Siyasətdə haqsız şəkildə təzyiq altında saxlanılan istənilən şəxsin reytinqi yüksəlir...Dövlətin qurucusu olmasına baxmayaraq, hazırda müxalifətdə olan 97 yaşlı partiyanın qurultayı (25-26 iyul) ölkənin gələcəyi üçün hansı siyasət fəlsəfəsini ortaya qoymalı, hansı “vizyonla” təkcə tərəfdarlarına deyil, bütövlükdə topluma ümid aşılamalıdır?
Şübhəsiz ki, hər şeydən əvvəl, özünün gündəlik fəaliyyətində demokratik prinsipləri həyata keçirməsiylə. Cümhuriyyət Xalq Partiyası bunu sədrliyə namizədlik yarışında və partiya məclisinə seçkidə nümayiş etdirir. Şübhəsiz, siyasi partiyalar haqqındakı qanun və partiyaların nizamnamələri dünya siyasətinin ən uzun ömürlü partiyası olan CHP-yə sədr seçkisində də demokratiyanın qaydalarının tam şəkildə işlədilməsinə əngəl olur. Yəni, sədrliyə namizəd ola bilmək üçün müəyyən sayda qurultay nümayəndəsinin imzasıyla təklif verilməlidir. Bu və bundan əvvəlki qurultayda sədrliyə namizədlik iddiasında olan heç bir şəxs 60 qurultay nümayəndəsinin yazılı təklifini ala bilmədiyinə görə, 10 illik sədr Kamal Kılıçdaroğlu öz kreslosunu rahatlıqla mühafizə edə bildi. CHP nizamnaməsinin dəyişdirilməsi üçün illərdən bəri mübarizə aparan rəssam, yazar, tennis və futbol şərhçisi Bedri Baykam “Cumhuriyet” qəzetindəki köşəsində (13 avqust) yenə o məsələyə qayıdaraq nizamnamənin dəyişməməsi halında CHP-yə devrimçiliyin gəlməyəcəyini iddia edib. Demək, indiki halda ümid partiya məclisinə seçkiyə qalır...
Canan Kaftancıoğlu faktoru
Başqa partiyaların qurultaylarından fərqli olaraq, CHP qurultaylarında ya partiya sədrinin hazırladığı məclis üzvləri siyahısına alternativ siyahı hazırlanıb səsə qoydurulur, ya da sədrin siyahısına əlavələr edilərək partiyanın məclisinə kənardan, ən az 5-6 nəfərin seçilməsinə nail olunur. 25-26 iyuldakı qurultay da bu baxımdan istisna olmadı. CHP lideri Kamal Kılıçdaroğlunun ən güclü olduğu dönəmdə onun səsverməyə təqdim etdiyi partiya üzvlüyünə namizədlər siyahısına əlavələr edilməsini gözləyən az adam vardı. Ancaq o əlavələr edildi və qurultay gününə qədər partiya məclisinin üzvü olan 4 şəxs bu dəfə lazımi qədər səs ala bilmədiklərinə görə məclisə üzv ola bilmədilər. Onların yerinə kənardakı qüvvələrin siyahıya daxil etdiyi şəxslər məclisə üzv seçildilər. Bu işləri təqib edənlər ”kənardakı şəxs” deyəndə CHP İstanbul vilayət təşkilatının sədri Canan Kaftancıoğlunu nəzərdə tutduğumu bilirlər. 2011-ci ildən bəri partiyanın İstanbul vilayət təşkilatında olan Kaftancıoğlu 2018-ci ilin yanvarında təşkilatın sədri seçilən kimi ona hamıdan əvvəl salvoları prezident Erdoğan şəxsən özü göndərmişdi. Çünki devrimçi sol cərəyandan gələn Kaftancıoğlunun İstanbuldakı kürdləri öz yanına çəkərək bələdiyyə seçkisində CHP-yə səs verməyə razı salacağını Türk siyasətinin hazırkı ən təcrübəli adamı Erdoğan hamıdan yaxşı görürdü.
Elə də oldu, 31 mart 2019-da Ekrem İmamoğlunun qalib gəlməsində həlledici rolu sovet vaxtının karizmatik qadın idarəçilərini xatırladan bu qadın oynadı. 23 iyundakı təkrar seçki ərəfəsində hər gün “Daha böyük fərqlə qalib gələcəyəm”- dedi, İmamoğlu 810 min səs fərqiylə qalib gəldi. 7 il əvvəlki sosial media paylaşımlarına görə ona 2019-cu ilin iyununda 10 il həbs cəzası verildi, daha sonra Ali Məhkəmə cəzanı təsdiq etdi. Cəza aldıqca daha gücləndi, təzyiq göstərildikcə xalq ona daha çox sahib çıxdı. Görünür, ətrafındakılar dövlət başçısına izah edə bilməmişdilər ki, siyasətdə haqsız şəkildə təzyiq altında saxlanılan istənilən şəxsin reytinqi yüksəlir. Halbuki cənab Erdoğanın siyasətin ən yüksək mərtəbələrinə gedən yolu da həbsxanadan keçmişdi. Görünür, bu reallığı o da unudub.
Türk siyasətinin devrimçi ruzigarlarının dinamikasını arxasına alan Canan Kaftancıoğlu bu gün ana müxalifət partiyasının, ən az, yarısından çoxunu yönləndirə bilir. Həbsxanaya göndərilsə, CHP-nin bir neçə ildən sonrakı sədri o olacaq. 2015-ci ildə partiya sıralarından xaric edilməsinə baxmayaraq, prinsipiallığı və çalışqanlığı sayəsində yenidən partiya sıralarına qayıdıb məclisə, ertəsi gün isə partiyanın Qadınlar təşkilatının sədrliyinə seçilən Aylin Nazlıakanın CHP-dəki devrimçi qanadın başqa bir təmsilçisi olması və bəzi prinsipial məsələlərdə Kamal Kılıçdaoğlunun əksinə mövqe nümayiş etdirməsinə rəğmən, İzmir millət vəkili Selin Sayek Bökenin baş katib vəzfəsinə gətirilməsi sosial-demokrat devrimçiliyinin ana müxalifət partiyasında nə qədər gücləndiyindən xəbər verir (buradan xalqımın tarixi ənənəsinə tüpürərək maddiyyat naminə iqtidara yaltaqlanan qadınlara Canan Kaftancıoğlunu, Aylin Nazlıakanı və Selin Sayek Bökeni örnək göstərə bilərəm, yoxsa dəyməz?)
Ünal Çeviköz hələ də üstü bayraqlı səfir maşınında gəzdiyini düşünürdü...
Ayaqları yerə dəyməyib, hələ də özünü səfir krelosunda hiss edən Çeviközün də üstündən xətt çəkilərək, partiya məclisinə üzv seçilməsinə imkan verilmədi. 2018-ci ildəki qurultayda sədrin kontingentindən məclisə girib, oradan Mərkəzi İdarə Şurasına gətirilən, sonra isə Kılıçdaroğlunun beynəlxalq məsələlər üzrə müavin təyin edilən, Türkiyənin Bakıdakı keçmiş səfiri Ünal Çeviköz heç vaxt özünü siyasətçi kimi apara bilmədi. Ona daim elə gəldi ki, hansısa qələbəlik iclasda yox, rahat səfir kabinetindədir. Adama elə gəlirdi ki, Çeviköz Türkiyənin 97 yaşlı ana müxalifət partiyası sədrinin müavini olmağı özünə sığışdırmır. Halbuki o, ana müxalifət partiyasının kontingentindən millət vəkili seçilmişdi. Rəhmətlik Vidadi Məmmədovun sözü olmasın, dübarə halbuki Cümhuriyyət Xalq Partiyası 3 noyabr 2002-ci ildəki seçkidə yenidən parlamentə qayıdandan sonra Ünal Çeviközün oturduğu həmin kresloda o vaxtlar İnal Batu, Şükrü Elekdağ, Onur Öymen, Osman Korutürk, Faruk Loğoğlu, 2015-2018-ci illər arasında isə təcrübəsi indi adlarını çəkdiyim şəxslərlə müqayisə edilməsə də, vəzifəsinin öhdəsindən gəlmək üçün can-başla çalışan Öztürk Yılmaz otururdu. Müxalifət partiyası kimi CHP istər parlamentdəki müzakirələrdə, istərsə də beynəlxalq platformalarda diplomat mənşəli siyasətçilərin sayəsində Türkiyənin haqlarını daha güclü şəkildə müdafiə edə bilməklə yanaşı, əcnəbi media ilə yaratdığı əlaqələr sayəsində öz fəaliyyətinin dünya miqyasında əks-səda yaratmasına səbəb olurdu.
Keçmiş səfir Ünal Çeviközün 2 il ərzində siyasətçi kimi davrana bilməməsi ana müxalifət partiyasının iqtidar qarşısında üstünlük qazana biləcəyi nöqtələrdə o üstünlüyü qazana bilməməsinə səbəb olmuşdur. Bir neçə gün əvvəl formalaşan Mərkəzi İcra Şurası üzvlərinin arasından sədrə müavinlər təyin edildi. Təsəvvür edirsinzmi, ana müxalifət partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini yoxdur. Bu, qurultayda Türkiyənin Bakıdakı keçmiş səfiri Ünal Çeviközün adının üstündən xətt çəkilməsinə görə oldu. Kamal Kılıçdaroğlu özünün beynəlxalq məsələlər üzrə müavininin qurultay nümayəndələri tərəfindən rədd ediləcəyini görə bilmədi - bu, onun birinci ayıbıdır. İndi sə Çeviközü özünə baş müşavir təyin edərək onunla yola davam etmək barədə düşündüyü iddia edilir. Bu, daha pisdir, çünki qurultaydan etimad ala bilməyən bir şəxs sədrin müavini təyin edilə bilmirsə, sədrin baş müşavri kimi fəaliyyətini davam etdirməsi ana müxalifət partiyasına heç nə qazandırmayacaq. Kamal Kılıçdaroğlu CHP-nin iqtidar partiyasına görə daha aktiv olduğu bir sahəni Ünal Çeviközün üzərində təkid edərək “baş müşavir” statusuyla davam etdirməyə çalışsa, partiyanın bu sahədəki etimadına heç nə qata bilməyəcəyindən əmin olmalıdır.
Və qurultaydan bir neçə gün sonra “Hürriyet” qəzetinin təcrübəli köşə yazarı Yalçın Bayerin vasitəsiylə ictimaiyyətə məlumat sızdıran Muharrem İnce “yeni partiya yaratmaq”dan dəm vurmasınmı? 2009-cu ildən bəri Cümhuriyyət Xalq Partiyası sıralarında partiyanın parlament fraksiyası sədrinn müavini kimi fəallıq göstərərək populyarlıq qazanan Muharrem İnce 2 dəfə sədrliyə namizəd olub seçilə bilməməsinə rəğmən, 24 iyun 2018-ci ildə ana müxalifət partiyasının prezidentliyə namizədi kimi Erdoğana uduzdu. 2 ildən bəri partiyanın sıravi bir üzvü kimi populyarlığını və növbəti prezident seçkisində də namizədlik ehtirasını qorumağa çalışan İncenin, CHP-də tamamilə əks tərəfdən əsən devrimçi rüzgarlara ayaq uydura bilməməsi çoxdan bəlli idi. O rügarları öz yelkəninə dolduraraq ana müxalifət partiyasında dinamizm yaratmış Kaftancıoğlunun, başda kürd təmayüllü siyasət olmaqla, toplumun dinçi təbəqələrində belə simpatiya qazandığı vaxtda Muharrem İncenin bunu oxuya bilməməsi onun bu qatara minə bilmədiyini, bundan sonra isə heç minə bilməyəcəyini göstərir. Ona görə heç kim panikaya qapılmasın: Türkiyə Cümhuriyyətini quran partiyanın öz devrimçi ənənələrindən uzaqlaşaraq Muharrem İncenin populizminə aldanacağını təxmin etməyə heç bir əsas yoxdur. Mənsub olduğu partiyaya qarşı irəli sürdüyü ittihamların 2-3 saatda partiyanın müvafiq qurumu tərəfindən cavablandırılması Muharrem İncenin bundan sonra ana müxalifət partiyasında zərrə qədər dinamizm yarada bilməyəcəyini göstərmişdir. İncenin dünyabaxışı buna uyğun olmadığı kimi, o, dinamizmin artıq başqa kuluarda 2 ildən bəri həm CHP-ni irəliyə apardığını, həm də iqtidarı silkələdiyini hamı görməkdədir.
Ana müxalifət partiyasının 37-ci qurultayı iqtidara alternativ ola bilməsiylə bağlı yeni fəlsəfəni və proqramı ortaya qoya bildimi?
Növbəti yazıda...
Mayis Əlizadə
Tarix: 17-08-2020, 09:31