Əli silahlı Lukaşenkonun taleyi necə olacaq - təhlil



Belarusda prezident seçkilərindən yarım ay keçməsinə baxmayaraq, xalqın etirazları davam edir. Prezident Aleksandr Lukaşenko hakimiyyəti təhvil vermək niyyətində görünmür. Son aksiyada nümayişçilər Prezident Sarayına doğru irəliləməyə cəhd ediblər. Onlar paytaxt Minskdəki İstiqlal prospekti ilə gedərək hökumət binasının yerləşdiyi Müstəqillik Meydanına toplaşıblar.
Bu zaman Lukaşenko prezident helikopteri ilə yaxınlığında etiraz aksiyası keçirilən Prezident Sarayına gəlib. Helikopterdən üzərində zirehli jilet və əlində avtomat silahla enən Lukaşenko saraya gedib. Bu barədə görüntüləri Belarus prezidentinin mətbuat xidmətinə yaxınlığı ilə tanınan “Pul Pervovo” telegram kanalı yayıb.
Onun bu görüntüləri geniş müzakirələrə səbəb olub. Əslində bununla Belarus rəhbərinin etirazçılara mesaj göndərdiyi ehtimal edilir. Burada o etdiyi bu hərəkətlə daha çox İraqın keçmiş rəhbəri Səddam Hüseyn və Liviya diktatoru Müəmmər Qəddafi ilə müqayisə olunur. Hər iki şəxsin zamanında xalqlarına qarşı bu davranışı etdikləri, sonunda birinin edam olunduğu, digərinin isə qətlə yetirildiyi qeyd olunur. “Lukaşenkonu da bu tale gözləyirmi” sualı ətrafında müzakirələr getməkdədir.
Jurnalist Əziz Əlibəyli mətbuat katibi təyin olundu | KONKRET
Əziz Əlibəyli: “Vaxt gələcək, dünyada olmayan Lukaşenkonun qəbrini öpəcəklər”
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Lukaşenkonun sona qədər dirəşəcəyini düşünür: “Bin Əli, Qəddafi, Səddam, Mübarək, başqa formada Əsəd, indi də Lukaşenko - demək olar ki, hamısının aqibəti eynidir və ya olacaq. Amma bu şəxsləri ümumi şəkildə dəyərləndirməni düzgün hesab etmirəm. Qəddafi nümunəsində rifahı yüksək xalq və səhrada cənnət yaradılmışdı. Sadəcə, Fransanın müstəmləkə vergisinə qarşı çıxdığı üçün edam edildi və ölkəsi yenidən Fransaya ildə 500 milyard dollar vergi göndərən 12 dövlətin siyahısına qayıtdı. Lukaşenko da Belarusu SSRİ-dən sonra dağıtmadan saxladı, qorudu və xalqının da siyasi meydandan başqa bütün inkişafını təmin etdi. Amma son olaylar düşünməyə əsas verir ki, Qəddafininki kimi bitəcək. Tanıdığımız siyasi persona olan Lukaşenko hakimiyyətdən getməyəcək, ya devrilib savaşacaq, ya da intihar edəcək. Belarus xalqında qalxınma, ruslardan ayrıcılıq, özünü tanıma prosesi gedir. Bu mərhələ Lukaşenkonu bitirəcək, sonra bütün kolxoz, sovxoz sistemi dağılacaq və ya infrastruktur fırıldaq milyonçuların, Qərbə bağlı şəbəkələrin əlinə keçəcək. Dövləti ağır kredit proqramları ilə yükləyəcəklər. O zaman hər hansı bir formada dünyada olmayan Lukaşenkonun qəbrini öpəcəklər”.
yegane.jpg (67 KB)
Yeganə Hacıyeva: “Seçki sonrası addımları da yanlış idi”
Siyasi şərhçi Yeganə Hacıyeva Lukaşenkonun addımlarının müxalifətin lehinə işlədiyini qeyd etdi: “Belarusda prezident seçkilərindən sonra ölkə tarixindəki ən kütləvi etiraz aksiyaları keçirilir və cəmiyyət seçkinin nəticələrinə etiraz edir. Fikrimcə, Belarus prezidenti Lukaşenko seçkilərdən sonra keçən 16 gün ərzində etirazların sakitləşməsinə yönəlik heç bir addım atmadı. Əksinə, gərgin olan vəziyyəti daha da gərginləşdirdi, etirazların ilk günlər səngiməsindən istifadə edən Lukaşenko müxaliflərin üzərinə əks-hücuma keçdi. Müxaliflərə yönəlik ritorikasında işlətdiyi fikirlər, açdığı mövzular isə onların etirazlarının daha da böyüməsinə səbəb oldu. Çünki bir yerdə müxaliflər haqqında tənqidlər və təhqirləri cəmiyyət özünə ünvanlanan fikirlər olaraq qəbul etdi. Paralel olaraq Lukaşenkonun seçki sonrası addımları da yanlış idi. Bəzi mövzular haqqında müzakirələr açırdı, məhz o mövzular müxalifətin etirazlarını daha da körükləndirdi. Bu günlər ərzində o heç kimi işdən azad etmədi, seçki saxtakarlığı açıq sübut olunan məntəqələr və onların üzvlərinə qarşı hər hansı bir cəzalar tətbiq olunmasına getmədi və s. Əksinə, etirazların genişlənməsinə səbəb olan və ən əsas, Lukaşenkonun özünə qarşı yönələn konstitusiya islahatları kimi həssas bir mövzunu açmaqla rəqiblərinə əsas vermiş oldu. Yəni etirazları cəmiyyətə təsir edəcək, dövlətin milli siyasətin əsl problemlərini həll etməsinə vəsilə ola biləcək addımlarla deyil, prosesləri müvəqqəti dayandıra biləcək inzibati qaydada yatırmağa cəhd etdi. Bu isə nəticə vermədi. Elan etdiyi yeni seçki və onun keçirilməsinin mümkünlüyü üçün şərtlər isə ümumiyyətlə, bu zamanda bir prezidentin ata biləcəyi ən böyük səhv idi. Bu şərtlər konstitusiyanın müəyyən məqamları uğrunda artıq narahatçılığı olan müxalifəti ölkənin konstitusiyasının alternativ variantını irəli sürməyə vadar etdi. Postsovet ölkələrindən Ukraynada məhz bu mövzu iki dəfə, 2004-də dinc və 2014-cü illərdə ölkədə vətəndaş qırğınına səbəb olan kütləvi iğtişaşların körüklənməsinə səbəb olub. O üzdən bu və ya digər məqamlar Lukaşenkonun ölkəsində və öz ətrafında baş verən hadisələri real dəyərləndirmədiyi və ya ətrafında bunu edə bilən təcrübəli insanların olmadığı qənaətinə gəeirir. Belə gərgin bir zamanlarda özünü Belarus xalqının atası adlandıran Lukaşenko müxalifətin etiraz aksiyası keçirdiyi ərazinin - Prezident Sarayının qarşısına özü və oğlu silahla gəldi. Son olaraq da Lukaşenko müxalifət tərəfdarlarının izdihamlı aksiyasının keçirildiyi saatlarda vertolyotla Minskdəki iqamətgahına gedərkən etirazçıları ”siçovul" da adlandırdı. Bir tərəfdən özünü xalqın atası adlandırır, əlində silahla ölkədəki stabilliyi sonunadək müdafiə edəcəyi israrını nümayiş etdirir, digər tərəfdən də xalqını “siçovul” adlandırır. Bir sözlə, Lukaşenko seçkilərdən sonra olan bu qısa zaman kəsiyini özünün xeyrinə deyil, müxalifətin daha da güclənməsinə sərf etdi".
Tarix: 25-08-2020, 08:44
Xəbəri paylaş



Xəbər lenti