Cənab prezident dünən Zəngilanın işğaldan azad olunması xəbərini bizlərə çatdırdı. Ziyalılar da bu xəbəri böyük sevinc içərisində qarşıladılar. Zəngilanda doğulub, boya-başa çatan, Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun aparıcı elmi işçisi Təranə Şükürlü sevinc hisslərini Moderator.Az-la bölüşüb.
- Təranə xanım, Zəngilanın işğaldan azad edilməsi xəbərini eşidərkən nə kimi hisslər keçirdiniz?- Zəngilanla bağlı şad xəbəri mən yolda almışam. Eşidəndə sevincdən ağlaya-ağlaya evə gəldim. Gecəni də yatmadım, çörək də yemədim. Facebookda status yazdım ki, “torpağından öpəcəm vətən”. Bu mənim ən böyük arzumdur. Biz çox sevincliyik, azərbaycanlılar şanlı tarix yaşayır. Bu qələbə hissi bizə cənab prezident İlham Əliyevin polad iradəsinin, qətiyyətinin, peşəkarlıqla apardığı siyasətinin sayəsində nəsib oldu. Bu gün Qarabağ üzərində haqq savaşı gedir. Qarabağ üzərindəki qələbə haqqın, zəfərin, ədalətin təntənəsidir. Ali baş komandan savaş əmrini “Qarabağ Azərbaycandır” hökmü ilə verdi. Bu hökm bir bayraq kimi bizim ruhumuzu da dalğalandırdı. Çox sevinc hissi yaşayırıq, sevincimizin həddi-hüdudu yoxdur. Bu hissi yaşamağın özü də böyük xoşbəxtlikdir.
-Zəngilan sözünün mənşəyini bir dilçi kimi necə izah edərdiniz?- Zəngilan tarixən türk tayfalarının yaşadığı ərazi olub. Rayonun adında qorunub saxlanılan etnos bunu təsdiq edir. Zəngilan sözü çoxsaylı boylardan olan “zəngi” tayfasının adı ilə bağlıdır. Zəngi çayı da öz adını Zəngi tayfasının adından götürmüşdür. Zəngilər Ağrı dağı vadisində yaşamışlar. Türküstan çöllərinə qədər yayılıblar.
- Təranə xanım, işğaldan sonra hansı tarixi abidələr ermənilərin əlinə keçdi?- “Şərifan sərdabəsi” Zəngilanda orta əsr memarlıq abidələrindən biridir. XII-XIII əsrlərə aid edilir. AMEA-nın Tarix İnstitutu 1974-cü ildə burada tədqiqat aparıb. Aparılan qazıntılar zamanı “Şəhri-Şərifan” adı ilə tanınan orta əsr şəhərinin xarabalıqları üzə çıxarılıb.
Zəngilan rayonun XIV əsrə aid olan Məmmədbəyli türbəsini memar Əli Məcdəddin olub. 1304-cü ildə ağ daşdan tikilib. Məmmədbəyli türbəsi Azərbaycan memarlığı üçün xarakterik olan səkkizguşəli türbələrin ən yaxşı nümunələrindəndir. Ağoyuq düzündə Koroğlu daşı, Hacallı bürcü və s. kimi tarixi abidələr Azərbaycan milli mədəniyyətinin tərkib hissəsidir. Zəngilanda həm də Qızqalasının oxşarı var.
- İnanırdınızmı tez bir zamanda doğma şəhəriniz Zəngilan düşmən tapdağından azad ediləcək?- Mən 27 ildə bir dəfə də olsun ki, ümidimi itirmədim. Həmişə içimdə bir inam olub.
- Zəngilanda ilk gedəcəyiniz yer hara olacaq?- İlk gedəcəyim yer təbii ki, evimiz olacaq. Evimizi axtarıb tapacaqıq. Daha sonra kənddə babamın məzarını ziyarət edəcəm. Bu mənim ən böyük arzumdur. Çünki bizim yaddaşımız unutmaq tərbiyəsi almayıb. Yaddaş tarixə köklənəndə unudulmur. Biz bu gün yaddaşın süzgəcindən gələn xatirələrimizi xəyalımızda canlandırırıq.
- O gecəni, doğma şəhərinizi tərk etməyinizi necə xatırlayırsız?- Zəngilanda uşağlıq illərimi dəfn edib gəlmişəm. Şəhərimiz mühasirəyə alınmışdı, həyəcan təbili çalınırdı. Məktəbli idim, 10 yaşım var idi. Gedib bir gün Mincivan qəsəbəsində qaldıq. Evimizin divarını öpüb çıxmışdım. Ürəyimə sanki damdı ki, bir daha geri qayıtmayacam. Çünki məni tələsdirirdilər, maşın bizi gözləyirdi. Amma o fürsəti qaçırmadım.
- Evdən nələrsə çıxara bilmişdiniz?- Atam polis işləyirdi, o bizi qoymadı evimizdən nəsə çıxaraq. Sadəcə yüngülvarı yorğan-döşək gətirmişdik, evimizin açarını və balaca bir saat. Onlar bu gün də mənə doğma torpağımdan qalan yadigar əşyalardır. Evimizdən bir xatirədir.
- Sizin həyatınızda müharibə nə kimi iz buraxdı?- Bu müharibə təkcə savaş müharibəsi deyil, psixoloji, əqidə müharibəsidir. Bizim uşağlıq illərində aldığımız zədələr hələ də qalıb. Yaddaşımda ancaq müharibənin törətdiyi acı xatirələrdir. Lampa işığında səhərə kimi zirzəmidə yaşayırdıq. Mən indi 5 dəqiqə də qaranlıqda qala bilmərəm. Bu uşağlıq illərimin ən zədəli xatirəsidir.
Tarix: 22-10-2020, 09:04