BELARUSDAKI “VAQNER” QALMAQALINDA QAZ İYİ:Rusiya onun yalanını çıxaran Lukaşenko ilə nə edəcək? - TƏHLİL


Belarus prezidenti Aleksandr Lukaşenko hüquq-mühafizə orqanlarına Minskdə saxlanılan “Vaqner” gizli ordusunun 33 əməkdaşı ilə xüsusi diqqətlə davranmağı tapşırıb.
Belarusun rəsmi xəbər agentliyi BelTA-ın məlumatına görə, Lukaşenko ölkə KGB-sinin sədri Valeri Vakulçikin və  İstintaq Komitəsinin (Belarusun Baş Prokurorluğu – Ovqat.com) rəhbəri İvan Noskeviçin məruzəsini dinlədikdən sonra bu göstərişi verib.
“Əsgərlər heç bir halda günahkar deyillər, onlar sadəcə əmr icra ediblər”, – deyən Lukaşenko bu sözlərlə “Vaqner” döyüşçülərinin xüsusi missiya ilə Belarusa göndərildiyinə eyham vurub.
O, diqqətə çatdırıb ki, istintaqın məqsədi həmin qrupun konkret hansı niyyətlə Belarusa gəldiyini aydınlaşdırmaq olmalıdır.
“İndi aydın olur ki, onlar İstanbula göndərilməyiblər. Yəqin ki, bu qrup Belarusa göndərilməsi planlaşdırılan 200 nəfərlik diversant dəstəsinin sadəcə ilk hissəsidir. Rusiyanın “quyruq” gizlətmək arzusu tam cəfəngiyatdır“, – deyən Lukaşenko vurğulayıb ki, Rusiya ordusunun Belarusa göndərilməsi Prezidentlə razılaşdırılmalıdır. O isə belə bir icazə verməyib.
Xatırladaq ki, bir müddət əvvəl Kremlin sözçüsü Dmitri Peskov Rusiyada “Vaqner” adlı bir qurumun olmadığını bildirmişdi.
Rusiyanın Belarusdakı səfiri isə Minskin iddialarının əsassız olduğunu demiş və saxlanılanların mümkün qədər tez azadlığa buraxılmasını tələb etmişdi.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin isə bildirmişdi ki, bu hadisə Avropa tərəfindən Rusiya üzərində ssenariləşdirilmiş aksiyadır.
Lukaşenkonun dünən dilə gətirdiyi fikirlər isə faktiki rəsmi Moksvanın ən yüksək dairələrinin səsləndirdiyi fikirləri yalanlayır.
Dünən Lukaşenko “Belqazprombank” administrasiyasının müvəqqəti rəhbəri Nadejda Yermakovo ilə görüşmüş və fəaliyyəti şübhəli olan “Qazprom”la əməkdaşlıqdan imtina edilsə də, bu maliyyə qurumunun qorunub saxlanılacağını bildirmişdi.
Belarus tərəfi hər şeyi edəcək ki, həm insanlar, həm də pullarını bu banka qoyan müəssisələr heç nə itirməsinlər”, – Lukaşenko belə demişdi.
Qeyd edək ki, “Belqazprombank” ASC-nin əsas səhmdarları “Qazprom” və “Qazprombank” Belarus Milli Bankının qərarı ilə təyin olunan bankın müvəqqəti administrasiyası ilə əməkdaşlıqdan boyun qaçırırlar.
“Belqazprombank” 1990-cı ildən Belarusda fəaliyyət göstərir. “Qazprom” və “Qazprombank” bu bankın səhmlərinin 49,8 faizinə sahibdir. İyun ayında bankın baş ofisində axtarışlar aparılmış və onun təxribata hazırlaşdığı müəyyənləşdirilmişdi.
“Belqazprombank”da aparılan bu axtarışlar ölkənin seçki kampaniyası ilə eyni vaxta düşdüyündən birmənalı qarşılanmamışdı. Çünki bankın keşmiş rəhbəri Viktor Babariko növbəti prezident seçkilərində öz namizədliyini irəli sürmüşdü. Onun bu qərarından az sonra – iyulun 18-də 20 ildən çox  “Belqazprombank”a rəhbərlik edən Viktor Babariko və oğlu korrupsiya ittihamı ilə tutulmuşdu. Hazırda ata-oğul Babarikonun istintaqı Belarus KQB-si tərəfindən yürüdülür. Belarus MSK-sı V.Babarikonun namizədliyini qeydiyyata almaqdan imtina etmişdi.
Belarusdakı bu hadisələrin rəsmi Minskin rus qazından imtina edib ABŞ-la qaz müqaviləsi bağlamasından sonra baş verməsi təsadüfə bənzəmir. Məsələ burasındadır ki, Moskvanın nə qədər acığına getsə də, Belarusu Rusiyadan küsdürən və ABŞ-dan qaz almağa vadar edən, əslində, Moskvanın özü olub.
Məlum olduğu kimi, ötən ilin sonlarında Belarusun Rusiyadan qaz almaq istəyi baş tutmamışdı. Rusiya Belarusa qazı olduqca baha qiymətə satmaqla yanaşı, həm də əvvəlcədən toplanıb qalmış borcunu da tələb edirdi. İddialara görə, Belarusun Rusiyaya 110 milyon dollar borcu var. Belarus isə borclu olmadığı qənaətindədir.
İki dövlət arasında alınmayan sövdədən sonra Lukaşenko bu ilin yanvar ayında Qazaxıstana üz tutmalı olmuş, ordan da əli ətəyindən uzun vəziyyətdə Minskə qayıtmışdı. Məcburən alternativ mənbələrə yönəlməkdən başqa çarəsi qalmayan Minsk ABŞ-a üz tutmuşdu. Vaşinqtonla aparılan danışıqlar olduqca tez bir zamanda nəticə vermis və Minsk bu ilin fevral ayında ölkəsinə təşrif buyuran möhtərəm qonağını – ABŞ dövlət katibi Mayk Pompeonu qarşılamışdı.
Pompeo ilə danışıqlardan sonra tərəflər Rusiyanın bu zamana qədər ən yaxın müttəfiqinə satdığından 2 dəfə ucuz qiymətə qaz müqavilələri imzlamışdılar. Üzərindən bir neçə ay keçməmiş, ABŞ-ın ilk tankerləri Belarusa qaz gətirmişdi. Müqavilədə nəzərdə tutulan miqdarın da on gün ərzində mənzilə çatdırılacağı bildirilmişdi.
Beləcə, illik qaz tələbatını ilin birinci yarısında həll edən Minsklə Moskva arasında ziddiyyətlər ortaya çıxmışdı. 
Belarusu itirmək Rusiya üçün təkcə yaxın qonşusundan və qan qardaşından ayrılmaq, yaxud yalnız bu ölkəyə satdığı qazdan məhrum olmaq mənasına gəlmir. Bu, həm də Rusiyanın Avropaya nəql etdiyi qaz xətlərindən birinin itirilməsi deməkdir.
Məlumata görə, Rusiya Belarus üzərindən Avropaya ildə 44 milyard kub metr qaz nəql edir. “Türk axını” layihəsinin ən yaxşı halda illik 31.5 milyard kub metr həcmə malik olduğunu düşünsək, Belarus xəttinin Rusiya üçün nə qədər böyük əhəmiyyət daşıdığını anlaya bilərik.
Üstəlik, ABŞ dövlət katibi Pompeonun Minskə səfəri zamanı dilə gətirdiyi bəzi ifadələr super dövlətin Belarus açılımının yalnız bu ölkəylə məhdudlaşmayacağından xəbər verirdi.
“Amerika istehsalçıları Belarusa lazım olan nefti 100 faiz nisbətində rəqabətçi qiymətlərlə satmağa və regionun digər ölkələriylə də əməkdaşlığa hazırdır. Biz dünyadakı ən böyük enerji istehsalçısıyıq. Sadəcə bizə müraciət etmək yetər”, – Pompeonun bu çağırışı ətraf ölkələri mərkəzdən qaçma təcili ilə Rusiyadan uzaqlaşmağa hesablanmışdı.
Görünür, Moskva buna laqeyd qalmaq fikrində deyil və regional mərkəzdənqaçma prosesinin qarşısını almaq üçün Minsklə hesablaşmağa qərar verib.
Heydər Oğuz,
Ovqat.com

Tarix: 3-08-2020, 16:08
Xəbəri paylaş



Xəbər lenti