Yenə SMS, yenə izolyasiya olunmuş həyat, yenə sərt cəza tədbirləri...






Pandemiya qarşısındakı acizliyimizin səbəbi nədir?..


Nyuton rəhmətlik isbat edib ki, hərəkət edən hər bir cismə təsir edən qüvvələrin gücü eyni deyil. Yəni, hərəkət edən cismi sabit saxlamaq üçün ona təsir edən qüvvələrin gücünün eyniləşdirmək lazımdır. 1 ilə yaxındır ki, bizdən əl çəkməyən, artan templə inkişaf edən pandemiya qarşısında olan qüvvə niyə bu qədər zəifdir? Pandemiyanın qarşısını almaq üçün atılan addımlar tək dərman və ya cəza tədbiri ilə mümkün deyil.

Sentyabrın 27-də başlayan 2-ci Qarabağ müharibəsi bir çox mövzulara aydınlıq gətirdi. Əgər ölkə əhalisini bir mövzu ilə bağlı inandıra bildinsə, bu xalq o işin həlli üçün ən dəyərlisindən belə keçir. Müharibə zamanı insanlar əllərində olan ən son azuqəsini belə cəbhəyə yollamaqdan çəkinmirdi, tərəddüd etmirdi. Ayağında cırıq ayaqqabı ilə gəzən yaşlı kişi, 180 manat pensiyasını belə cəbhəyə köçürürdü. Bir ailədən 2 uşağını şəhid verən ailələr belə, bu addımları üçün bir an belə tərəddüd etmədilər. Heş bir şəhid ailəsindən etiraz səsi gəlmədi...

İndi bu qədər fədəkarlıq edən bir xalqı COVİD-19 pandemiyası bağlı aparılan qabaqlayıcı tədbirlərdə aktiv şəkildə iştirak etməməkdə günahlandırmaq – ən azı insafsızlıqdır. Deməli, xalq bu mövzu ilə bağlı istədiyi mütməinliyi əldə edə bilməyib. Yaxud da bu istiqamətdə aparılan tədbirlərə inanmır və ya atılan addımları qənətbəxş hesab etmir. Hər şey sərt qaydalarla həll edilə bilməz.

Məsələn bu cəzaları protokollaşdıran polis işçilərinin də davranışı insanlarda aşkar şəkildə qıcıq yaradır. Sanki bu məsul şəxslərin işi daha çox cərimə yazmaq, daha çox insanın maska taxmamağını aşkar etməkdir. Hətta bir çox yerlərdə polislərə kömək edən mülki geyimli şəxslər belə, bu prosesə aktiv şəkildə qatılıb. Bütün bunlar isə bu fədəkar xalqın diqqətindən yayınmır. İnsanların maarifləndirilməsi deyil, cəzalandırılmasını əsas vəzifə bilən məmuriyyətin səmimiyyətinə bu xalqı inandırmaq mümkün deyil.

Polis işçiləri bəzən cərimə yazarkən, sanki bir cinayətkarla davranırmış kimi davranır, onu balaca uşaq kimi danlamaqdan belə çəkinmir. Bu davranış qaydası isə ümumiyyətlə qəbuledilməzdir. İnsanlara yanaşma tərzi, onlarla ünsiyyət qaydası – çox mühümdür. Mövzuları sərt cəza tədbiri olmadan belə, səmimi, içdən olan davranışlarla qismən yoluna qoymaq olar.

Təyyarəyə minənlər bilir ki, orada xidmət göstərən heyət, bunu təbəssümlə və zahirən çox səmimi şəkildə həyata keçirir. Bu işi o qədər ürəkdən edirlər və hər kəsə xüsusi olaraq elə diqqət edirlər ki, insanlar onları bəzən doğma birisi kimi qəbul edirlər.

Bu davranışın əsas hədəfi – sərnişinlərdə xoş bir əhval-ruhiyyə yaradaraq, şirkətin təhtəlşüur reklamını etmək, eləcə də, təyyarələrin oturacağına və digər aksesuarlara ziyan verməyin qarşısını almaqdır. Bu cür səmimi ortamda insanlar niyə əks reaksiya göstərsinlər ki? Eyni mövzunu restoranda xidmət edən ofisiantlara da aid etmək olar.

Yəni, deməyimiz odur ki, bu insanlar, qarşısında duran məmurun səmimiliyinə inanmır və bu, onda daha çox qıcıq yaradır. O da maskanı sadəcə cəzadan qorunmaq üçün taxır. Bu da gəldiyimiz nəticələr...

İlin əvvəlindən insanlara bir şey deyib, özləri tam fərqli davranışlar sərgiləyən məmuriyyətə inanmayan əhalidən fərqli davranışları gözləmək – sadəlövhlükdür.

Bu baxımdan bu istiqamətdə xidmət göstərən məmurların əxlaq normativləri, yazdıqları protokoldan öndə gəlməlidir ki, insanlar bu mövzuda da öz fədakarlıqlarını ortaya qoysunlar. Toplumun dəstəyini almadan, heç bir mövzuda qalib gəlmək olmaz. Xüsusən də, epidemiya kimi son dərəcə mürəkkəb məsələdə.

Mətləb Həmzəli, "Dəyərlər"
Tarix: 16-12-2020, 08:17
Xəbəri paylaş



Xəbər lenti