Bir neçə gündən sonra Xocalı faciəsinin 29-cu ildönümü qeyd olunacaq.
Bu münasibətlə
Moderator.az faciə şahidlərinin dilindən silsilə yazıları təqdim edir. Növbəti müsahibimiz Qarabağ qazisi Quliyev Kərəm Xankişi oğludur. Müsahibimiz Xocalı faciəsi ilə bağlı bizə bunları nəql edib:
“Mən Xocalıda polis serjantı olmuşam və Xocalıdan çıxmadan bir neçə gün öncə kəşfiyyatla piyada Ağdama gəlib qayıtmışam. Yolları yaxşı tanıyırdım. Fevralın 25-dən 26-na keçən gecə mən də Xocalıdan çıxmışam. Torpaqlarımız bu illər ərzində işğal altında olduğu üçün heç bir mətbu orqana danışmamışam. Onda təklif edəndə ki, məndən müsahibə alsınlar, demişəm ki, biz ölmüşük, danışmağa haqqım yoxdur. Amma indi bu günki gündə ki, o torpaqlar alınıb 52 yaşımda haqqım var bu haqda danışam. Vətən müharibəsində hərbi formamı geyib döyüşə getdim. Düzdü, bizi Murovdağı istiqamətində bir ay ehtiyatda saxladılar. Yenə də düşməndən qisasımı ala bilmədim.
Fevralın 25-dən 26-na keçən gecə Xocalı camaatını meşəylə Ağdama çıxardıq. Rəhbər işçilərdən biri mənə dedi ki, “Kərəm, özün Ağdama sağ gedib çıxsan, camaatı aparmasan, səni özüm güllələyəcəm”. Qardaşım ağır yaralandı, amma onu görmədim, camaatımızı ordan çıxardım. Üç gün bundan öncə Xocalının icra başçısının yanına getmişdim dedi ki, “qəhrəman xoş gəlmisən”. Dedim ki, “müəllim, qəhrəman nədi?” Dedi ki, “Mingəçevirə getmişdim orda Gülarə adlı qadın var, o, dedi ki, şəxsən əlimdə imkan olsaydı, birinci növbədə Quliyev Kərəmə Milli Qəhrəman adı verdirərdim”.
Xocalı faciəsində qardaşım ağır yaralandı, əmim ermənilərə əsir düşdü 40 gün sonra onu geri aldıq. Xocalıdan çıxanlar hamısı qardaşım-bacımdır. Orda mən əgər fərq qoysaydım, ailəmi elə yollarla çıxaradım ki, birinin də burnu qanamazdı. Amma mən öz ailəmi unudub bir polis işçisi olaraq xalqa xidmət etdim. Şəhidlik böyük zirvədir, şəhid olmasam da onların qarşsında baş əyirəm. Amma bir onu bilirəm ki, əsas odur ki, xalqım üçün nəsə köməklik edə bildim.
Mən bu gün də Xocalıya qayıtmağa hazıram. Amma şəxsən bizə deyilir ki, Xocalının Şuşa ətrafındakı kəndlərinə köçürüləcəyik. Amma dedim ki, yox, mən ora getmirəm. Otuz ildə üç qəbiristanlıq salmışıq və dördüncüsünə ehtiyac yoxdur. Mən doğulduğum torpağa getmək istəyirəm. İki oğlum var və biri Xocalı Polis Şöbəsində işləyir. İki dəfə Hadruta aparıblar və bir həftə öncə isə Sığınaq kəndindən gəlib. Atamın qəbri Xocalıdadır, anamı 1999-cu ildə Naftalanda dəfn etmişik. 29 ildir atamın məzarını ziyarət etmək üçün həsrət çəkirəm. O yerlərdə keçirdiyim uşaqlığım yadıma düşəndə kövrəlirəm. Bir sözlə, biz hər zaman Qarabağa qayıtmağa hazırıq”.
Tarix: 8-02-2021, 14:36