Pandemiya sınağından nə valideynlər, nə də müəllimlər çıxa bildi - hər kəs günahı bir-birinin üzərinə atır
Azərbaycanda şagirdlərin bir qismi ənənəvi məktəb həyatına davam edir. Amma koronavirus pandemiyasının üçüncü dalğası başlayacağı təqdirdə tədrisin yenidən dayandırılacağı gözlənilir. Bəs bu bir il müddətində uşaqların, şagirdlərin psixologiyasında, ümumi vəziyyətində nələr dəyişdi? Təcrid dönəmi onların gələcək həyatında necə iz buraxacaq?
Koronavirus pandemiyası insanların psixi sağlamlığına dərin təsir göstərə bilər - indi və gələcəkdə. Bunu deyən psixiatrlar və psixoloqlar təcili tədqiqatlar aparılmasına çağırırlar.“Lancet Psychiatry” nəşrində dərc olunmuş məqalədə onlar real vaxt rejimində psixi sağlamlığın monitorinqi üçün smartfonlardan istifadə etməyə çağırıblar.
Onların qənaətincə, uşaqlar və cəmiyyətin ön cərgəsində koronavirusla mübarizə aparan səhiyyə işçiləri üçün də xüsusi dəstək proqramları hazırlanmalıdır.
Keçirilmiş sorğular göstərir ki, qorxu hissi və təcrid rejimi artıq insanlara təsir göstərməyə başlayıb. Psixi sağlamlıq məsələləri ilə məşğul olan Mind xeyriyyə fondu bildirib ki, insanlar onlara lazım olan dəstəyi almaq üçün artıq mübarizə aparmalı olublar. Psixi sağlamlıq sahəsində 24 aparıcı ekspert evdə qalan insanlara kömək etmək üçün effektiv alətlər və dəstək proqramları hazırlamaq məqsədi ilə əhalinin psixi sağlamlığının “anbaan” monitorinqinin geniş tətbiqinə başlamağa çağırıblar.
“Artan sosial izolyasiya, tənhalıq, sağlamlıqla bağlı narahatlıq, stress və iqtisadi tənəzzül, zehni sağlamlığa və insanların rifahına zərər vura biləcək güclü bir təsir mənbəyidir,”- məqalənin müəlliflərindən biri olan “Glasgow” Universitetinin professoru Rori O’Connor bildirib.
Onun sözlərinə görə, heç bir tədbir görülməyəcəyi təqdirdə həyəcan və depressiya kimi halların, eləcə də spirtli içkilər, narkotik və qumar oyunlarına müraciət edənlərin və evsiz qalanların sayının və bu kimi digər fəsadların sayının çoxalması riski artacaq.
Məqalənin müəllifləri qeyd edirlər ki, narahatlıq, depressiya, özünə xəsarət yetirmə, intihar və digər psixi sağlamlıq problemlərinin səviyyəsinin monitorinqinin təmin edilməsi prioritet vəzifədir.
Tibb Elmləri Akademiyası tərəfindən martın sonunda keçirilmiş iki onlayn sorğu insanların psixi sağlamlığının cari vəziyyəti haqqında təsəvvür yaratmağa imkan verib.
Britaniyanın MQ xeyriyyə təşkilatı tərəfindən keçirilmiş və psixi pozğunluqları olan bir çoxları da daxil olmaqla, 2100-dən çox insanı əhatə etmiş sorğulardan birində pandemiya dövründə dəstək və xidmətlərə daxil olmaq barədə respondentlərin ifadə etdiyi narahatlıqları və mövcud sağlamlıq problemlərinin pisləşə biləcəyindən təşviş keçirdiyi vurğulanıb.
İctimaiyyəti təmsil edən digər daha 1099 respondent isə sosial təcridin fəsadları və böhrana qarşı reaksiyanın yaratdığı maliyyə çətinlikləri ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Pandemiya zamanı narahatlıq və stressin artması gözlənilsə də, sənəddə deyilir ki, depressiyaya düşən, özlərinə xəsarət yetirən və ya intihar edənlərin sayının artması riski var.
Məqalədə qeyd olunub ki, məsələn, 2003-cü ilin Sars epidemiyası zamanı 65 yaşdan yuxarı insanlar arasında intiharların sayı 30 faiz artmışdı.
Eləcə də deyilib ki, bu pandemiyaya qarşı görülən tədbirlər son nəticədə qaçılmaz surətdə işsizliyin, maliyyə çatışmazlığının və yoxsulluğun artması nəticəsində psixi sağlamlığa ciddi təsir edəcək.
Valideynlər müəllimlərdən, müəllimlər isə valideynlərdən narazıdır - pandemiyanın öhdəsindən kim daha pis gəlib?“Uşaqların gündəlik qrafiki tamamən korlanıb. Hər zaman axşam saat 10 olmamış yatan uşaq indi gecə 12-1-dən tez yatağa girmir. Əlində telefon, oyun oynayır, nələrəsə baxır. İrad bildirəndə də deyir ki, onsuz da sabah məktəb yoxdur”. Bunu 2 uşaq anası Aybəniz Musayeva deyir. Onun sözlərinə görə, keçilən onlayn dərslər də effektli deyil. Bəzən internetin zəifliyi, bəzən müəllimlərin, bir çox hallarda isə uşaqların səhlənkarlığı dərsi mənimsəməyə mane olur. “Bu bir ili uşağın, həm də hamımızın ömründən oğurlanmış il hesab edirəm".
Amma müəllimlər bu məsələdə valideynlərlə eyni fikirdə deyil və məsuliyyət payının ədalətli formada bölüşdürülməsini tələb edirlər. Orta məktəbdə kimya fənnindən dərs deyən Qalibə Əhmədovanın fikrincə, burada valideyn məsuliyyəti və məsələyə həssas yanaşma xüsusi rol oynayır. Onun sözlərinə görə, məhz valideynlər evdə uşaqlara uyğun şərait yaratmalı, keçilən dərslərlə maraqlanmalıdırlar: Şagirdlər ev şəraitində olduqları üçün müəllimlə əlavə ünsiyyət fürsətləri olmadığından dərs zamanı yaranan çətinlikləri valideynləri ilə bölüşə bilməli, onlardan düzgün məsləhət almalıdırlar. Uşaq hər hansısa mövzunu anlamaqda çətinlik yaşaya bilər və bu normaldır. Bu zaman şagird, əgər valideyni tərəfindən dəstək görməsə, onun motivasiyası düşə bilər".
Müsahibimiz hesab edir ki, həmçinin valideynlər uşaqlarına elə şərait yaratmalıdırlar ki, onlar üçün ev sadəcə dərsdən ibarət olmasın, eyni zamanda özlərini rahat və sərbəst hiss edəcəkləri bir yer olsun.
Q.Əhmədovanın fikrincə, bir neçə ayda yaşanan təcrübə sübut etdi ki, bəzən uşaqların onlayn dərs keçdiyi zamanlarda evdə tədris prosesi üçün düzgün seçilməyən mühit onlara bir sıra çətinliklər yaşatdı. Şagirdin dərsini dinləməsi və diqqətinin yayınmaması üçün otağı və ya bu imkan yoxdursa, ən azı heç kimin müdaxilə etməyəcəyi sakit bir guşəsi olmalıdır. Valideynlərin dərsə müdaxiləsi arzuolunmazdır, əks halda, şagird dərs prosesi zamanı çəkinə, fəal iştirak etməyə və ya diqqəti yayına bilər. Onlayn dərslərdə əsas diqqət yetirilməli olan məsələlərdən biri məhz uşaqların fikirlərini cəmləyərək monitora - müəllimin söylədiklərinə fokuslanmasıdır.
Sosial araşdırmalar sübut edir ki, ailələrdə yaşanan aqressiya uşaqlara çox pis təsir göstərir. Bəzi valideynlər qayğı və narahatlıqlarını, yaşadıqları problemləri birbaşa uşaqlarına yansıdırlar ki, bu da səhv bir hərəkətdir. Ailələrdə yaşanan aqressiya burada böyüyən uşaqlara pis təsir göstərir. Və belə uşaqların onlayn dərs keçən zaman fikirləri dağınıq olur, onlar diqqətlərini cəmləyə bilmirlər.
Psixoloqlar isə deyirlər ki, uşaqlar hər bir situasiyaya tez uyğunlaşa bilərlər, yetər ki, onlara baş verən prosesləri düzgün şəkildə anlatmağı bacaraq. Bizim vəzifəmiz yaşadığımız nə olursa-olsun təmkinimizi itirməmək və uşağımızın yanında olaraq baş verən istənilən çətinlikləri dəf etməkdir. Yaşca bir qədər böyük uşaqlar valideynlərinin qorxularını başa düşə və onlarla birlikdə vəziyyətdən çıxış yolunu müzakirə edə bilərlər. Kiçikyaşlı uşaqlar isə yaşanan çətinlikləri və yaxud hansısa bir problemi dərk və təhlil etməyi bacarmasalar belə, ailədəki gərgin atmosferi hiss edirlər. Valideynlər həyat tərzlərinin dəyişdiyini başa düşürlər və illər ərzində inkişaf etdirilmiş sistemi tez bir zamanda yenidən tamamilə fərqli şəkildə qurmağa çalışırlar. Artıq uşaqlar da yaşadıqları bu fərqli mühiti anlamaqdadırlar.
Uşağınızı bu mərhələdən sağlam çıxarmaq istəyirsizsə... bunları edinKeçək mütəxəssis məsləhətlərinə. Problem ortadadır. Bəs çıxış yolu nədədir? Uşaqlar bütün günü evdə qaldıqlarına görə aqressivləşiblər. Televizor, telefon aludəçiləri hədsiz dərəcədə artıb. Bu müddət ərzində xüsusilə uşaqların yuxu rejimi pozulub. Valideynlər karantin dönəmində bacardıqca rutin həyat vərdişlərini dəyişməməlidirlər. Yəni uşaqlar normalda 21:00-22:00 arası yatırdısa, indi dərs yoxdur, 00:00-01:00-da yata bilərsən deyərək 6, 7, 8 yaşlarındakı uşaqların rejimini tamamilə dəyişdirmək olmaz.
Gündüz yuxusu olan uşaqların gündüz yuxusundan məhrum olmasına yol vermək olmaz. Bəzən valideynlər özləri də buna etinasız yanaşırlar. Düşünmək lazımdır ki, gec saatlarına qədər oyaq qalan bir uşağın əsəb sistemi daha da gərilmiş vəziyyətdə olur. Normalda uşaq saat 09:00-da oyanırdısa, gec yatdığı üçün 12:00-da oyanır, yemək rejimi pozulur. Bu rejim pozulduqda insanın sinir sisteminə və psixoloji vəziyyətinə birbaşa təsir göstərir. Eyni zamanda bu duruma vərdiş yaranır.
Ekspertlər hesab edir ki, pandemiya bitəndən sonra məktəb həyatına öyrəşməkdə, sosial həyata adaptasiya olmaqda çətinlik çəkəcəklər. Bu, nəinki uşaqlarda, həm də böyüklərdə də özünü göstərəcək. Buna görə də məktəb başlayanda uşaqlarda aqressiya yaranacaq. “İpoxandriya” deyilən xəstəlik xəstəliyi yaranır, uşaq xəstəlik vəziyyətindən çıxa bilmir. Dolayısı ilə daim arzulayır ki, kaş məktəblər həmişə bağlı qalaydı. Bu da uşağın təhsilinə, digər proseslərə təsir göstərəcək.
Karantin rejimi yaşıdları ilə ünsiyyətdə ola bilməyən uşaqlarda stress, aqressivlik yaradırAraşdırmalar eyni zamanda sübut edib ki, karantin rejimi yaşıdlarıyla ünsiyyətdə ola bilməyən uşaqlarda stress, aqressivlik, inadkarlıq və daha aşağı əhval-ruhiyyə yaradır. Karantin dövründə valideynləri çalışan, eyni zamanda mütəmadi olaraq pandemiyanın neqativ təsirləri ilə bağlı xəbərləri mediadan izləyən uşaqlarda təşviş pozuntuları müşahidə oluna bilər. Bunun fonunda isə depressiv narahatlıqlarla da rastlaşmaq mümkündür. Bu cür əlamətləri müşahidə edən valideynlər zamanında mütəxəssisə müraciət etdiyi təqdirdə problemin xroniki hal almasının və şəxsiyyətinə birbaşa təsirinin qarşısını ala bilər.
Yalnız onlayn sistemdə təhsil alan uşaqlarda dərslərə qarşı demotivasiya, diqqət dağınıqlığı, fikrini düzgün ifadə edə bilməmə və təhsil prosesindən uzaqlaşma kimi hallar müşahidə oluna bilər. Lakin yeni dönəmə adaptasiya ilə bağlı yarı onlayn, yarı əyani təhsil sistemi uşaqların həmyaşıdları ilə ünsiyyətini bərpa etməsinə, əvvəlki təhsil sisteminə qismən qayıtmasına, dərslərinə qarşı motivasiyasının artmasına və özünü aktuallaşdırmasına səbəb ola bilər. Belə olduğu təqdirdə uşaq özünü məhdudlaşmış deyil, daha rahat hiss edəcək. Bu hal isə pandemiyanın onlar üzərindəki mənfi təsirini azaltmaq istiqamətində müsbət addım olacaq.
Sevinc TELMANQIZI,“Yeni Müsavat”
Tarix: 4-02-2021, 09:11