Bir uşağın əcəli ilə ölməsi ədalətsizlik, yıxılıb ölməsi məsuliyyətsizlik, güllədən öldürülməsi... bax bu, müharibədir! 1992-cü il. 4 yaş. Həyatımda xatırladığım ilk günlər, aylar, illər. Uşaqlığımı bu yaşdan əvvəl yada sala bilmirəm. Ancaq həmin çağlar elə bir dövrə düşmüşdü ki, heç ötən il başıma gələn hadisələri belə o günlər qədər xatırlaya bilmirəm. Unutduğum sevgililərim, aldatdığım qızlar, bir gecəlik qadın dostlarım, tələbəlik, əsgərlik yoldaşlarımla olan xatirələrim də o illərin bircə günü qədər həyatımda iz buraxmayıb.
“Marş irəli, Azərbaycan əsgəri!” Bir az cəsarətlə etiraf etsək, görərik ki, anamızın laylası da qulağımızda hansısa bir not, uzaqdan səslənən və başa düşmədiyimiz həzin mahnı qədər qalmayıb. Ancaq hər dəfə vətənpərvərlik, torpaq məsələləri ön plana keçəndə məhz həmin marş, xorla oxuduğumuz uşaqlar, Qarabağ müharibəsinin ən ağır dövrləri “dünən baş verib, bu gün davam edir, sabah isə başa çatacaq” kimi gözümüzün qarasına yayılır. Müharibə illərinin uşaqları oyuncaq qoxusunu unudarlar, ancaq mərmi qoxusu yaddaşlarından silinməz.
Gecələr başımızın üstündən durnalar kimi uçub gedən mərmiləri izləyər, gündüzlər o başdan yuxudan oyanan kimi düşmənə meydan oxumaq üçün küçəyə qaçardıq. Bəli, o zaman oxuduğumuz mahnılar bizimçün ölümsüz qəhrəmanlıq, məğlubedilməz məsumluqlar idi. Niyə məsumluq? Çünki, əgər bir uşaq əcəli ilə ölərsə ədalətsizlik, yıxılıb ölərsə, məsuliyyətsizlik, güllədən öldürülərsə, bax bu, müharibədir. Tarixdə elə bir müharibə olmayıb ki, orada uşaqlar öldürülməsin.
O vaxt bizə nə yol göstərən var idi, nə də komanda verən. Səhərlər Günəşin şəfəqləri pəncərələrdən evimizə qonaq gələn kimi, xəlvətlənib küçəyə qaçar, sıra ilə düzülüb, küçə-küçə, kənd-kənd gəzib “Əsgər marşı”nı oxuyardıq. Qarşımızdan gələn olduqda isə diqqəti daha çox çəkmək üçün səsimizi bir az da qaldırardıq.
O vaxt Tovuzda özünümüdafiə batalyonu var idi. Komandirindən tutmuş, sıravi əsgərlərinə kimi adlarını əzbər bilərdik. Üzlərini görmədiyimiz doğmalarımız, həyatda bənzəmək istədiyimiz ilk qəhrəmanlarımız idi onlar. Oxuduğumuz əsgər mahnılarında hər birinin adını, hər birinin simasını canlandırardıq. Atdıqları güllələri xəyal edərdik, geydikləri formaların, avtomatlarının rəsmini çəkərdik taxta döşəmələrin üstünə. O vaxt bizim üçün bahalı avtomobillər, lüks hotellər yox idi, tanklar, əsgər kazarmaları, döyüş postları, səngərlər mövcud idi bu qocalmaq bilməyən dünyada, bir də həmin kazarmalarda gecələyən, postlarda, səngərlərdə düşmənə meydan oxuyan özünümüdafiə taborunun idig övladları.
Kəndə gətirilən şəhidlərin tabutunu ilk qarşılayan da biz olurduq, cəbhəyə gedən könüllüləri yola salan da. Bax, həmin vaxtlardan başladıq ağrılara dözməyə, itkilərə öyrəşməyə. Bu gün sağ olsaq da, 90-cı illərin potensial qurbanlarıyıq və hələ də bu yükü çiynimizdə daşıyırıq.
İllər ayrıldığımız sevgililər kimidir, elə ki, çəkib gedir, ən acı xatirələr, ən iztirablı hisslər, ən dərin, silinməz izlər sinəndə özünə yuva qurur. İndi böyümüşük. Bir vaxtların müharibə uşaqlarını indi "atəşkəs"in gəncliyi əvəz edib. Ancaq həmişə ürəyimizdə bir nigaranlıq, həyəcan, narahtlıq yaşayır: Atamızdan miras qalan bu savaşı biz də öz övladlarımıza ötürməyək ki, nə vaxtsa nəvələrimizin taleyi bizim uşaqlığımıza bənzəsin.
Bu gün bütün müharibələr, uzunmüddətli münaqişələrin həlli üç siyasətçinin, beş diplomatın siyasi iradəsindən və maraqlarından asılıdır. Havaya belə, açılan güllə səsi insanlarda pxisoloji narahatlıq yaradırsa, demək, öldürülən hər bir uşaq bəşəriyyətə edilən bağışlanılmaz xəyanətdir. Axı, bir vaxtlar hər kəs uşaq olub, elə siyasətçilər də… /Ayna/
Xəzər Əlizadə
Tarix: 22-09-2020, 07:02