“Defolta görə Kiriyenkoda günah yoxdur, günah məndədir” deyən kəndçimiz


.İndi sizə lətifəyə oxşayan bir hadisə danışacam, harda ağır seyid var, cəddinə and içə bilərəm ki, real hadisədir, sadəcə, ağızdan-ağıza keçdiyi üçün bir qədər bəzənmiş ola bilər.
Bizim kənddə bir oğlan var (90-cı illərdə oğlan idi, indi kişidir), adını şərti olaraq D (tutaq ki, Dilavər) qoyaq, gəncliyində iaşə sektorunda işləmişdi, amma qaçqınçılıqdan sonra özünə düz-əməlli bir sənət tapa bilmirdi. Hansı işə meyllənirdi, o işin zibili çıxır, qapısı bağlanırdı. Ona görə də D bəxtindən gileyli idi.
Bir gün, 1998-ci ilin yayında, Kiriyenkonun Rusiyanın baş nazir olduğu dövrdə Sibir tərəflərdə yaşayan kəndçilərimiz, D-nin dostları, qohumları telefon danışığı zamanı ona deyirlər ki, yığış, gəl bəri, burada sənə iş-güc düzəldərik. D tərəddüd edir, deyir, gəlməyə gələrəm e, amma bu bəxt ki məndədir, getdiyim yeri quruduram, qorxuram gələm, sizi də bədbəxt edəm. Onlar o tərəfdə gülürlər, deyirlər, qaqa, bu Rassiyadır e, şedraya duşa-filan, okeanda su qurtarar, burda pul qurtarmaz, çamadanını götür, gəl.
D çamadanlarını qablaşdırıb gedir “azad çöllərdə ömürlük dost ailəsi yaratmış” Rassiyaya, yəni Rusiyaya. Kəndçimiz Sibirə çatır, qohumlarıyla, dostlarıyla görüşür, xoş-beş, on beş, yemək-içmək, ziyafət, hay-huy, yıxılıb yatırlar. Ertəsi gün tezdən o, dostlarıyla nə iş görəcəyi barədə müzakirə apararkən informasiya məkanını belə bir xəbər bürüyür ki, Rusiyada defolt olub, rubl kəskin dəyərdən düşüb, insanlar bir saatın içində kasıblaşıblar.
Hamı suya-buza dönür, qanqaraçılıq, hiddət, ümidsizlik, nigaranlıq... Bu əsnada D bərkdən gülür, deyir, ay uşaqlar, mən sizə demədimmi ki, getdiyim yer quruyur.
Bəlkə də onların bəziləri inanırlar ki, Rusiyadakı avqust devalvasiyasının Kiriyenkoyla, onun iqtisadi siyasəti ilə əlaqəsi yoxdur, əsas səbəb D-nin Bakıdan Sibirə gəlməsidir.
Amma hamımız bilirik ki, bu, bir təsadüfdür, bir ölkədə devalvasiyanın, inflyasiyanın olması, qiymətlərin artması heç də bir, hətta min bəxtsiz adamın bir məkana toplaşmasına görə olmur, bunun çox yekə və dəruni səbəbləri olur.
Məsələnin ən qəribə tərəfi odur ki, defolta görə Kiriyenko məsuliyyətdən qaçmadı, “mənlik deyil” demədi, istefa verdi, elə  kəndçimiz D də mərdi-mərdanə irəli durub, “Yeltsində, Kiriyenkoda günah yoxdur, günah məndə, mənim gicqulu bəxtimdədir” deyirmiş.
Ona qalsa, 6-7 il qabaq bizdə də devalvasiya oldu, milli valyutamız dəyər itirdi, amma hamımız bilirik ki, bu, neftin qiymətinin dünya bazarında aşağı düşməsi və qlobal iqtisadi böhranla bağlıydı. Hərçənd and içənlər var ki, həmin vaxt D Sibirdə yaşamaqdan bezərək, ölkəsinə qayıtmaq, gəlib burada iş qurmaq niyyətindəymiş (ancaq bunu hələ tam dəqiqləşdirməmişəm, bu hissəsi zarafat ola bilər).
Yanvarın 4-də yanacağın qiymətinin artırılması isə tam dəqiqdir ki, D-nin bəxti ilə bağlı deyil. Ciddi səbəbləri var -  pandemiya ilə bağlı iqtisadi tənəzzül, müharibə xərcləri, postmüharibə quruculuğuna böyük maliyyə vəsaitinin lazım olması-filan. Ən yaxşısı budur ki, bunu hökumətin iqtisadçı məmurları əsaslandırsın, mən yalnız bəxtsiz kəndçimizin bu işdə əli olmadığına dair açıqlama verə bilərəm.
 Amma bir məsələ var: bir neçə həftə öncə öncə minlərlə adam yazırdı ki, şəhid ailələrinə verilən “qanpulu”nun məbləği azdır, artırılmalıdır. Minlərlə adam qeyd edirdi ki, şəhid ailələrinə verilən aylıq təqaüdün məbləği də azdır, artırılmalıdır. Qazilərin təqaüdünün artırılması barədə də minlərlə adam yazırdı. “Erməni yenə müharibəyə başlaya bilər, ona görə də hərbçilərimizin maddi-texniki təminatı, ordunun təchizatı yaxşılaşdırılmalıdır”, “yeni və effektiv silahlar almalıyıq” təklifi ilə çıxış edənlər də minlərləydi. Elm və təhsilə ayrılan maliyyə vəsaitinin artırılmasını tələb edənlər daha çox idi. Qlobal pandemiya ilə bağlı səhiyyəyə ayrılan vəsaitin 2-3 dəfə artırılması məsələsi də çox müzakirə olunurdu. Aqrar sahədə çalışanlara kompensasiya verilməsi də o cümlədən.
Ancaq deputat Aqil Abbasdan başqa heç kim demədi ki, o boyda vəsait haradan toplanacaq.
Görünür, o vəsaitin yerini bilən kişilər də var və onlar hesab edirlər ki, şəxsi avtomobili olanlar hər gün benzinə 1-2 manat artıq pul versələr, kasıb düşməzlər.
Əslində 1-2 manat bir şey deyil, amma qorxasan, təkcə benzinin qiyməti 10 qəpik bahalaşmaya, hər şeyin qiyməti arta. Bax, onda qəribin emosional ovqata qapılması qaçılmaz olacaq.

Samir SARI
Tarix: 6-01-2021, 08:55
Xəbəri paylaş



Xəbər lenti