Xəbər verdiyimiz kimi, ABŞ-ın Ohayo ştatında yaşayan Kələntərovlar ailəsi pandemiya dövründə dəstək kreditləri vasitəsilə onlarla saxta əkinçilik müəssisələri yaratmaqda və bunun üçün dövlətdən 7,4 milyon dollar kredit almaqda ittiham olunur. Pravda.az-ın xəbərinə görə, “Azerbaijan Union” təşkilatının (Şimali Amerikada yaşayan azərbaycanlıların birliyidir) rəhbəri Fərhad Ələkbərzadə məsələyə münasibət bildirib:
“Hər şeyi fırıldaqçılıq adlandırmayın. Məbləğin götürülüb, sonra bağışlanması haqqında yazmışdım. Görünür misinformasiya alınıb. Bu barədə bir-iki məlumat verim. Pandemiya başlayandan sonra Kiçik Biznes Administrasiyası üçün federal hökümət bir neçə dəfə yardım ayırıb. Bu qurum bizneslərə 2 cür kredit verir: İqtisadi Fəlakət Krediti (ingiliscə qısa EIDL) və Maaş Qorunma Proqramı (ingiliscə qısa PPP).
Bir çox kiçik bizneslər bu proqramdan yararlanır. Hətta biznesini satanlar belə bunu edir. Məsələn, təsəvvür edin ki, Mayami ştatında restoranını 195 min dollara satan bir amerikalı birinci 100+ min dollar üzəri yardım alır, sonra isə biznesi satır (bunu broker işləyən yoldaşım deyib).
Bu düzdürmü? Hökuməti düşünsək, çox pis bir şeydir. Faktiki olaraq biznes sahibi məsələdən istifadə edir. Və bunu minlərlə Amerikalı edir. Məsələn, Floridada broker işləyən yoldaşım yazır ki, pandemiyadan öncə Floridada 6500 biznes satılırdısa, indi onların sayı 2500 düşüb. Satanlar da yuxarıda qeyd olunan yollardan istifadə edib, sonra satmağa çalışır (alan adama deyirlər ki, gözlə, yardımı alım, sonra sənə satacam).
Bu arada, bu məbləğin bağışlanması barədə yazmışdım, amma görünür misinformasiyaya yol vermişəm. Qeyd etmişdim ki, bizneslər krediti götürüb, 1 il sonra bağışlanmasına müraciət edə bilərlər. Kələntəli ailəsi də ola bilər belə edib.
Sonra xəbərləri araşdırdım. Baxdım ki, onlar daha çox EIDL, yəni fəlakət yardımı götürüblər. Bu proqram üzrə müraciətin isə hələlik rəsmi bağışlanma prosesi yoxdur. Yəni kredit kimi götürürsən, sadəcə, aşağı faizlə, (məs. 3.5%) səhv etmirəmsə, 30 ilədək ödəyirsən. Bu da nə imkanı yaradır? Sadəcə aşağı faizlə kredit götürüb, biznes edirsən.
Qeyd edim ki, PPP isə götürdüyün məbləği düzgün xərcləmisənsə (yəni maaşlara, kirayəyə və s.) və biznes yenə ötən ilkinə görə pul itiribsə, bağışlayırlar. Bu arada EIDL+PPP birlikdə müraciət edənlər kreditin bir hissəsinin bağışlanmasına müraciət edə bilirlər (bu barədə SBA saytında məlumat var).
Bəs Kələntərli ailəsində nə prolemi yaranıb? Xəbərlərdə qeyd olunur ki, ailə çoxsaylı yeni bizneslər yaradılıb, onların adına fəlakət yardımı krediti götürülməsində ittiham olunub. Çünki bu proqramdan yalnız 1 fevral 2020-ci ilə qədər fəaliyyət göstərən şirkətlər yararlana bilər (SBA saytı belə deyir).
Yəni adamlar pulu götürüb qaçmayıblar, gizlətmək istəməyiblər. Sadəcə, hökümətin yaratdığı aşağı faizli kreditə müraciət ediblər və bu zaman tələblərə uyğunsuzluq yaranıb.
Zaur Kələntərli bildirib ki, məhkəmə gedir deyə, detalları açıqlaya bilməyəcək. Amma mən belə anlayıram ki, məsələ yuxarıdakı kimidir. Yenə səhv edə bilərəm.
Ümumiyyətlə Azərbaycanda xəbər saytlarının və böyük kütləyə sahib “Facebook” səhifələrinin istəyi, sadəcə, geniş müzakirəyə səbəb olacaq söz-söhbətin yaranması, postlara reaksiya (like) və rəy toplamaqdır.
İndi bu ailə barədə mənfi məlumat bölüşənlər yayacaqmı ki, bəs fırıldaqçılıq etməyiblər? Məncə, etməlidirlər. Özlərindən fantaziya fikirləşib düşünməsinlər.
Bu arada bəzi dostlar mənə “inbox”a yazmışdı ki, bəs bu məsələ Azərbaycanda viza alanlara problem yarada bilərmi? Çünki bəzi insanlar xəbər yayırdılar ki, bu Azərbaycan adına xələl gətirib. Onlara cavab verdim ki, yalan məlumatdır, heç bir dəxli yoxdur.
Təsəvvür edin ki, ABŞ Konqresinin masasında Azərbaycanda insan haqqlarının pozulması isə bağlı qətnamə var (məs. S.204). Bəli, Azərbaycan höküməti və burada hökümətə yaxın olan diaspor nümayəndələri bu barədə susurlar, heç bir petisiya filan da başlamırlar. Çünki bu həqiqətdir və əksinə bunu yaymaq özləri üçün daha pisdir. Hələ ermənipərəst siyasətçilərin ölkəmizə qarşı açdıqları digər qətnamələrdən danışmıram. Görün heç bu dövlət səviyyəsində sənədlər sizə viza almağa problem yaradıb? Ona görə şaiyələrə inanmayın.
Ən qısa zamanda bu maliyyə məsələsini həll etmələrini arzulayıram".
Tarix: 27-03-2021, 15:45