ABŞ-da noyabrın 3-də keçiriləcək prezident seçkilərinə əsas namizədlər artıq müəyyənləşib.Demokratlar Partiyası Co Baydeni, Respublikaçılar Partiyası isə Donald Trampı prezidentliyə namizəd irəli sürüb. Yaxın vaxtlarda hər iki namizəd arasında ciddi rəqabət başlayacaq. Hazırkı rəy sorğuları Co Baydenin reytinq göstəriciləri baxımından Donald Trampı üstələdiyini göstərir. Ona görə də aprel ayından bəri keçirilən bütün sosioloji sorğuların nəticələrinə görə, Co Baydenin seçilmək şansı yüksək olaraq qalır.
Barak Obamanın prezidentliyi dövründə səkkiz il vitse-prezident vəzifəsində çalışmış Cozef Baydenin seçkilərdə qalib gələcəyi təqdirdə, ABŞ-ın siyasətinə gətirə biləcəyi yeniliklərin nədən ibarət olacağı müzakirə predmetinə çevrilib. Baydenin eks-prezident Obamanın siyasətini davam etdirəcəyi, yoxsa fərqli siyasət yürüdəcəyi bu baxımdan, əsas suallardan birini təşkil edir. Təbii ki, demokratların ümumi siyasi kursu var və bir sıra məqamlarda Baydenin mövqeyinin Obama ilə üst-üstə düşməsi qaçılmazdır. Ancaq sabiq vitse-prezident yeni platforma ilə çıxış etməsə Trampa qalib gəlmək imkanını itirə bilər.
Politoloq Tofiq Abbasov
Cebhe.info-ya açıqlamasında bildirdi ki, Co Baydenin B. Obamanın siyasi xəttini olduğu kimi təkrarlaması mümkün deyil:
“ABŞ cəmiyyəti çox həssasdır və proseslərə olduqca tez reaksiya verir. Co Bayden Barak Obamanın siyasətini olduğu kimi təkrarlaya bilməz. Çünki Obamanın prezidentliyindən ən azı dörd il vaxt ötüb. Digər tərəfdən, dünyada gedən proseslər də dəyişib. ABŞ-ın daxilində cərəyan edən hadisələr də göstərdi ki, Amerika artıq əvvəlki kimi deyil. Orada afroamerikalılarla bağlı qalmaqallı vəziyyət yaşanır və bundan istifadə etmək istəyən bir sıra siyasi qüvvələr də artıq divident əldə etmək üçün meydandadır. Ona görə də Co Bayden Rusiya ilə, Türkiyə ilə bağlı sərt açıqlamalar verir, ABŞ-ın dünyada hegemon rolu ilə bağlı dəbdəbəli çıxışlar edir. Bütün bunlar təbii ki, seçicilərin dəstəyini qazanmaq naminə səsləndirilən fikirlərdir. Ancaq əsas məsələ bundadır ki, demokratlar bütün dağıdıcı potensialını prezident Trampın platformasına qarşı yönəldib. Co Bayden Rusiya, Türkiyə, İranla bağlı olduqca sərt bəyanatlar verir. Ancaq bu o demək deyil ki, prezident seçiləcəyi təqdirdə, həqiqətən də səsləndirdiyi fikirlərin hamısını həyata keçirəcək. Verdiyi bəyanatlar seçki kampaniyasının tərkib hissəsidir. Digər tərəfdən, mövqelərini möhkəmlətməyə çalışır. Co Bayden demokratların şinelindən çıxmış siyasətçidir və ola bilsin ki, Bill Klinton və Barak Obama ilə müqayisədə bir qədər perspektivsiz görünür. Ona görə də dağıdıcı effekt özünə qarşı işləməmək üçün hücum mövqeyində olduğunu nümayiş etdirir. Trampa gəldikdə isə o, güclü imtiyazlara malikdir. ABŞ daxilində ondan razı olanlar çoxdur. Tramp ABŞ-ın dünyada mövqelərini canlandırıb. İşsizlik probleminin həlli üçün xaricdəki şirkətləri ölkəyə qaytarıb. Əhalinin gəlirləri artıb. Vergi ödəyicilərinin imkanları genişlənir. Bu baxımdan, hər iki namizəd çalışacaq qələbə əldə etmək üçün bir-birinə təsirli zərbə endirsin. Amma Amerikada seçkilərin nəticəsi Seçicilər Kollegiyasının qərarından çox asılıdır. Məsələn, 2000-ci ildə Albert Qor oğul Corc Buşdan 4-5 milyon artıq səs toplamışdı. Buna baxmayaraq, Seçicilər Kollegiyası Buşu prezident seçdi. Bu dəfə də kollegiya üzvlərinin rəyi həlledici ola bilər”.Qeyd edək ki, Co Baydenin vitse-prezident olduğu Obama administrasiyasının xarici siyasətində demokratiyanı müdafiə adı altında dünya ölkələrinə rəngli inqilabların ixrac edilməsi mühüm yer tutub. Ukraynada “Maydan” hərəkatı, “Ərəb baharı” inqilabları Obama hakimiyyətinin siyasi layihələri hesab olunub. Bu baxımdan, Co Baydenin prezident seçilməsi dinc inqilabların dəstəklənməsi məsələsini yenidən gündəmə gətirir. Demokratlardan fərqli olaraq, Donald Tramp belə inqilabi layihələrə maraq göstərməyib və ABŞ-ın üçüncü ölkələrin daxili işlərinə qarışmasına etiraz etmişdi. Barak Obama isə Demokratlar Partiyasının ötən həftə keçirilən qurultayında prezident Trampı demokratiyaya təhlükə adlandırıb. Barak Obama Tramp haqqında danışaraq onu Amerika demokratiyasının aşınmasında günahlandırıb.
Eks-prezident xalqa müraciət edərək seçiciləri Trampa yox, Co Baydenə səs verməyə çağırıb.
"Demokratiyanı əlinizdən almalarına icazə verməyin"-Obama belə deyib.
Tofiq Abbasov hesab edir ki, Tramp administrasiyası bu məsələlərdə bilərəkdən geriləməklə demokratlarlıa rəqabətdə səhvə yol verib. Amma Baydenin komandası bu məsələdə hücum nümayiş etdirməklə önə çıxmağa nail olur:
“Barak Obamanın prezidentliyi dövründə Baydenin Ukraynada hansı fırıldaqlarla məşğul olduğu göz önündədir. Hətta onun oğlu Hanter Bayden də dövlət başçısına təlimatlar verirdi. Yəni onlar demokratiya məsələsini siyasi biznes alətinə çeviriblər. Halbuki, Ukraynada demokratiya bərqərar olmadı, hərc-mərclik yarandı, siyasi ixtilaflar dərinləşdi. Həm Poroşenkonun, həm də Zelenskinin dövründə daxili işlər naziri Arsen Avakov meydan sulayır. O, bütün mafioz strukturlarla əlbir olub varlanır və ölkədə demokratiyanın bərqərar olmasına imkan vermir. Bunlar Viktoriya Nulandın başçılığı ilə ABŞ demokratiyasının Ukraynaya gətirdiyi azadlıq küləyinin bəhrəsi deyilmi? Ona görə də Tramp nə qədər əsəbi və mühafizəkar olsa da biznes adamı kimi anlayır ki, insanların mənfəətinə toxunmaq olmaz. Şəffaf yolla qazanan insanlara dəstək vermək lazımdır. Demokratlar isə siyasi spekulyasiya ilə məşğul olur. Demokratik prosesin özü və quruculuğu milli zəmində baş verməlidir. Azadlıq, demokratiya ixrac olunanda özünü doğrultmur”.
Tarix: 27-08-2020, 22:02