"Hər bir imkanı çatan insan işğaldan azad etdiyimiz ərazilərdə bir ev, villa tikməlidir ki..."






“Azərbaycan xalqı belə qələbəni heç bir zaman görməyib. Bu min illərdən gələn qələbədir. Mən bunu mütləq qeyd etməliyəm ki, belə ordu, xalqın birliyi və mühit ölkəmizdə heç vaxt olmayıb. Yadıma düşür ki, 1992-ci ildə mən tarzən Ramiz Quliyevlə, diktor Rafiq Hüseynovla Ağdama, Şelli kəndinə  əsgərlərimizlə görüşə getmişdim. O vaxtkı əsgərlərimiz də döyüşürdü, özü də hamısı aslan kimi igidlər idi, amma əllərində ov tüfəngi, ayaqlarında “vetnamka” vardı. Nə vahid bir komanda var idi, nə də normal bir hökümət. Deyirlər ki, biz o illərdə müharibəni uduzmuşduq, bu düzgün yanaşma deyil. Biz o müharibəni də uduzmamışdıq, sadəcə ölkədə heç nə vahid deyildi, düşmənlərimizə kömək edənlər var idi. İndi isə ölkədə tam başqa abu-hava hökm sürür” 

Bunu Moderator.Az-a açıqlamasında Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor, “Şöhrət” və “İstiqlal” ordenli sənətkar Fərhad Bədəlbəyli bildirib. Sənətkar döyüşçülərimizin cəsarətindən də ürək dolusu danışıb.

“Cənab prezidentimiz düz deyir də, aslan kimi vuruşdular uşaqlar. Raketlərlə, dronlarla yox, öz əlləriylə, əlbəyaxa döyüşərək Şuşanı azad edib bu aslanlar. Biz gənclərimizi tez-tez tənqid edirdik, amma onlar bizə göstərdilər ki, əsl igiddirlər. Fürsətdən istifadə edib mən onlardan üzr istəyirəm. Sağ olsun bizim gənclərimiz, əsgərlərimiz.. Rektoru olduğum Bakı Musiqi Akademiyasından da bir bəstəkar tələbəm könüllü getmişdi cəbhəyə. Gözü də zəif görürdü.. Dedim ki, hara gedirsən, ay bala? Dedi ki, yox, Fərhad müəllim, mən getməliyəm. Qayıdanda yüngül xəsarətlər alıb gəlmişdi, şükür ki, indi yaxşıdır. Biz bu gün çox xoşbəxtik, ordumuz bizə qeyrətimizi, namusumuzu qaytardı. Müharibə gedəndə mən Polad Bülbüloğlu ilə səhərdən-axşama qədər əlaqə saxlayırdım, planlarımızdan danışırdıq ki, Şuşada ev, musiqi məktəbi tikəcəyik. Bunları dövlətin yox, öz hesabımıza edəcəyik. Hər bir imkanı çatan  insan işğaldan azad etdiyimiz ərazilərdə bir ev, villa tikməlidir ki, orada izimiz qalsın. Gələcək nəsillər də qoy bu rayonlara elə- belə baxmasın. 1960-cı illərdə Bakıda rayonlu uşaqlara bir az yuxarıdan aşağı baxırdılar ki, bu rayonludur. Amma əslində rayon uşaqları, kasıb ailənin nümayəndələri, kənddə yaşayan igidlərimiz bizi xilas ediblər, onlar vuruşublar. Bunu yaddan çıxarmaq olmaz. Onların çoxu da şəhidlik zirvəsinə ucalıb. Şəhidlərimizdən danışanda kövrəlirəm, çox pis oluram (kövrəlir).. Bizim o qədər qohumlarımız, tanışlarımız var idi ki, şəhid oldular. Onların anaları yas mərasimlərində ağlamırdılar, “Vətən sağ olsun” deyirdilər. Mən baxıb məhtəəl qalırdım” deyə sənətkar bildirib.

Professor siyasi partiyaların həmrəyliyindən də danışıb. O həmçinin içində bir narahatlığın da hökm sürdüyünü bildirib.

“Azərbaycan indi tamam başqa ölkədir. Bir müddət əvvəl ölkəmizdəki siyasi partiyalar bir-biri ilə vuruşurdular, amma indi müxalifət partiyalarının hamısı cənab prezidentimizi dəstəkləyirlər. 50-dən çox siyasi partiya Ali Baş Komandanı dəstəklədi, bu böyük bir nailiyyətdir. Bu qələbə bizim üçün ilk addımlardır. Amma müharibə hələ davam edir, ermənilər çox çirkin millətdir. Bu gün onlar yenə də öz fırıldaqlarına başlayırlar, Xankəndindən istifadə edib, məktəb açırlar. Bu barədə çox ciddi nəzarət olmalıdır. Soruşmaq lazımdır ki, bu erməni uşaqları hansı kitablarla o məktəblərdə oxuyacaqlar? Yenə  ermənistan? Bəs bu nə olacaq? Bu yara hələ qalıb, bu yaranın üstündə biz çox ciddi işləməliyik” deyə Fərhad Bədəlbəyli deyib. 

Xalq artisti ulu babasının Şuşada sarayı olduğunu da bildirib.

“Ulu babam Bəhmən Mirzə Qacar 19-cu əsrdə ailəsi ilə İrandan Rusiyaya köçüb. O İran padşahının doğma qardaşı idi. 1-ci Nikolay ona Şuşada yer verib. Ulu babamın Şuşada sarayı var idi, amma 1905-ci ildəki toqquşmalarda ermənilər o sarayı yandırmışdılar. Ondan sonra Şuşaya ancaq Bülbülün, Süleyman Ələsgərovun evinə gedirdik. Şuşa nəinki Azərbaycan üçün, bütün dünya üçün böyük bir mədəni yerdir. Yaxşıkı əsgərlərimiz oranı işğaldan azad edəndə bir o qədər də dağıtmadılar. Ermənilərin tikdiyi binaları söküb, qədim Şuşanı yenidən bərpa etmək lazımdır. Cıdır düzündəki musiqi festivallarında, konsertlərdə görüşənədək. Bu dəfə saytınız üçün müsahibəni orda götürmək diləyi ilə” - Xalq artisti bildirib.
Tarix: 7-12-2020, 10:02
Xəbəri paylaş



Xəbər lenti