Prezident Vladimir Putin bəzi qüvvələrin Rusiyanı bölmək niyyətində olduğunu iddia edib.
“Bəzi qüvvələr 2000-ci illərdə Rusiyanı parçalamaq istəyirdi”.
Onun sözlərinə görə, 2000-ci illərdə güc strukturlarının Qafqazda çeçen separatçıları ilə mübarizəsi zamanı sonuncular öz planlarını gerçəkləşdirməyə yaxın olublar:
“Özü də bunu yalnız Qafqazla bağlı söyləmək olmaz. Ölkənin şimalında, şimal-qərbində, mərkəzdə, Uralda - bir sözlə, hər yerdə eyni proses gedirdi. Müxtəlif vilayət və ya respublikaların konstitusiyalarına göz atmaq kifayət edər ki, orada onların Rusiyanın tərkib hissəsi olduğuna dair cümlə olmadığını görəsən”.
Lakin Kremlin sahibi hansı region və ya respublikalardan söhbət getdiyini açıqlamayıb.
Kremlin rəhbəri ötən əsrin 90-cı illərində gömrüklər və sərhədlərlə bağlı ağılsız qərarlar qəbul olunduğunu da əlavə edib.
Onun fikrincə, indi də Rusiyanı parçalamaqla ona hakim olmaq istəyən qüvvələr mövcuddur. Lakin bu prinsip konkret bir dövlətdə onu daxildən bölmək yolu ilə həyata keçirilə bilər. Putinin sözlərinə əsasən, ruslar həmişə vətənə sadəqətləri ilə fərqləniblər.
“Burada həmişə bir ideya olub: “ya qalib gələcəyik, ya da bizi yox edəcəklər”, - deyə o söyləyib.
Lakin V. Putin parçalamaq istəyən qüvvələrlə bağlı konkret ad çəkməyib. Ona görə də prezidentin mesajında Rusiya ilə bağlı yaranmış təhlükəyə işarə etdiyi, yoxsa son illər olduğu kimi xaricdə düşmən obrazı yaratmaqla hakimiyyətini möhkəmlətmək məqsədinə xidmət etdiyi aydın ifadə olunmur.
“Rusiyada vəziyyət çox ağırdır”
Politoloq Elşən Manafov Cebhe.info-ya açıqlamasında bildirdi ki, Putinin narahatlığı son zamanlara onun siyasi mövqelərinin zəifləməsindən irəli gəlir. Bu isə Rusiyanın bölünməsində maraqlı olan böyük dövlətlərin öz planlarını həyata keçirməsi üçün real şərait yarada bilər:
“Putinin açıqlaması Rusiyada yaranmış ictimai-siyasi və sosial-iqtisadi gerçəkliklərdən irəli gəlir. Pandemiyada dövründə Rusiyada əhalinin sosial-iqtisadi durumunun ağırlaşması, protest elektoratının səsinin güclənməsi, eləcə də Rusiyanın sistem müxalifətinin Putinə ünvanlanmış tələbləri və istefa çağırışları təbii ki, prezidenti belə açıqlama ilə çıxış etməyə sövq edən amillərdir. Rusiya Dövlət Dumasında kommunistlər və liberal-demokratlar Putinə iradlarını bildirdilər. İstər Zyuqanov, istər Jirinovski mövcud vəziyyətlə bağlı Putinin istefasını tələb ediblər. Rusiya kommunistlərinin bölgədə olan deputatları da artıq bu cür iradlarla çıxış etməyə başlayıb. Əslində, Rusiyada vəziyyət çox ağırdır. Görünür, belə vəziyyətdə Putinin hakimiyyəti üçün ciddi təhlükənin yaranması reallıqlarından çıxış edən sistem müxalifəti artıq bu cür mövqe sərgiləməyə başlayıblar. Başqa bir amil Rusiyanın parçalanması üçün ABŞ və Qərb ölkələrinin xüsusi xidmət orqanları tərəfindən hazırlanmış planlardan ibarətdir. Həminn planlar bu gün də mövcuddur. Rusiyanın nəhəng bir dövlət olaraq parçalanması Qərbin, xüsusilə də ABŞ-ın, digər tərəfdən isə özünü Moskvanın geosiyasi müttəfiqi kimi təqdim edən Çinin maraqlarına xidmət edə bilər. Çünki Rusiyanın Suriya böhranına müdaxiləsindən sonra ABŞ-ın bu bölgədəki planları həyata keçmədi. Nəticədə, Rusiya bu vəziyyətlə razılaşmağa məcbur oldu. Rusiya Türkiyə və İranla birgə çıxış edərək Suriyanın parçalanmasının, onun federativ dövlətə çevrilməsinin, Kürdüstan dövlətinin yaradılması ilə bağlı ABŞ-ın planlarının qarşısını aldı. Eyni zamanda, Suriyada baş verənlər Rusiyanın bölgə dövlətindən dünya dövlətinə çevrildiyini göstərdi. Putinin təbirincə desək, Suriyada baş verən proseslərin Şimali Qafqaza təsir çox böyük ola bilərdi. Hadisələr də göstərir ki, gərginlik Rusiyanın cənubunda, yəni Dağıstanda, Çeçenistanda və Şimali Qafqazın digər ərazilərində daha çox müşahidə olunur. Bu bölgələrdə hadisələrin arzuolunmaz məcraya yönəlməsi Kreml üçün gerçəkdən baş ağrısına çevrilə bilər. Şimali Qafqazdan başlanmış mərkəzdənqaçma prosesi qısa müddətdə Rusiyanın başqa regionlarına da yayıla bilər. Qərb mütəxəssislərinin hesablamalarına görə, Rusiya ərazisində 20-25 kiçik dövlətin yaranması mümkündür. Lakin ABŞ-ı düşündürən məsələ Rusiyanın bölünəcəyi təqdirdə böyük hərbi arsenalına, o cümlədən nüvə silahlarına nəzarətin kimin əlinə keçməsi ilə bağlıdır. Çünki nüvə silahına malik olan Rusiyanın qəfil çökməsi ABŞ-ın maraqlarına cavab vermir. SSRİ-nin dağılmasından sonra da nüvə silahının taleyi məsələsi ABŞ-ı narahat edirdi. Ona görə də Amerikanın yaxından iştirakı ilə Rusiya həmin silahları Qazaxıstan, Ukrayna və Belarusdan qaytarıb öz ərazisinə yerləşdirə bildi. Bu baxımdan, nüvə silahının kiçik dövlətlərdə qalması onun terrorçu qrupların əlinə keçməsi riskini artırır. Ona görə də ABŞ buna razılıq verə bilməz. Hazırda Rusiya hakimiyyəti üçün ciddi problemə çevrilmiş amil ölkə daxilində sosial-iqtisadi narazılığın artan xətt üzrə irəliləməsidir. Kreml pandemiya dövründə əhalinin sosial müdafiəsi istiqamətində düşünülmüş, ciddi addımlar atmayıb. Rusiya hökuməti əhalinin sosial müdafiəsi deyil, özünütəcrid mövqeyindən çıxış edir. İnsanların sosial müdafiəsi üçün büdcədən heç bir vəsait ayırmır. Bu amil də Rusiyada Putinin xeyrinə işləmir. Xüsusilə də Qərbyönlü müxalifətin, xüsusilə də navalnının videoçarxlar vasitəsilə yayılan müraciətləri, hətta sistem müxalifətinin özünün belə Kremlə qarşı çıxış etməsi Putini narahat etməyə bilməz. Ona görə də Putin pandemiya başa çatdıqdan sonra referendim keçirmək və yaranmış yeni hüquqi reallıqlardan istifadə edib özünün hakimiyyətini daha da möhkəmləndirmək istəyir”.
Qeyd edək ki, həm Rusiya, həm də beynəlxalaq ictimaiyyətdə Putinin prezidentliyi dövründə Rusiyanı parçalamağın qeyri-mümkün olduğuna dair rəylər üstünlük təşkil edir. Bu səbəbdən, Kreml rəhbərinin narahatlığının daha çox post-Putin dövrü ilə bağlı olduğu düşünülür.
Lakin Elşən Manafov hesab edir ki, prezident Putinin siyasi mövqeləri son vaxtlar zəifləməsi və ölkədə sosial narazılığın artması fonunda Rusiyada ciddi inqilabi proseslər baş verə bilər:
“Rusiyanın güclənməsində, regional güc mərkəzindən dünya dövlətinə çevrilməsində Vladimir Putinin siyasi xidmətləri çoxdur. O cümlədən, Krımın qanunsuz da olsa ilhaqından sonra imperiya siyasətçisi kimi Putinin nüfuzu daha artdı. Amma əhalini bu kimi dəlillərlə uzun müddət idarə etmək mümkün deyil. Müxalifət də bunun fərqindədir. Əgər əvvəllər “nə qədər Putin sağdır, Rusiyanı parçalamaq qeyri-mümkündür” fikrinə inananlar çox idi.
Hazırda isə Qərb Rusiyada mərkəzdənqaça meyllərinin artdığını anlayır. Kreml əhalinin sosial müdafiəsi ilə bağlı təcili və təxirəsalınmaz tədbirlər görməsə, müxalifətlə münasibətləri öz maraqları müstəvisinə gətirməsə, Qərbin siyasi və maliyyə dəstəyi ilə Putinin hakimiyyətdən götürülməsi üçün real zəmin yarana bilər. Artıq bunun üçün post-Putin dövründə deyil, elə onun hakimiyyəti dövründə baş verə biləcəyi barədə proqnozlar da çoxalıb. Doğrudur, Putin xarizmaik siyasətçidir. Lakin Putin iqtidarı ilk növbədə, əhalinin sosial müdafiəsi ilə məşğul olmalıdır. Tarixdə bütün imperiyaların sonu olub. Bu o zaman baş verir ki, Leninin dediyi kimi yuxarılar əvvəlki qaydalarla idarə edə bilmir, aşağılar da əvvəlki qaydalarla yaşamaq istəmir. Nəticədə, kütlələrin inqilabi fəallığı artır. Biz Rusiyada əhalinin inqilabi fəallığının artdığını görürük. Əgər Kreml qabaqlayıcı tədbirlər görməsə, xüsusilə də müxalifətlə münasibətləri qaydaya salmasa, Putinin hakimiyyəti üçün çox ciddi problemlər yarana bilər”.