Dünən Azərbaycan Ordusunun azad etdiyi yaşayış məntəqələri içərisində Qubadlı rayonunun Əbilcə kəndi də var. Bu kənd məşhur konfiliktoloq Elxan Mehdiyevin kəndidir. Konfiliktoloqun bu günlərdə Qubadlı rayon mərkəzinin alınması münasibətilə çox emosional bir məqaləsini oxucularımızın diqqətinə çatdırmışdıq. Doğma kəndi Əbilcənin azad edilməsinin onda hansı hisslər oyatdığını öyrənmək məqsədilə Moderator.az Elxan Mehdiyevə bu barədə bir neçə sual ünvanlayıb. Konfiliktoloqun cavablarını təqdim edirik:
- Elxan bəy, kəndiniz də ordumuz tərəfindən azad edilib. Hansı hisslərlə yaşayırsınız? - Hissləri ifadə etmək mümkün deyil. Kəndimizin azad edilməsi elan olunanda bu dəfə göz yaşları yox, sevinclər hakim kəsildi. Artıq buna hazır idik. Çünki ordumuz artıq bizim elləri keçib çox irəli getmişdi və ona görə rəsmi elanı gözləyirdik. Bir də sevincli o idi ki, bizim kənd ən kiçik kənd olsa da onun adı səsləndi, amma bizimlə bitişik, evləri bizdən beş dəfə çox olan Ulaşlı kəndinin adı deyilmədi. Bizim kəndlə Ulaşlı kəndi arasında heç bir metr sərhəd də yoxdur. Gülnisə xalagilin evi, elə Həşim müəllimgilin evi ilə də bitişikdir. Bu ondan doğur ki, bizim kəndin girişində elə 1990-cı ilin əvvəlindən dəmir lövhə işarəsi vardı və orada Əbilcə yazılmışdı. O işarə bütün işğal dönəmində də orada qalmışdı. Mən 2 il öncə Google-dan baxmışdım, o işarə elə orda idi. Ona görə Google xəritələrində Əbilcə adı gedirdi. Qonşumuz Cəlil dayı yol idarəsində işləyirdi, yəqin elə onun hesabına o işarə qoyulmuşdu. Ulaşlıda belə nişan yox idi. Bir də kəndimiz kiçik olsa da, Ulaşlılar inciməsin, torpaqların hamısı Əbilcə bəylərinin olmuşdu. Çoxu da mənim atamın ana tərəfdən babasının və onların nəslinin olmuşdu. Sovet gəlib kolxoz qurub, onların uşaqlarını da Sibirə, Barnaula sürgün edib. Orada ölən ölüb, qalanlarına da Stalin öləndən sonra Azərbaycana gəlməyə izn veriblər, amma Qubadlıya gəlməyə yox. Bircə qocam (biz nənəyə qoca deyirdik) kasıb birinə ərə getdiyindən sürgünə yollanmayıb. Bizlər də onun törəməsiyik.
Bizim kəndimiz Bərgüşad çayı üstündədir. Kəndin arxası isə dağlıq, təpəlikdir.Qubadlıya və Akara dəmiryol stansiyasına yol bizim kənddən keçir. Hamınızı gələcəkdə kəndimizə dəvət edirəm!.
- Torpaqlarımız azad olunur və bir sıra ölkələr bünün baş verməməsi üçün çox canfəşanlıq edir. Siz bunu necə dəyərləndirisiniz?- Doğrusunu desəm, mən bəlkə də ilk dəfədir ki, Azərbaycanla bağlı qərb mətbuatında və TV-lərində gedən yazılara ən aşağı səviyyədə maraq göstərirəm. Birincisi, ordumuzun irəlilədiyi zamanda onların çığır-bağır salması heç maraqlandırmır. Onlar bu 28 il ərzində, bütöv bir nəsil çadırlarda məhv olduğu dönəmdə və ya müasir dünyanın gözü önündə bu qədər ərazi başqa dövlət tərəfindən dünya tarixində görünməmiş etnik təmizləmə yolu ilə işğal altında saxlanıb və nümayişkarənə şəkildə məskunlaşma apardıqları zamanda bir söz və bir cümlə yazmırdılarsa və bizi reallıqla barışmağa çağırırdılarsa, o zaman indi nə deyəcəkləri məlumatlı adamlara məlumdur. Prezident İlham Əliyev bunu İnterfaks agentliyinə müsahibəsində də açıq söyədi.
Onlar Gürcüstanla, Ukrayna ilə bağlı və Moldova ilə bağlı Rusiya kimi dövləti Avropanın, Amerikanın və NATO-nun sənədlərində işğalçı və təcavüzgar adlandırdıqları halda erməni işğalını, DQ münaqişəsi adı altında sənədləşdirib yola verirdilər.
Mən özüm dəfələrlə, yaxın münasibətdə olduğum NATO qərargahında, Baş Katibin müavini ilə görüşdə, ya da ABŞ-dakı rəsmilərlə görüşdə, bir sualı verirdim. Necə olur ki, siz nüvə dövləti Rusiyaya açıq şəkildə işğalçı və təcəvüzkar deyirsiniz, Donbası, Krimı işğal edib deyirsiniz, halbuki ruslar Krımda heç kimi nə evindən qovub çıxarıb, nə öldürüb, nə mülkiyyətini əlindən alıb, amma Ermənistana isə işğalçı və ya təcəvüzkar deməyə sanki qorxursunuz? Səbəb nədir? NATO-da deyirdilər ki, Ermənistana işğalçı demək üçün NATO-da konsensus yoxdur. ABŞ-da isə yalandan vasitəçi olduğundan demədiklərini və daha da irəliyə gedərək bunu deməklə nə dəyişəcəyini deyirdilər... Baxmayaraq ki, bütün qəzet və TV-lərdə ərəb-israel məsələsində işğal sözünü işlədirlər. ABŞ və NATO məhz belə demədiyindən, başqa dövlətlər də ümumi şablonla hərəkət edirdilər. Rusiya televiziyaları Azərbaycana müharibə elan edib. Onlara baxmaqla millətimiz daha da sıx birləşir. Bu baxımdan xarici dövlətlərin və ya Avropanın təsisatlarının bəyanatlarına elə son 28 il ərzində onların bizə laqeyd olaraq, ümumi sözlərlə ifadə etdikləri növbətçi bəyənatlar kimi dəyər vermək lazımdır. Burada əsas məsələ ordumuzun irəli getməsidir. Xalqın və dövlətin birliyidir. Azərbaycan öz torpaqlarını azad etsin, o zaman onların hamısı elə Azərbaycanı dəstəkləyəcək. Və İlham Əliyevə yalvaracaq ki, ermənilərə orada bir yaşamaq hüququ verin. Bu iş belə olur. Onların dərdi mənim vətənimin dərdi deyil ki. Nensi Pelosi Ceyhun Bayramovla niyə görüşürdü ki? Onun dərdi ermənilərin seçkidə dəstəyini almaqdır. Başqa vaxt Ceyhun Bayramov yüz dəfə istəsəydi, Pelosi onunla görüşməzdi.
Bizim indi gücümüz təkcə odumuzun gücü yox, millətin bir dəmir yumruq kimi ordusunun və dövlətinin arxasında durmasıdır. Bizim gücümüz Qardaş Turkiyəmizin bizimlə bir ürək olmasındadır. Milləti və Ordusu da ehtiyac duyulsa döyüş meydanında bizimlə olacaqdır. Cənab Prezident dediyi kimi, bir müdaxilə olarsa onlar F16-larla üzləşəcəklər. Döyüşdə bizik. Xaricdən gələn təsir və təzyiqlərin əsgərimizə artıq heç bir təsiri yoxdur.
Tarix: 29-10-2020, 20:08