Şəhid məzarları: Fakt, hüquq və mənəviyyat dartışması


Şəhid məzarları: Fakt, hüquq və mənəviyyat dartışması
Hüquq müdafiəçiləri məsələ ilə bağlı hökumətə müraciət edəcəklər
 
Qaradağ rayonu ərazisində yerləşən qəbiristanlıqda dəfn olunmuş 17 şəhidin ailə üzvləri etiraz edirlər. Onlar müxtəlif dövlət qurumları qarşısında məsələ qaldıraraq, məzarların köçürülməsini tələb edirlər. Buna səbəb isə şəhid məzarlarının qrunt suları altında qalmasıdır.
 
AYNA-ya danışan şəhid Tağıyev Hüseyn Oqtay oğlunun həyat yoldaşı Ayşən Tağıyeva məzarın köçürülməsini istəyir: “Biz iki aya yaxındır ki, etiraz edirik. Axırı məcbur qaldıq, sübut edək ki, buradan su çıxır. Qəbirin üstünü açdıq, su içindədir”.
Qərarı MN verib” - Şəhid məzarları ilə bağlı İcra başçısından AÇIQLAMA |  KONKRET
Şəhid xanımının sözlərinə görə, hələ də onlara dəqiq cavab verilməyib: “Biz hələ də etiraz edir, qəbirlərin İkinci Fəxri Xiyabana köçürülməsini tələb edirik”.
 
Məsələ ilə bağlı yerli mətbuata açıqlama verən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, şəhidlərin dəfn edildiyi yer ərazicə Qaradağa məxsus olsa da, tabeliyi Bakı şəhər rəhbərliyindədir: “Ora əvvəl Müdafiə Nazirliyində idi, müharibə veteranlarını basdırırdılar. İndi də Yasamal və Nəsimi rayonlarından olan şəhidləri basdırırlar. Bizim bu məsələdə heç bir iştirakımız yoxdur. Yəqin ki, Müdafiə Nazirliyi qərar verib”.
 
Ərazidə qrunt sularının toplanması məsələsinə isə icra başçısının münasibəti belə olub: “Əvvəllər orada qrunt sularının üzə çıxması halı müşahidə olunmayıb. Dəfn üçün başqa bir yer təklif olunması bizim səlahiyyətimizdə olan məsələ deyil. Bu barədə qərarı Müdafiə Nazirliyi verməlidir”.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı isə AYNA-ya deyib ki, bununla bağlı qərarı onlar vermirlər: “Qərarı biz – Müdafiə Nazirliyi vermirik”.
 
Hüquq müdafiəçisləri məsələ ilə bağlı hökumətə müraciət etməyə hazırlaşırlar. Bu haqda AYNA-nı məlumatlandıran hüquq müdafiəçisi Novella Cəfəroğlunun sözlərinə görə, bu istiqamətdə danışıqlar olub: “Biz dünən o şəhid analarının fəryadını gördük. İnsanın ürəyi dağlanır. Bu gün bu torpaqda rahat gəzməyimizi şəhidlərimizə borcluyuq. Onların elə bir yerdə dəfn edilməsi biabırçılıqdır. Dünən biz hüquq müdafiəçiləri öz aramızda danışmışıq, bu məsələ ilə bağlı hökumətə yazılı müraciət edəcəyik. Aidiyyəti qurumlar vaxtında məsələyə baxmalı idi, indi ki belə olub, biz də müraciətimizi edəcəyik”.
Novella Cəfəroğlu: “Amnistiya məsələsinə isə parlament baxa bilər”
Bir də işin, daha doğrusu, qəbirlərin köçürülməsinin dini-mənəvi tərəfi var. Bunu AYNA-ya şərh edən ilahiyyatçı Ağa Hacıbəylinin sözlərinə görə, dini baxımdan qəbir köçürülməsinə o zaman ehtiyac duyulur ki, o, təhlükəli, uçurumlu, selin-suyun qabağında itib-batacaq yerdə olsun: “Sevgili Peyğəmbərimizin dövründə şəhidlər şəhid olduqları bölgənin qəhrəmanı olaraq orada dəfn olunarmışlar. Sonra insanlar ziyarətə gedəndə həmin qəhrəmanları yerindəcə görər, orada tanış olarmışlar. Bu, İslamın bizə verdiyi böyük dəyərlərdən biridir”.
 
“Lakin istər Birinci Qarabağ müharibəsində, istərsə də İkinci Qarabağ müharibəsində biz bunu gerçəkləşdirə bilməmişik. Əziz qardaşlarımız, igidlərimiz şəhid olduqdan sonra ailələrinə təhvil verilib. Dini baxımdan qəbirin köçürülməsi o zaman mümkündür ki, həmin cənazələr uçurumlu, təhlükəli, düşmənin tapdağı altında qalacaq yerlərdədir, suyun-selin gəlib aparacağına dair narahatlıq var. Bu zaman qəbirin köçürülməsi uyğun görülür. Əks təqdirdə, bu yatan zatları mənəvi evlərində hüzursuz etmək doğru deyil”, - müsahibimiz bildirib.
Kəbədə ölən azərbaycanlı harada dəfn olunacaq ?
“O şəhidlər təkcə ailələrinin deyil, bütün millətin şəhidləridir. Bizim bilmədiyimiz hər hansısa bir ehtimal varsa – qəbrin yox olması və ya başqa bir təhülkəli ehtimal - o zaman, təbii ki, ailələrə yardım etmək, qəbirlərin köçürülməsinin təmin olunması onların haqqıdır. Yox, əgər belə bir təhlükə yoxdursa, o zaman dediyimiz kimi, həmin şəhidlər artıq bizim millətin şəhidləridir, buna görə də elə yerində qalması daha yaxşıdır. Ziyarət edən, oradan keçən hər kəs ruhlarına dua oxuyacaq”, - deyə ilahiyyatçı əlavə edib. 
 
Köçürülmə prosesinə qaldıqda, Hacıbəyli prosesi belə izah edib: “Təbii ki, bu prosesdə də müəyyən hüquqi qaydalar gözlənilir. Köçürülmə əsnasında dəfn olunmuş vücudda nə qalırsa, götürülür və öncədən təyin olunmuş yerə aparılıb dəfn olunur. Hərçənd ki, şəhidləri torpaq yeməz, onlar ana vətənə xidmət edib, o torpaq kimyasında onlar əriyib getmir, şəhid olduğu kimi də qalır”.
Tarix: 27-01-2021, 22:20
Xəbəri paylaş



Xəbər lenti