Belarusda avqustun 9-da keçirilən prezident seçkilərindən sonra vəziyyət mürəkkəb olaraq qalır. Mərkəzi Seçki Komissiyasının 6-cı dəfə prezident elan etdiyi Aleksandr Lukaşenkoya qarşı etiraz aksiyaları və tətillər davam edir. Ölkədə bundan sonra proseslərin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq isə kifayət qədər çətindir.“AzPolitika.info” bu mövzunu Azad Demokratlar Partiyasının sədri, Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini
Sülhəddin Əkbərlə müzakirə edib.
- Sülhəddin bəy, Belarusda seçki öncəsi vəziyyətlə sonrakı vəziyyət arasında kəskin fərq müşahidə olunur. Sizcə, bu fərqin yaranmasını qaçılmaz edən səbəblər nədir?- Sözsüz ki, seçki öncəsi vəziyyətlə sonrakı vəziyyət şərtlərin dəyişməsi səbəbindən fərqli olub. Şübhəsiz ki, burada subyektiv səbəblər də var. Seçki öncəsi vəziyyət əsasən Minsklə Moskva arasında gərginliyin yaranması ilə müşahidə edildi. Bunun süni gərginlik, əvvəlcədən razılaşdırılan oyun və ya təbii proses olduğu zamanla aydınlaşacaq. İndidən bu barədə dəqiq fikir söyəmək üçün əsaslı məlumat yoxdur. “Vaqner” muzdluları ilə bağlı baş verən proseslərin arxa planının nədən ibarət olmasına dair də yetərli informasiya yoxdur. Əlbəttə, istisna etmək olmaz ki, bu, Rusiya ilə Belarus arasında əvvəlcədən razılaşdırılan variant olub. Yəni Rusiyanın Lukaşenkoya qarşı olduğunu nümayiş etdirməklə Qərbin Lukaşenko seçkisinə münasibətini geopolitik maraqlar üzərindən yumşaltmaq məqsədilə belə oyun qurula bilərdi. Hər halda, mən bu məsələyə bir qədər ehtiyatlı yanaşmağın tərəfdarıyam. Lukaşenkonun açıqlamasından ortaya çıxdı ki, Putinlə telefon danışığı zamanı saxlanılan “Vaqner” muzdlularının geri qaytarılması razılaşdırılıb. Bu da əslində, irəli sürülən versiyanın ən azı yaşamaq hüququ olduğuna işarədir.
Bildiyiniz kimi, Belarus qapalı rejimdir, müstəqil informasiya vasitələri yoxdur, sistem müxalifəti mövcud deyil. Diqqət etsəniz görərsiniz ki, seçkidən sonra nə bir lider, nə də siyasi ittifaq proseslərə rəhbərlik etmədi. Bu, onu göstərir ki, Lukaşenko hakimiyyətdə olduğu 26 ildə müxalifəti sıradan çıxararaq sistem müxalifətinin formalaşmasına imkan verməyib. Bu da özünü həm seçkidən əvvəl, həm də sonra göstərdi.
- Sizcə, bundan sonra proseslər hansı istiqamətdə gedəcək?- Məncə, bundan sonra hadisələrin inkişafında iki mühüm hadisə önə çıxır. Birincisi, artıq vəziyyət Lukaşenkonun özü üçün aydındır. O mənada ki, Belarus xalqının əksəriyyəti ən yaxşı halda ondan yorulub və hakimiyyət dəyişikliyini, azad və ədalətli seçkilərin keçirilməsini istəyir. Bu, artıq görünür.
İkincisi, geopolitik vəziyyətin mürəkkəbliyidir. Həm dünyada, həm də regionlarda qarşıdurma həlledici mərhələyə daxil olub. Lukaşenko da bu geopolitik qarşıdurmadan istifadə edə bilir. Yəni həm Rusiyadan, həm də Qərbdən müəyyən məsafədə durmaqla müəyyən balans yarada bilib. Bu da ABŞ və Avropa Birliyinin həm seçkilərə, həm müxalifətə, həm də Lukaşenkoya olan münasibətində özünü göstərib. Artıq Belarus dəyişiklik dövrünə daxil olub, amma bu dəyişiklik ola bilsin ki, müəyyən zaman alacaq. Məncə, ABŞ-da və bütövlükdə Qərbdə hamı anlayır ki, avtoritar dövlətlərin başında dayanan Rusiyada demokratik dəyişiklik baş verməsə, Kreml MDB ölkələrindən, o cümlədən də Belarusdan əl çəkən deyil. Bu avtoritar rejimlər isə Qərblə müəyyən dərəcədə əməkdaşlıq çərçivəsini genişləndirsələr də, öz siyasi hakimiyyətlərinin təhlükəsizliyini əsas prioritet kimi saxlayacaqlar.
- Bir neçə ölkə Belarusdakı seçkinin nəticələrini tanıyıb və Lukaşenkonu təbrik edib. Bəziləri isə seçkiləri tanımadı və hətta Avropa Birliyi Belarusa qarşı sanksiyalar tətbiq edilməsini gündəmə gətirdi...- Mənə elə gəlir ki, Rusiya başda olmaqla, bütün postsovet məkanına yönəlik strategiya işlənib hazırlanıb. Əgər ABŞ “dərin dövləti” daxilində gedən mübarizədə anqlosaks qanadı qalib gələcəksə, 2021-ci ildən Rusiya böyük ehtimalla strateji hədəf seçiləcək. Bu ehtimal böyükdür. Bu mənada həlledici məsələ ABŞ “dərin dövləti” daxilində iki qanad arasında gedən mübarizənin nəticəsindən asılı olacaq. Bu da özünü ABŞ-da keçiriləcək seçkilərin nəticəsində göstərəcək. Başqa sözlə, bu qanadlardan biri əsas təhdid və hədəf kimi Çini, digəri Rusiyanı görür.
- Belarusda müxalifətin əsas namizədi olan Svetlana Tixanovskaya ölkəni tərk edib, amma mübarizə davam edir. Ortada lider yoxdursa, qələbə ola bilərmi?- Əvvəla nəzərə alaq ki, adını çəkdiyiniz xanım siyasətçi deyil və o, əslində məcburən namizəd idi. Onun həyat yoldaşı Sergey Tixanovski həbs edilməsəydi, şübhəsiz ki, namizəd olacaqdı. Digər tərəfdən, biz Belarus daxilində real vəziyyəti məhdud mənbələrdən əldə etdiyimiz informasiyalar əsasında qiymətləndiririk. Amma xanım namizədin yəqin ki, həm yerli, həm də xarici kəşfiyyat mənbələrindən əldə etdiyi dəqiq informasiyalar var. Ola bilsin ki, rejim onu ölkədən getməyəcəyi təqdirdə həbs ediləcəyi ilə hədələyib. Eləcə də hədələr onun övladı və ya həbsdəki həyat yoldaşı ilə bağlı ola bilər. Siyasi mübarizədə olmayan və möhkəmlənməyən bir xanımdan, məncə, Belarusda qalıb rejimə qarşı mübarizəni davam etdirəcəyi və liderlik edəcəyini gözləmək də doğru olmazdı. Əlbəttə, qalıb mübarizəsini davam etdirə bilərdi, amma belə sərt rejimlə gərək sərt müxalifətçilik olsun. Görünür, belə mübarizənin nəticələri xanım namizəd üçün məqbul hesab olunmayıb. Sözsüz ki, Belarusda yeni etiraz hərəkatı başlayıb və məncə, bu hərakat öz liderlərini ortaya çıxaracaq.
Nəzərə almaq lazımdır ki, Belarusda gedən proseslər ABŞ və Avropa Birliyindən asılı olmayaraq qonşu ölkələr tərəfindən, başda Polşa, Litva və Ukrayna olmaqla, dəstəklənəcək. Odur ki, Belarusda mübarizə davam edəcək, köhnə müxalif liderlərlə yanaşı yeniləri də ortaya çıxacaq. Çünki həm Şərqi Avropa, həm də MDB ölkələrinin tarixi bunu göstərib. Bəzən hər mərhələnin öz liderləri olur. Belarusda parlaq liderin olmadığını nəzərə alsaq, o cümlədən əsas müxalifət liderlərinin həbsdə olduğunu qeyd etsək, yeni mərhələnin yeni liderlərinin ortaya çıxma ehtimalı yüksəkdir.
- Bundan sonra Belarusun əvvəlki qaydada idarə edilməyəcəyini iddia etmək olarmı?- Siyasətdə “heç zaman” ifadəsini işlətmək doğru olmaz. Bəzən görürsən ki, belə hallarda bir neçə dəqiqəyə vəziyyət dəyişə bilir. Odur ki, Belarusda bundan sonrakı hadisələrin inkişafı həm ölkə daxilindəki proseslərdən, həm də böyük ölçüdə MDB məkanında gedən proseslərdən, geopolitik mübarizənin nəticələrindən asılı olacaq. Mən istənilən halda Şərqi Avropa və postsovet məkanında gərginliyin artacağını ehtimal edirəm. Bura Azərbaycanın daxil olduğu GUAM məkanı, Qara dəniz - Xəzər dənizi xətti də daxildir.
- Sizcə, Lukaşenko hakimiyyətdə qalacağı təqdirdə Rusiya nə qazanacaq və hakimiyyətdən gedəcəyi təqdirdə nə itirəcək?- Əslində, Rusiya və Lukaşenko hələlik status-kvonun qorunub saxlanılmasına nail olmaq niyyətindədirlər. Lukaşenkonun getməsi qeyri-müəyyənliyin ortaya çıxması, vəziyyətin nəzarətdən çıxma ehtimalının yaranması deməkdir. Böyük dövlətlər üçün ən xoşagəlməz hal vəziyyətin nəzarətdən çıxması və qeyri-müəyyənliyin yaranmasıdır. Hətta ən pis nəzarətdə olan vəziyyət belə nəzarətdən çıxan vəziyyətdən yaxşıdır.
İndi geopolitik vəziyyətin inkişaf tempini nəzərə alsaq, Belarusda heç-heçə oynamaq mövcud şərtlər daxilində hər iki tərəfin qane edir.
Tarix: 16-08-2020, 13:02