İlham Hüseyn Düşüncələr, yanaşmalar, mövqelər müxtəlifdi və təbiidi. Amma bir qrup insanlar var ki, həmişə pessimizm, məğlubiyyət, məyusluq, ümidsizlik gəzdirirlər. Əslində bunu qəsdən etmirlər. Sadəcə olaraq döyüşmədən təslim olmaq, işləmədən yorulmaq xəstəliyinə yoluxublar. Bir dəfə haqsızlığa etiraz etməyib, bir dəfə zalıma irad bildirməyib, bir dəfə zülm olunanın əlindən qaldırmayıb, amma “heç nə düzələn deyil” şüarıyla ömür sürür və özün hamıdan ağıllı sayır. Düşüncəsinin xəstəliyin müdrüklük hesab edir. Ən pisi də budur ki, bu “xəstəlik” yoluxucudu və sürətlə yayılır. Bu adamlar hesab edirlər ki, hər şey öz-özünə düzəlməlidir, ədalətsizliklə üz-üzə qalmaq bizim qismətimizdi, hansısa qüvvə bizim əvəzimizə taleyimizi nizama salmalıdır və.s Amma bu “epidemiya” daşıyıcıları başa düşmürlər ki, “həyat mübarizədir” deyiminin fəlsəfəsi tamam fərqlidir. Əgər arzuladığımız hər şey həyata keçsəydi, təkcə arzulamaq kifayət etsəydi, “mübarizə” sözü yaranmazdı. Heç bu anlayışa ehtiyac da olmazdı. Həyat ona görə mübarizədir ki, arzularla reallıqlar üst-üstə düşmür. Arzuları reallaşdırmaq üçün mübarizə aparmaq mütləqdi. Ürəyimiz alma istəyəndə, alma göydən düşür? Əlbəttə ki, yox. Bunun üçün pul qazanmaq, o pulla bazara getmək və almanı almaq lazımdı. Yəni, mübarizə aparmadan alma da yemək olmaz. Əlbəttə, cəmiyyət olaraq çox uğursuzluqlara düçar olmuşuq. Saxtakarlığı, hüquqsuzluğu, korrupsiyanı az qala alın yazısı kimi qəbul etmişik. Elə məğlubiyyət də bundan başlanır. Henri Ford deyirdi ki, uğursuzluq nələrisə yenidən, daha müdrik şəkildə başlamaq imkanıdır. Tomas Edisson isə “edə biləcəyimiz hər şeyi etsəydik, buna özümüz də təəccüblənərdik” deyirdi. Yəni, mübarizə aparmadan təslim olmaq, yaşamadan ölmək kimidi. İnsan uğursuzluğa meydan oxuyanda böyük olur. Həyat mübarizədir və bu mübarizəni apararaq yaşamaq lazımdı. Əks halda, həyat imtahanından “2” alıb, sinifdə qalmağa məhkumuq. Əgər sən, mən, o özümüzü düzəltsək, hər şey düzələcək. Naqis adamların alnımıza yazdığı yazını, alın yazısı kimi qəbul etməyək. Bizim alnımıza “mübarizə” yazılıb. Sadəcə saxta yazıları silib, xalis yazını oxuya bilməliyik.