Azərbaycanda “Ağıllı kənd”lərin yaradılması üzrə hazırlıq işləri davam edir. Azərbaycanda ilk dəfə olaraq «Ağıllı kənd» layihəsinin reallaşdırılacağı barədə xəbərlər 2018-ci ilin oktyabrında Prezident İlham Əliyevin Qax rayonuna səfəri zamanı yayılmışdı. Qax Damazlıq İpəkçilik Stansiyasının açılışında prezident İlham Əliyevə Kənd təsərrüfatı naziri İnam Kərimov bu barədə məlumat vermişdi. Nazir bildirmişdi ki, “Ağıllı Kənd” – “Dövlət Kənd İnkişafı layihəsi” çərçivəsində həyata keçirilir.Prezident İlham Əliyev bu ilin fevralın 14-də işğaldan azad olunmuş Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri zamanı Zəngilan rayonunda olarkən bu ərazilərdə də “ağıllı kənd” yaradılacağını diqqətə çatdırıb. “Zəngilan rayonunda birinci “ağıllı kənd” layihəsi icra ediləcək. Bu gün layihəyə start verilir. Artıq ilkin araşdırmalar aparılıb. Bu, dağılmış Ağalı kəndidir. Bərpa ediləcək birinci kənd məhz bu kənddir”.Prezident belə demişdi. Şəhər planlaşdırılması üzrə mütəxəssis Fuad Cəfərli bu barədə danışıb. *** -Fuad bəy, işğaldan azad olunmuş ərazilərdə “Ağıllı kənd” layihələri həyata keçiriləcək. Bu layihənin əsası nədir? Yəni, “ağıllı kəndlər” digər ənənəvi kənd və şəhərlərdən nə ilə fərqlənəcək? -“Ağıllı kəndlər” ideya deyil, bu 2016-cı ildə Avropa İttifaqının ucqar ərazilərdə yerləşən kəndlərin inkişaf etdirlməsi üçün nəzərdə tutulan bir bəyannəməsi əsasında yaranan sənəddir. Onun əsas məqsədi xidmətlərə əlçatanlığı təmin etmək,elektron xidmətlərdən istifadəni genişləndirmək, sirkular iqtisadiyyatı yatarmaq və kənd yerlərində davamlı inkişafı təmin etməkdir. -Smart sistem yeni dövrün tələbidir. Amma eyni zamanda da belə bir sistemin qurulması xeyli vəsait tələb edir. Sizcə, Azərbaycanda bir kənddə və ya şəhərdə belə bir sistemin qurulması üçün nə qədər vəsait lazımdır? -Mən 2 məsələyə toxunmaq istəyirəm. Birincisi, əgər biz daha inkişaf etmiş kəndlər/qəsəbələr/şəhərlər qurmaq istəyiriksə, bunu “ağıllı” adlandırmağa ehtiyac yoxdur. Sovetlər dövründə Azərbaycanda kəndlər kifayət qədər inkişaf etmiş infrastruktura malik idilər və belə bir infrastruktur qurulacaqsa, onu “ağıllı” adlandırmağa ehtiyac yoxdur. İkinci məsələ isə texnologiya ilə harmonik olan yaşayış məskənlərinin qurulmasıdı. Bura yeni texnologiyaların tətbiqindən tutmuş kənd təsərrüfatı istehsalındakı dəyər zənciri və yerli turizmin inkişafına qədər olan bizim üçün qeyri-ənənəvi olan sahələrin inkişafı lazımdı. Bu layihələrin həyata keçirilməsi kifayət qədər vəsait tələb edəcək.Yeni smart yaşayış məntəqələri 5G texnologiyalı İnternet sürəti tələb edir, həmin kənddə “ağıllı” evlər olmalıdır, həmin “ağıllı” evlər isə ağıllı yüksək texnologiyalar istifadə etməlidirlər. Hansı ki qiymətləri olduqca yüksəkdir və hətta inkişaf etmiş ölkələrdə belə evlər çox azdır, ya da pilot layihələr səviyyəsindədir. Başqa məsələ onun belə adlandırılmasıdır. “Ağllı” kəndi yaratmırlar, o, mövcud olanın daha da inkişaf etdirilməsidir. İşğaldan azad olunmuş ərazilərdə kəndlərin yaradılmasına ehiyac yoxdur, çünki kənd anlayışı yaşayış məntəqəsi olaraq tarixə qovuşub. Həmin ərazilərdə qurulan belə məskənlərin adı qəsəbə (ingiliscə town), ya da şəhər olmalıdır. Yaxın tarixə nəzər salsaq görərik ki, bizdə belə bir təcrübə olub. 2011-ci ildə Bakıda qurulan intellektual idarəetmə sistemi. İdeya özü zamanın tələbi və qurulan infrastruktur baxımından qənaətbəxş idi, amma nə onu idarə edə bilən kadr potensialı və qərar qəbul edənlər oldu, nə də bu ideyanı lazımi səviyyədə təqdim edənlər. Belə “ağıllı” şəhər ideyaları yüksək texnologiyaların tətbiqi, həm də onun işlədilməsinin əsasında dayanır. Azərbaycanda hazırki İnternet infrastrukturu və onun sürəti belə layihələrin heç olmasa ilkin səviyyədə həyata keçirilməsinə imkan vermir. Hələ də Azərbaycanda 4K keyfiyyətli Youtube videloarını izləmək mümkün deyil, çünki sürət çox aşağıdır. -Azərbaycan Çin və ya Yaponiya, yaxud hansısa inkişaf etmiş Avropa ölkəsi deyil. Yəni, texniki cəhətdən o qədər də inkişaf etməyib və ya bu sahədə ixtisaslaşmış mütəxəssislərin sayı kifayət qədər deyil. Sizcə, bu yükün altına girmək və ya qurduqdan sonra bu sistemi işlətmək çətin olmayacaq ki? – Texniki cəhətdən onu yaratmaq kifayət qədər vəsait tələb edir, həmin sistemin saxlanılması da kifayət qədər çox vəsait və resurslar tələb edir. Narahatlığınız haqlıdır, biz Azərbaycanda belə layihələrin hansı sonluqla bitdiyini görmüşük. -“Ağıllı” kənd layihələri Azərbaycana nə verəcək? Yəni, bu layihələrin qazancı olacaqmı? Büdcəyə xeyri dəyəcəkmi? -Məncə, bu layihə daha çox prestij məsələsidir. Belə layihələrin inkişaf etdirilməsi üçün həmin yaşayış məskənlərində həm də yüksək ixtisaslı kadrlar yaşamalıdır və işləməlidir. Bu layihələr büdcəyə hər hansı bir fayda gətirməyəcək, əksinə, hər il onların saxlanması üçün kifayət qədər vəsait lazım olacaq. -“Ağıllı” kənd layihələrində məqsəd həm də ondan ibarətdir ki, kənd yerlərində insanların şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə çıxışı olsun. İnsanlara kənddə pul qazanmaq, biznesini inkişaf etdirmək imkanı yaradılsın. Bütün bunları tətbiq etmək Azərbaycanda mümkün olacaqmı? -Azərbaycan 4-cü sənaye dövrü ölkəsi deyil, baxmayaraq ki, müəyyən elektron ticarət və elektron xidmətlər hesabına gəlirlər əldə etmək mümkündür. Lakin yeni yaşayış məntəqələrinin iqtisadiyyatı olmalıdır. Və bunlar ənənəvi iqtisadiyyatın sahələri olmalıdır. Buraya həm istehsala həm də tədarük kimi zənciri daxil etmək olar. Tərəddüd etdiyim məsələlərdən biri budur ki, biz hətta şəhərlərdə tam olaraq xidmətə əlçatanlığı təmin edə bilmədiyimiz halda, bunları kəndlərdə necə edəcəyik. Məncə, məsələnin ən başına geri qayıtımaq lazımdır. Həmin kəndlərdə daha mobil olan elektron xidmətlərlə yanaşı effektli yerli idarəetmə institutları yaradılmalıdır. –Dünya təcrübəsində artıq bir çox ölkədə “Ağıllı kənd” layihələri tətbiq olunub. Sizcə, Azərbaycana bu təcrübələrdən hansı daha yaxındır? Və ümumiyyətlə, bu layihənin tətbiqi və sonradan səmərəli layihə kimi işləməsi üçün təklifləriniz nədən ibarətdir? -Dünya təcrübəsində ‘Ağıllı şəhər’ layihələri tətbiq olunur. Hələ ki onlar da yalnız sahənin mütəxəssisləri tərəfindən belə adlanır. Əslində, insanlar bunu gündəlik həyatlarında çox hiss etmirlər. Texnoloji inkişaf hələ lazımi səviyyəsinə çatmayıb və 5G texnologiyasının tətbiqindən sonra bunu daha yaxşı görmək imkanımız olacaq. “Ağıllı kəndlər” ideyasına bənzər, amma yaxşı idarətetməyə misal olacaq təcrübələri Avropada saysaq bitməz. Həmin yaşayış məntəqələri bütün xidmətlərə əlçatanlığı təmin ediblər və dayanıqlı iqtisadiyyatları var. Contact.az