“İllərdir, Azərbaycan və Türkiyə ordusu birgə hərbi təlimlər keçirirdi. Amma bu təlimlər indiki qədər diqqəti cəlb etmir, danışılmırdı”.
Modern.az xəbər verir ki, bu sözləri Tovuz döyüşlərindən sonra Türkiyə və Azərbaycanın daha da yaxınlaşmasının siyasi əhəmiyyətindən danışarkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
O qeyd edib ki, münasibətlərin bu dəfə daha çox diqqət mərkəzində olmasının iki səbəbi var: “İlk olaraq, sərhəddəki insidentdən sonra Azərbaycan cəmiyyətində inam formalaşdı ki, münaqişəni danlışıqlar yolu ilə həll etmək mümkün deyil. Ancaq güc nümayiş olunmalıdır. Demək, bizim müttəfiqin – Türkiyənin də dəstəyinə ehtiyacımız yaranır. Türkiyə də bölgədə fəallaşıb, güclənib, hərbi qüdrəti, hərbi sənaye kompleksi inkişaf edib. Türkiyə Cümhuriyyət tarixində bəlkə də ilk dəfədir ki, 3 dövlətdə eyni zamanda hərbi əməliyyatlar keçirir: İraq, Suriya və Liviya. Türkiyə Azərbaycanla birlikdə hərbi təlimlərdə iştirak etməklə işğalçı Ermənistana və onun arxasında dayanan güclərə göstərdi ki, Türkiyə Cənubi Qafqazda hərbi güc olaraq var. Bu önəmli idi”.
Son illərdə Azərbaycanın böyük enerji layihələri həyata keçirdiyini, nəqliyyat xətti çəkilməsini diqqətə çatdıran E. Şahinoğlunun sözlərinə görə, Türkiyə bu layihələrin təhlükəsizliyində maraqlıdır: “Bunların hamısı Türkiyə istiqamətindədir və Türkiyənin Azərbaycandan aldığı qazın miqdarı Rusiyadan aldığı qazın miqdarını üstələyir. Bu səbəbdən Azərbaycandan keçən nəqliyyat və enerji xətlərinin təhlükəsizliyi barədə ciddi düşünməlidir. Ona görə hərbi təlimlər diqqəti cəlb edir.
Bütün hallarda düşünürəm ki, hərbi əməkdaşlığı daha üst səviyyəyə qaldırmaq lazımdır. Çünki müharibə başlasa Türkiyənin dəstəyinə daha çox ehtiyacımız olacaq. Türkiyə rəsmiləri açıq deyirlər ki, Azərbaycanın istənilən qərarında yanındayıq. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə Ankarada görüşəndə Çavuşoğlu vurğuladı ki, Azərbaycan nə qərar versə, biz yanındayıq. Bu o demədkir ki, Azərbyacan müharibəyə də başlasa Türkiyə Azərbaycanın yanında olacaq, hər dəstəyi göstərəcək.
Hətta Rusiya ilə münasibətlər gərginləşsə belə Türkiyə bu addımı atacaq. Ona görə, mən hesab edirəm ki, ilk növbədə Türkiyənin hərbi bazaları Azərbaycanda yaradılmalıdır. Naxçıvanda və Abşeronda bu bazalar yaradıla bilər. 1990-cı illərdə bu təcrübəni yaşamışıq. Müxtəlif cəbhələrdə müharibə apardığımız müddətdə Azərbaycanı parçalamaq istəyən qüvvələr peyda oldu. Bu olmasın deyə Azərbaycanda Türkiyənin bazalarının olması vacibdir. Mən hesab edirəm ki, artıq bu prosesə başlanılıb, danışıqlar sürətlənib. Ceyhun Bayramov Ankarada rəsmi səfərdə olarkən qəfil öyrəndik ki, elə müdafiə naziri Zakir Həsənov da oradadır. Bu haqda ictimaiyyətə geniş məlumat verilmədi. Amma Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan hər iki naziri birlikdə qəbul etdi. Bir gün keçəndən sonra Türkiyənin hərbi rəhbərləri Bakıya gəldi. Mənə elə gəlir, Türkiyə ilə hərbi əməkdaşlığın daha üst səviyyəyə qaldırılması istiqamətində müzakirələr gedir”.
Politoloq onu da vurğulayıb ki, NATO-nin bu məsələdə mövqeyi əsas deyil: “Əvvəl deyirdilər ki, NATO-nun icazəsi olmadan Türkiyə başqa dövlətlərdə hərbi baza yarada bilməz. Amma Qətərdə Türkiyənin hərbi bazaları var, Liviyada, Suriyada hərbi əməliyyatlar keçirir. Türkiyə NATO-nun dediyi ilə oturub-durmur. Cənubi Qafqazda da Türkiyə NATO-nun rəyini nəzərə almayacaq”.
Tarix: 15-08-2020, 22:46