.
Yunanıstanın Özəlləşdirmə Fondu və “Hellenic Petroleum S.A.” şirkəti ölkənin Dövlət Təbii Qaz Sistemi Operatoru olan DESFA-nın 66%-nin özəlləşdirilməsinə qərar verdi. 2013-cü il iyunun 21-də Özəlləşdirmə Fondu SOCAR-ı DESFA-nın özəlləşdirilməsi üzrə keçirilən tenderin qalibi elan etdi. SOCAR Yunanıstan hökuməti ilə DESFA şirkətinin səhmlərinin 66 faizini 400 milyon avroya almaq barədə (40 milyon avansla) ilkin razılaşma imzaladı. Yunanıstanın o vaxtkı hökumətinə DESFA-nın məhz SOCAR-a verilməsi üçün ciddi təzyiq edən Avropa Birliyi isə bu dəfə müqavilənin ratifikasiya edilməməsi üçün çalışdı. Belə ki, Avropa Komissiyasının Antiinhisar Komitəsi iddia etdi ki, DESFA-nın səhmlərinin üçdə ikisini almasına dair 2013-cü ildə bağlanmış müqavilə “bazarda rəqabət prinsiplərinin pozulmasına dair narahatlıqlar yaranıb”.

Avropa Birliyi əvvəl dəstəklədi, sonra geri çəkildi


Bəzi müşahidəçilər o zaman bu ləngiməni Avropa Birliyinin Azərbaycana qarşı sanksiya təhdidi kimi qiymətləndirdi. İddia edilir ki, bu “ləngimə” 2014-cü ilin mayında Avropa Birliyinin Riqada keçiriləcək “Şərq tərəfdaşlıq” proqramının assosiativ sazişini imzalamaq niyyətində olmayan rəsmi Bakıya “yumşaq sanksiyasıdır”. Yada salaq ki, Yunanıstan Avropa İttifaqının üzvü olduğuna görə bu sövdələşmə ancaq Avropa Komissiyası tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minə bilərdi. Rəsmi müqavilənin imzalanması “Şahdəniz - 2" layihəsinin işə salınması ilə bağlı Bakıda təşkil edilmiş mərasimdə nəzərdə tutulurdu.
Bu məqsədlə Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycana səfər etməli idi. Lakin Bakıya səfər üçün Afinadan yola çıxan Baş nazirin təyyarəsində ”havada texniki nasazlıq yarandı" və A.Samarasın təyyarəsi Afina yaxınlığındakı hərbi aerodroma yerə endi. Yunanıstan tərəfi elan etdi ki, baş nazirin Bakıya səfəri üçün başqa təyyarə tapılmadığı üçün səfər ləğv edildi. “Xoruzun quyruğu” beləcə daha aydın görünməyə başladı...
SOCAR prezidenti Rövnəq Abdullayev Avropa Komissiyasının iradları və tərəddüdlərini şərh edərkən bildirdi ki, DESFA-nın səhmlərinin alınması daha çox Avropanın maraqlarına uyğun idi və əgər bu sövdələşmə təsdiqlənməsə, Azərbaycan heç nə itirməyəcək.

Daha sonra Yunanıstanda solçuların koalisiyası hakimiyyətə gəldi və razılaşmaya yenidən baxılmasını gündəmə gətirdilər. Nəhayət, Avropa Komissiyası bildirdi ki, SOCAR gələcəkdə Yunanıstanın qaz təchizatında paya malik olacağına görə eyni zamanda paylayıcı şəbəkədə nəzarət səhm paketinə malik ola bilməz.
SOCAR prezidenti Rövnəq Abdullayev Yunanıstana səfər edərək bu ölkənin o zamankı Baş naziri Antoni Samarasla danışıqlar apardı. Ardınca Yunanıstan hökuməti Avropa Komissiyasına müraciət edərək müqaviləyə baxılmasını sürətləndirməyə çağırdı. Ancaq gözlənilən qərar verilmədi. Bu dəfə SOCAR səhmlərin 66 faizini İtaliyanın “Snam” şirkəti ilə birlikdə almaq variantına da razılaşdı. Bu dəfə isə ödənişlə bağlı anlaşma əldə edilmədi. SOCAR və “Snam” 400 milyon dolları bir neçə tranşda ödəməyi təklif ediblər. Lakin yunan tərəfi buna razı olmadı. 2015-ci ildən hakimiyyətdə olan Alexis Tsipras hökuməti "daha çox mənfəət" əldə etmək üçün əvvəlki şərtləri dəyişdirdi ki, bu da ölkələr arasında narazılığı artırdı.
2016-cı ilin dekabr ayının 1-də Yunanıstan ölkənin qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətini Azərbaycanın dövlət neft şirkəti SOCAR-a satmaqdan rəsmən imtina etdi. Yunanıstanın Energetika Nazirliyi bəyan etdi ki, DESFA-nın səhm paketinin satışına dair yeni tender elan olunacaq.
2018-ci ilin iyulunda Yunanıstanın qaz-nəqliyyat sisteminin operatoru DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı müqavilə imzalandı.
DESFA-nın 66%-lik səhm paketi 535 mln. avroya Snam, Enegas İnternacional and Fluxys" şirkətlərinin daxil olduğu "SENFLUGA Energy İnfrastructure Holdings S.A"ya satılıb. Səhm paketinin 31%-i HRADF-a, 35%-i isə "Hellenic Petrolium"a məxsusdur.
SOCAR-la imzalanmış müqavilənin baş tutmasının əsas səbəbləri xüsusilə 2013-2018-ci illərdə qızışmış “qaz müharibələri” də ciddi təsir etmişdi ki, bu, başqa yazının mövzusudur…/Musavat.com/


Tarix: 4-09-2020, 21:14
Xəbəri paylaş



Xəbər lenti