Gözünün önündə cinayət baş verir və kənardan həyəcanla izləyirsən...


Gözünün önündə cinayət baş verir və kənardan həyəcanla izləyirsən...
Ekspert: “Canini məşhurlaşdıracaq, onu maraqlı adam, diqqətəlayiq şəxs kimi tanıdacaq hallara ol vermək olmaz”
 
Efirdə cinayət xəbəri yayımlanır. Cinayətin detalları da xəbərdə öz əksini tapır. Baxırsan ki, müxbir təfərrüatı yazarkən qələminin mürəkkəbinə xəsislik etməyib. 3-5 dəqiqəlik bir süjet səni alıb aparır olay yerinə. Elə bilirsən ki, cinayət hadisəsi bu dəqiqə gözünün önündə baş verir, sən də kənardan izləyirsən. Bəzən eşitdiklərindən ətin ürpəşir, insana yaraşdırmadığın soyuqqanlılıq, vəhşiliklə üz-üzə qalırsan.
 
Bəs cinayət xəbərləri auditoriyaya necə çatdırılmalıdır? AYNA-nın sualını cavablandıran media eksperti Zeynal Məmmədli prinsipləri belə sadalayıb:

1. Heç bir halda canini və cinayəti məşhurlaşdıracaq, onu maraqlı adam, diqqətəlayiq şəxs kimi tanıdacaq hallara (deyim, görüntü, sitat, şərh və s.) yol verməmək;
 
2. Cinayət əməlinin texnologiyası, detalları (tutalım, bank seyfini yarmanın texniki üsulları, çağdaş vasitələri və s. bənzər şeylər) heç bir halda telexəbərdə əksini tapmamalı;
 
3. Uşaq və yeniyetmə yaşlı qanun pozucularının üzünün göstərilməsi, şəxsiyyətlərinə aid detalların (ad-soyad, ünvan və onları tanıdacaq hər hansı digər detal) verilməməsi;
 
4. Məhkəmə hökmü olmadan kriminal olaya qatılanın müqəssir kimi qələmə verilməsi;
 
5. Polisdən alınan məlumatın, yerli-yersiz, olduğu kimi səsləndirilməsi, polis şərhinin tək düzgün variant kimi diqqətə yetirilməsi yolverilməzdir;
 
6. Mümkün olduqca, cinayətin sosial-iqtisadi, varsa, siyasi səbəbləri diqqətdən kənarda qalmamalı, uyğun mütəxəssis baxışlarına yer ayrılmalıdır;
 
7. Reportyor, aparıcı və ya şərhçinin dilindən potensial cinayət iştirakçısının şəxsiyyətinə, etnik, zonal, dini və yaxud siyasi mənsubiyyətinə yönəlik suçlayıcı ifadələrə yer verilməməli;
 
8. Belə xəbərlər şayiə, söylənti, gümanlara deyil, təsdiqlənmiş bilgilərə -faktlara söykənməli, sanki hər şey məlummuş kimi dəyərləndirmələrə imkan verilməməlidir;
 
9. Və s.
 
10. Əsas prinsip: İnsan hüquqlarına sayğı, peşə və etik prinsiplərin cikinə-bikinədək gözlənməsi. 
 
“Cinayət əməlinin bütün detalları ilə auditoriyaya çatdırılması nə dərəcədə düzgündür?” sualına isə ekspertin cavabı belə olub:
 
1. Yalnız cinayətin mahiyyətini və miqyasını anlamağa yardım edəcək təsdiqlənmiş bilgilərə - faktlara dayanılmalıdır və detallardan yalnız bu məhdud ölçüdə istifadə edilməlidir;
 
2. Olaya hər hansı qiymətləndirmə polis ifadəsi, ekspert şərhi və müxtəlif şahid ifadələri şərçivəsində olmalıdır;
 
3. Hər hansı fərqli yanaşma varsa, bu yanaşma olayın mahiyyət və miqyasını, sosial önəmini anlamaq baxımından diqqət çəkirsə, bildirilməlidir;
 
4.  Və s.
5. Yenə əsas prinsip: insan hüquqlarına sayğı, günahsızlıq prezumpsiyası və s. vacib məqamlar gözardı edilməməlidir.
Tarix: 23-03-2021, 08:01
Xəbəri paylaş



Xəbər lenti