Belarusda keçirilən prezident seçkiləri Lukaşenko hakimiyyəti ilə Qərbin münasibətlərini gərginləşdirib.Son illər rəsmi Minsklə ABŞ və Avropa ilə arasında baş verən siyasi yaxınlaşma yenidən soyuyub. Qərb Belarusda keçirilən prezident seçkilərinin nəticələrini tanımayıb və səsvermənin nəticələrinə etiraz olaraq keçirilən aksiyaların zorakılıqla dağıdılmasını pisləyib. Ölkədə minlərlə insanın döyülərək həbs edilməsi Avropa Birliyi tərəfindən Belarusa qarşı sanksiyaların tətbiqi təklifini gündəmə gətirib. Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveçin xarici işlər nazirləri Belarus hakimiyyətini müxalifətlə dialoqa çağırıb.
"Biz Belarus hakimiyyətini siyasi rəqiblərini təqib etməyi dayandırmağa, haqsız olaraq tutulanların hamısını dərhal azad etməyə və insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağa çağırırıq. Belarus hökumətini bundan sonra zorakılıq tətbiq edilməməsi üçün müxalifət ilə dərhal siyasi dialoqa çağırırıq", - bəyanatda deyilir.
ABŞ-ın dövlət katibi Mayk Pompeo Belarusda seçkilərin şəffaf və ədalətli keçirilmədiyini bəyan edib. Senator Kris Mörfi isə Ağ Evə müraciət edərək Belarusa səfir göndərilməsi barədə qərarı təxirə salmağa çağırıb.
“10 ildən artıqdır ki, ilk dəfə Minskə səfir göndərmək ABŞ-ın bu hərəkətlərə haqq qazandırması deməkdir. Prezident onu geri götürməsə, Xarici İşlər Komitəsində namizədliyini rədd etməyə hazıram”-Mörfi belə qeyd edib.
Bu isə o deməkdir ki, ABŞ və Belarus arasında bu il bərpa olunmuş diplomatik əlaqələr yenidən pozula bilər. Prezident Donald Trampın Belarusda fövqəladə və səlahiyyətli səfir postuna irəli sürdüyü Julya Fişerin namizədliyi Senatda təsdiq edilməyəcək. Bu halda Belarus prezidenti də bu yaxınlarda ABŞ-a yeni səfir təyin etdiyi Oleq Kravçenkonu geri çağırmalı olacaq.
Bütün bu proseslər isə Rusiyanın maraqlarına cavab verir. Çünki Qərblə yaxınlıq Aleksandr Lukaşenkoya Rusiya ilə münasibətlərdə manevr imkanları açırdı. Seçkidən sonra yaranmış vəziyyət bu imkanı aradan qaldırır.
Politoloq Fərrux Məmmədov hesab edir ki, Belarusda baş verən son hadisələr yeni siyasi düzənin formalaşması ilə bağlıdır. Polis zorakılığı və lidersiz kütlənin hər gün davam edən xaotik etirazları bu prosesin əsas nüanslarından birini təşkil edir:
“Belarusda baş verən aksiyalar Gürcüstan, Ukrayna, Ermənistan və ərəb ölkələrində olduğu kimi vahid mərkəzdən idarə olunan istefa çağırışı deyil. Bu lidersiz, yəni spontan bir hərəkatdır. Burada bir neçə idarəetmə mərkəzi mövcuddur. Onların arasında gənclər, müəllimlər, qadınlar və digər sosial təbəqələr var. Bu insanlar Lukaşenkonun anti-Qərb, anti-demokratiya, anti-milli idarəetmə sistemindən beziblər. Onlar Belarusu bütün ictimai mühitiin dəyişdirilməsinə gətirib çıxaran bir dövlətə çevirmək istıyirlər. Belarus Avropada yerləşməsinə baxmayaraq, sovet psixologiyası ilə idarə olunan bir ölkədir. Ona görə də cəmiyyət Belarusda Avropa modelinin tətbiqini istəyir. Ancaq Belarusdakı proseslərin arxasında fikrimcə, Qərb dayanmır. Qərbin inqilabi prosesləri, etiraz hərəkatlarını dəstəkləməsi sistemli olur. ABŞ, Avropa Birliyinin birgə bəyanatları olur. Burada Qərb ayrı-ayrı institutlar səviyyəsində, Lukaşenkoya qarşı deyil, zorakılığa qarşı etirazını bildirir. ABŞ dövlət katibi Mayk Pompeonun bir müddət əvvəl Minskə səfər etməsi və Belarusla neft müqaviləsi imzalaması bu proseslərin arxasında Rusiyanın dayandığına işarədir. Rusiyanın “Vaqner” qrupunun 33 nəfər üzvünün də seçkilər öncəsi belarusda saxlanılması ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Aleksandr Lukaşenkoya hədiyyəsi idi. Yəni Qərb və Belarusun yaxınlaşması Rusiyanın maraqlarına cavab vermir. Çünki Rusiyanın sonuncu qalası olan Belarusda Qərbin oturşması Kremlin siyasi iflası deməkdir. Vladimir Putin də bunu anlayır və Belarusda bu qarşıdurmanı yaratmaqla Qərblə münasibətləri pozmaq istəyir. Çünki Rusiya aksiya iştirakçılarına qarşı zorakılığın Qərbdə narazılıq yaradacağını yaxşı bilir. Əlbəttə, seçkilərin saxtalaşdırılması faktdır. Bunu Qərb də bilir. Ona görə də seçkilərin nəticələrini qəbul etmək Qərb üçün çətindir. Ancaq Qərb diktatorla bağlı deyil, strateji addımlarını dəyişir. Lukaşenko ilə yeni, müvəqqəti siyasi mühit formalaşdırılır. Çünki əsas düşmən Lukaşenko hakimiyyəti deyil, Rusiyadır”.Fərrux Məmmədov bildirib ki, Belarusda müxalifətin vahid lider və vahid plaforması yoxdur:
“Ona görə də Rusiyanın yaratdığı xaosa Qərbin bəyanatdan başqa, hər hansı dəstək verəcəyinə inanmıram”.Politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Belarusda keçirilən seçkilərə birmənalı olaraq Qərb yumşaq yanaşacaq. Çünki, Belarus Rusiyanın təhdidləri ilə üz-üzə qala və şərqində yeni separatizm alovlana bilərdi.
“Putin də Lukaşenkonu təbrik etdi. Biz Qərbdən məlum seçkiləri tanımamaq qərarını eşitdik. Onsuz da Qərb Lukaşenkonu qəbul etməsə də onunla işləmək və Rusiyaya qarşı yeni siyasi cəbhənin formalaşmasına çalışacaq. Çünki, Lukaşenko son illərdə Qərblə və ABŞ -la əməkdaşlığı genişləndirmişdi. Qərb bir il ərzində Lukaşenkonun Rusiya ilə əlaqələrində hansı bir siyasi xətti tutacağını gözləyəcək və bundan sonra tam qərar verəcək. Çünki, Qərbdə Belarusda ikinci Ukrayna böhranının yaşanmasını arzulamır. Prosesləri daha yavaş, Lukaşenkoya müəyyən pərdəarxası dəstək verməklə, Rusiya əleyhinə siyasətin formalaşmasına çalışacaqlar. Hesab edirəm ki, Qərb, xüsusi ilə də ABŞ Belarus ilə danışıqlara gedəcək və iqtisadi dəstəyini göstərəcək. Aleksandr Lukaşenko çalışacaq ki, Moskva ilə siyasi münasibətləri saxlamaq şərtilə iqtisadi cəhətdən Qərbə yaxınlaşsın. Bu da ölkə iqtisadiyyatının dirçəldilməsi və dəstəyinin artmasına hesablanacaq. Amma Rusiya da Lukaşenkoya ciddi təzyiqlər etməyə çalışacaq. Hesab edirəm ki, bu təzyiqlər “Batka”nın Moskvanın dediklərinə boyun əyməsinə gətirib çıxarmayacaq. Ümumiyyətlə, Qərblə Belarus arasında əməkdaşlıq bir ildən sonra ola bilər./Cebhe.info/
Tarix: 12-08-2020, 20:44