Redaksiyamıza müraciət edən qazi Nahid Abdullayev iddia edir ki, tanışı Aqil Həsənli Həsrət oğlu tərəfindən dələduzluğa məruz qalıb.
Aqil Həsənli
Tribunainfo.az-a danışan qazi Nahid Abdullayevin sözlərinə görə, o, 3-4 il əvvəl tanış olduğu Aqil Həsənli üçün bankdan kredit götürüb və bu məbləği ona təhvil verib. Lakin Həsənli son iki ilə yaxın müddətdə kreditləri ödəsə də, 4 aydır ödənişləri dayandırıb.
Qazi yaranmış vəziyyəti belə izah edir:
“İki ildən sonra ödənişlər qəfil dayandı. Kreditlərimə gecikmələr düşdü. Maaşımın böyük hissəsi bu borclara gedir. Kirayədə qalıram, çətinlik çəkirəm. 30 min manatlıq kreditin 20 minə yaxını hələ də mənim boynumdadır. Həmçinin, Aqil Həsənli üçün maşınımı lombarda qoyub kredit götürmüşdüm. O krediti də ilk aydan ödəmədi və müqaviləyə əsasən maşınım satıldı. Ümumilikdə mənə 35 min manat ziyan vurub”.
Qazi Nahid Abdullayev
Qazi bildirir ki, Aqil Həsənli özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edərək təkcə ona deyil, onlarla vətəndaşa qarşı dələduzluq edib:
“Mənim kimi çox insanı aldadıb. Hətta bir nəfər bu adam üçün evini satıb, sonra da ailəsi dağılıb. Mənim bildiyim 10 nəfər var, amma yüzlərlə adamı aldadıb və Gürcüstana qaçıb”.
Qazi Nahid Abdullayev həm psixoloji, həm maddi, həm də mənəvi baxımdan ciddi zərər gördüyünü deyir:
“Onsuz da müharibədən sonra psixologiyam yerində deyildi. Bu hadisələr isə vəziyyətimi daha da ağırlaşdırdı”.
Şikayətçi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının tədbir görməsini istəyir.