Cəmi bir neçə gün bundan irəli Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili gürcü hakimiyyətinə maraqlı siaysi sövdələşmə təklif etdi – belə ki, eks-prezident ona müəyyən səlahiyyətlər veriləcəyi təqdirdə Gürcüstanın iqtisadiyyatını dirçəltmək üçün beş milyard dollardan da artıq vəsait cəlb edəcəyini bəyan etdi.
Amma lap əvvəldən məlum idi ki, ona bu cəlbedici yolla belə Gürcüstan hökumətini tələyə yönəltmək mümkün olmayacaq.
Aydın idi ki, Bidzina İvanişvili Saakaşviliyə Gürcüstanın böyük siyasətinə yenidən daxil olmaq imkanı verməz, özü də səxavətli milyarder statusu ilə. Çünki gürcülərə koronavirusa qalib gəlmək müyəssər olsa, onlar bu payızda, daha doğrusu, oktyabr ayında növbəti parlament seçkisinə start verəcəklər.
Bəllidir ki, elə M.Saakaşvilini də cəlb edən əsas bu detal idi: mübaliğəsiz demək olar ki, Gürcüstana cəlbedici təkliflərlə qayıtmaq onun seçkilərdə qələbə çalmaq şansını birə on atrırardı, çünki vədlərinə baxmayaraq hətta İvanişvilinin özünə Gürcüstanın iqtisadiyyatına və ya sosial sferasına milyardlar yönəltmək mümkün olmayıbdır.
Amma heç bir -iki gün belə keçmədi ki, Gürcüstanın eks-prezidenti haqqında tamam başqa xəbərlər daxil oldu. Məlum oldu ki, Ukrayna prezidenti V.Zelenski ona vitse-prezident, həm də Ukraynanın islahatlar naziri olmaq təklifi edib. İlkin xəbərlərə görə, Saaşkaşvili artıq bu təklifi qəbul etmişdi və biz bu sətirləri yazarkən Ali Rada da bu məsələni müzakirə etməli idi.
Qeyd edək ki, çox qısa müddət ərzində Saakaşvili Ukraynanın böyük siyasətinin qapılarını aça bildi. Vaxtilə o, Odessanın qubernatoru və həm də Ukrayna prezidenti P.Poroşenkonun müşaviri olmuşdu. Sonuncü prezident seçkiləri zamanı siyasi analitiklər ona qələbə olmasa da, hər halda, yüksək elektoral göstəricilər proqnozlaşdırmışdılar. Amma o vaxt Saakaşvili Zelenskinin xeyrinə öz namizədliyini geri götürdü.
Aydındır ki, belə siyasi jestlər qəti cavabsız qalmır və V.Zelenski seçildikdən sonra, demək olar ki, bütün siyasi müşahidəçilər Gürcüstanın eks-prezidentinə hansı vəzifənin veriləcəyini gözləyirdi.
Burada, əlbəttə, bir məqamı qeyd etmək yerinə düşər. Saakaşvilinin uslahatçı demokratlar arasında böyük nüfuzu var və onu korrupsiyaya qarşı ardıcıl mübariz kimi tanıyırlar.
Təsadüfi deyil ki, ötən yay Moldovanın da baş naziri ona öz hökumətində yüksək vəzifə təklif etmişdi. Amma Moldova prezidenti bunu çox soyuq qarşıladı və görünür, elə bu səbəbdən də təklif reallaşa bilmədi.
Politoloqların əksəriyyətinin fikirncə, elə prezident V.Zelenskinin təklifinə də bir qədər fərqli müstəvidən baxmaq lazımdır.
Bu, heç də M.Saakaşvilinin ötən seçkilərdəki jestinə cavab deyil.
Ukrayna indi çox ciddi problemlər yaşayır: koronavirus onsuz da iflic olan iqtisadiyyatı tamam iflic edib.
Prezident V.Zelenski hər yerdə ölkəsi üçün sərfəli kreditlər axtarır və yeri gəlmişkən, o, Azərbaycanın da prezidentinə xahişlə müraciət edibdir və bəzi xəbərlərə görə, artıq prezident İ.Əliyev Ukraynaya 300 milyon dollarlıq kreditin ayrılması haqda göstəriş verib.
Saakaşviliyə edilən təklifə də bu rakursdan baxmaq lazımdır. V.Zelenskini Gürcüstanın eks-prezidentinin geniş əlaqələri və nüfuzu cəlb edir. Əlbəttə, Saakaşvilinin xarakterini də unutmaq olmaz: o, çox qətiyyətli və prinsipial siyasətçidir ki, bu da ciddi sosial-iqtisadi problemlərin həlli zamanı çox vacib keyfiyyətlərdir.
Amma Saakaşvilinin “qüsurlu” cəhətləri də az deyil. Birincisi, belə adamlar heç bir halda ikinci fiqur ola bilmirlər, onlar sanki hər yerdə birinci olmaq üçün doğulublar.
İkincisi, bütün keçmiş komsomolçular kimi Saakaşvilidə də bir azacıq kampaniyaçılıq, bir az da avantürizmə meyl var.
Üçüncüsü, Ukraynanın onsuz da Rusiya ilə münasibətləri çox, olduqca gərgindir. V.Zelenski onları yumşaltmağa, özünün nəhəng qonşusu ilə dialoq və kontakt qurmağa cəhd edir – amma biri var bunu istəmək, hətta buna çalışmaq, biri də var buna nail olmaq. Bu müddət əzrində iki ölkənin münsibətlərində çox az şey dəyişibdir. Bəli, ötən il “Ştaynmayer formulu” üzrə danışıqlara start verildi, amma burada da ürəkaçan ardıcıllıq və ən əsası da, nəticə olmadı – bir tərəfdən pandemiyə, digər yandan da Kremllə danışıqların çox narahat və ya çətin olması ucbatından Ukrayana prezidenti Kiyevlə Moskvanın münasibətlərində hələki konstruktiv müstəviyə çıxa bilməyibdir.
M.Saakaşviliyə gəldikdə isə, Kremldə onu “yaxşı tanıyırlar” və təsadüfi deyil ki, bəzi politoloqlar artıq xəbərdar edir ki, Gürcüstanın eks-prezidentinin nazir təyin olunması Moskvanın əlavə qəzəbinə səbəb ola bilər.
Amma qeyri yol da görünmür. “Kobzarların ölkəsi”ndə - Ukraynada demokratlar inqilab etməyi öyrəniblər. Amma işləmək də lazımdır axı! Kimsə çətin qərarlar qəbul etməli və bilməlidir ki, bəzi hallarda böhrandan çıxmaq üçün qeyri -populyar qərarlar da qəbul etmək lazım gəlir...