Məlum olduğu kimi, Amerika prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatından(ÜST) çıxmaq barədə BMT-yə və ölkə konqresinə məlumat göndərib. Və beləliklə də ABŞ-ın bu təşkilatdan ayrılması proseduruna start verilmiş olub. Həmin prosedura görə, proses 2021-ci ilin iyul ayında sonlanacaq.BMT baş katibi Antoni Qutyereş bildirib ki, ABŞ bu təşkilatdan çıxana qədər ÜST qarşısında götürdüyü maliyyə öhdəliyini yerinə yetirməlidir. Jurnalistlər üçün keçirdiyi brifinq zamanı ABŞ-ın dövlət katibi Mayk Pompeo isə deyib ki, ABŞ ÜST-də indidən sonra rəsmi olaraq qalacağı müddətdə onu maliyyələşdirmək fikrində deyil.
Mayk Pompeo bildirib: “Biz ayrılmış maliyyə vəsaitindən necə istifadə olunmasıyla bağlı Konqreslə işləyəcəyik. Biz hər şeyi düzgün edəcəyik. Prezident tam aydın söyləyib ki, biz tarixi baxımdan səriştəsiz olan və öz funksiyasını yerinə yetirməyən təşkilatın maliyyələşməsini öz üzərimizə götürməyəcəyik”.
ÜST necə maliyyələşir?
Ümumdünya Səhiyyə Təşkilatı 1948- ci ildən BMT-nin tərkibində fəaliyyət göstərir. Bu təşkilatın 194 üzvü var. Mənzil qərərgahı İsveçrənin Cenevrə şəhərində yerləşir və təşkilati baxımdan dünya üzrə 6 regional mərkəzə və 150 milli nümayəndəliyə malikdir. Əməkdaşlarının sayı 7000 nəfərdir.Ümumiyyətlə ÜST-ə BMT üzvü olan dövlətlər elə də böyük məbləğlər ödəmirlər. Ödəmələr əsas etibarilə şirkətlərin, fondların və o cümlədən də ölkələrin könüllü maliyyə köçürmələri hesabına formalaşır. Bu cür ödəmələr ümumui büdcənin təxminən 77 faizini təşkil edir.
Hazırda ÜST-ün ən iri maliyyə donoru ABŞ-dır və onun təşkilatın maliyyələşməsindəki payı 15 faizdir. 2019-cu ildə ABŞ ÜST-ə 533 milyon dollar ayırıb. Donor kimi dövlətlər içərisində ikinci yerdə Çin gəlir. Amma Çinin ayırdığı pul ABŞ-ın ödədiyi vəsaitdən on dəfə azdır. Nisbətən daha çox pul ödəyən ölkələr sırasına Böyük Britaniya,Yaponiya və Almaniya daxildir.Bundan başqa, 2016-2017-ci illərdə ÜST-ə “Bill və Melinda Qeyts Fondu” tərəfindən 530 milyon dollar maliyyə ayrılmışdı. Bu fond Amerikadan sonra ikinci ən böyük maliyyə ödəyicisidir.
Tramp deyir ki, ÜST koronavirus infeksiyasının ilk başlarında ABŞ-a düzgün məlumat verməyib və təşkilat Çin hökumətinin istəklərinə uyğun davranaraq, həqiqəti gizlədib. ABŞ prezidentinin sözlərinə görə, Çin hökuməti bu epidemiya zamanı virusun insandan insana keçmədiyini iddia edib. Məhz elə bu səbəbdən də Amerikanın belə bir təşkilatda qalması məqsədəuyğun sayılmır.
ABŞ-ın ayrılma qərarı hansı nəticələr verə bilər?Trampın siyasi opponentləri onun bu qərarına kəskin reaksiya veriblər. Belə ki, Nyu-Cersi ştatından olan senator Bob Mendes deyib: ”Bu qərar bizim həyatımızı və bizim vətəndaşların maraqlarını müdafiə etmir və amerikalıları xəstə vəziyyətdə buraxır. Amerikanın özünü isə problemlərlə təkbaşına, üz-üzə qoyur”.
ABŞ-ın ÜST-dən çıxması sözsüz ki, bu təşkilatın yenidən qurulmasına gətirib çıxaracaq. Digər tərəfdən isə bəzi digər ölkələr də ÜST-lə münasibətlərinə yenidən baxmaq istəyir. Məsələn, Avstraliya hökuməti ÜST-ü ciddi tənqid edir və bildirir ki, pandemiyadan sonra üzvlük haqqının həcmini azaldacaq.
ÜST-lə münaqişədə olan ölkələrdən bir də Tayvandır. Bildiyimiz kimi, Çin Tayvanın müstəqilliyini tanımır və Tayvan hökuməti “Çinpərəst” ÜST-ün ona qarşı göstərdiyi mövqedən çox narazıdır.Tayvan bildirir ki, ÜST koronavirus barəsində operativ məlumat vermədiyindən onlar problemlərlə qarşılaşıblar. Hətta, ÜST rəhbəri Tedoros Qebreesus deyib ki, onun ünvanına tayvanlılardan “irqçi təhqirlər”gəlib.ABŞ-ın “The Hill” qəzeti ÜST ətrafında baş verənlərlə bağlı səhiyyə üzrə mütəxəssislərin fikirlərinə xüsusi yer verib. Qəzetin “Trampın ÜST-dən çıxması ABŞ-a qarşı bumeranq zərbəsi ola bilər” başlıqlı məqaləsində deyilir: ”Səhiyyə sahəsi üzrə ekspertlər xəbərdarlıq edirlər ki, ABŞ ÜST- dən çıxmaqla pandemiya dövründə həm öz ölkəsinin vətəndaşlarının, həm də dünyadakı bütün insanların həyatını təhlükə altında qoyur.
ABŞ-da xəstəliklərin profilaktikası və nəzarəti üzrə mərkəzin keçmiş direktoru Riçard Besser isə deyib: “Biz çox şeydən imtina edirik. ÜST artıq 70 ildir ki, mövcuddur və insan sağlamlığının qorunması üçün qlobal yanaşmanın formalaşmasında çox mühüm rol oynayır. İnsanların bütün dünya üzrə sağlamlığına ümumi cavabdehlik daşıyır. Unutmayaq ki, dünyanın bir tərəfində səhiyyənin böhranla üzləşməsi digər ölkələrin də sağlamlığına çiddi təsir göstərə bilər.”
Hazırda görünən odur ki, ABŞ-dakı prezident seçkilərində respublikaçılar qalib gələrsə, məsələ 2021- ci ilin 6 iyul tarixində yekunlaşacaq.Trampın seçkilərdəki əsas rəqibi olan Demokratlar Partiyasının namizədi Co Bayden isə deyib ki, qalib gəldiyi təqdirdə o, ABŞ-ı ÜST-də saxlayacaq.
Məlum olduğu kimi, ABŞ lideri ÜST-ü koronavirusun yayılmasına görə məsuliyyət daşıyanlara qarşı fəaliyyətsizlikdə günahlandırmışdı. Ancaq qeyd olunmalıdır ki, ÜST “SARS-Cov-2” adı verilən yeni təhlükəli virus barəsində ilk həyacan təbili çalan beynəlxalq təşkilatdır və bu təşkilat Çin hakimiyyətinə təzyiq göstərərk, onu koronavirusun ilk genom şifrəsinin dərcinə məcbur etmişdi. İndi bütün dünyada məhz həmin genomun əsasında vaksin hazırlanır.ABŞ-ın “Beynəlxalq İnkişaf Agentliyi”nin keçmiş rəhbəri Ceremi Koninc isə məsələ barəsində bildirib: ”Pandemiyanın ABŞ-da tüğyan etdiyi bir zamanda Ağ ev administrasiyasının ÜST-ün ünvanına dediyi tənqidlər əsassızdır”.
“ABŞ-ın ÜST-dən çıxması qlobal səhiyyə sistemindəki məlumatlardan məhrum olması deməkdir”“Minnesota Universiteti” nəzdindəki “İnfeksion xəstəliklərin araşdırılması mərkəzi”nin direktoru Maykl Osterxolm da ÜST-dən ayrılmanın əleyhinədir: ”ÜST Ebola qripindən tutmuş Zika virusunadək müxtəlif xəstəliklərə qarşı peyvənd hazırlanması işi ilə məşğuldur. Koronavirusla bağlı meydana gələn tənqidləri nəzərə alan ÜST daxili islahat aparılmasına söz verib. Buna oxşar vəziyyət 2014-2015-ci illərdə Qərbi Afrkada Ebola virusunun yayılması zamanı da yaşanmışdı.
Onda Amerika təşkilatdakı yenidənqurmada aktiv iştirak etmişdi. Lakin indi o, ÜST-ü tərk edir. ABŞ-ın bu təşkilatdan çıxması onun qlobal səhiyyə sistemindəki böyük həcmli məlumatlardan məhrum olması deməkdir. Bu məlumatlar isə müxtəlif ölkə hökumətlərinə öz ərazilərindəki böhranla mübarizə aparmaqda yardım göstərir. Məhz elə ÜST-ün nüfuzu sayəsində amerikalı mütəxəssislər pandemiyanın ocağı sayılan Uhan şəhərində olublar. Beynəlxalq təşkilatın dəstəyi olmadan Çin hökuməti amerikalı mütəxəssislərin təhqiqat aparmasına çətin ki, icazə verərdi”
“The Hill”qəzeti daha sonra yazır ki, gələcəkdə hansı ölkələrin ilk olaraq peyvənd əldə etməsində və bunun tanınmasında ÜST-ün verəcəyi qərar mühüm rol oynayacaq. Virusa qarşı dərman və həmçinin də peyvəndin birinci olaraq məhz Amerika şirkətlərinin işləyib hazırlayacaqlarına isə təminat yoxdur.“AzPolitika.info”
Tarix: 13-07-2020, 11:26