Təhsil Nazirliyi demək istəyir ki: “Öz başınıza çarə qılın”


Təhsil Nazirliyi demək istəyir ki: “Öz başınıza çarə qılın”
Bir tərəfdə “Teledərs”lər gedir, digər tərəfdə təhsilalanlarla təhsilverənlərin intenetlə, texniki problemlərlə mübarizəsi
 
Hələ yay aylarından yeni tədris ilində dərslərin hansı formada keçiriləcəyi ilə bağlı suallar səsləndirilirdi. Valideynləri, müəllimləri təhsilanların dərslərdən geri qalmağı narahat edir. Lakin hər kəs düşünürdü ki, bir neçə ay virusun tüğyan elədiyi bir vaxtda səbirli olub gözləmək də olar, digər dünya ölkələri bu müddət ərzində virusla yaşamağın yollarını öyrənmişkən, bizdə də bu, belə olacaq. İstər təhsil, istərsə də digər sahələrdə elə qərarlar veriləcək ki, virusla mübarizə şəraitində də yaşayışımıza qaldığımız yerdən davam edəcəyik. Amma... Biz saydığımızı saydıq, qərar verənlər də öz bildiklərini və ya yaxud da bilmədiklərini.
 
Avqustun 27-də Təhsil naziri Emin Əmrullayev jurnalistlərlə görüş keçirdi, ictimaiyyətə mövcud pandemiya dövründə yeni tədris ilinin necə başlayacağı, dərslərin hansı formada keçiriləcəyi ilə bağlı verilən ilkin qərarı açıqladı. Detalların isə yaxın günlərdə açıqlanacağı bildirildi. Məlum olduğu kimi, dərslər həm ənənəvi, həm də onlayn qaydada keçiriləcək idi.
Təhsil naziri əmr imzaladı
Lakin onlayn təhsil üçün internet və texniki çatışmazlıqlar suallar doğururdu: Bir evdə iki, üç uşağı olan valideynlər nə etsin? Axı, uzun müddət iş yerləri bağlı olub, ailələr maddi baxımdan çətinlik içərisindədir, hər uşağa planşet, kompüter almağa imkan yoxdur. İnternetin də sürəti zəifdir. Bir evdə iki nəfər internetlə dərsə qoşulanda internetin sürəti zəifləyir, səs qırılır, görüntü isə demək olar, həmişə donur. Bu halda onlayn dərslərə qoşulan müəllim, şagird, tələbələr nə edəcəklər? Təhsil Nazirliyi (TN) internet və texniki problemlərin həlli istiqamətində hansı effektiv addımlar atacaq? Ümumiyyətlə, Nazirlik təhsilalanlarla təhsilverənlərin onlayn dərslərə qoşulmaq imkanları barədə monitorinq aparıbmı? Harada, kimdə vəziyyət necədir? Onlayn dərslərə qoşulmaq üçün zəruri imkanlarla yanaşı, daha hansı problemlər var, tədris prosesində hansı çatışmazlıqlar yarana bilər və onların həll üçün hansı addımların atılacağı əvvəlcədən planlaşıdırılıb? Və sair.
 
Bununla yanaşı, mart ayından bu yana keçirilən onlayn dərslərlə bağlı da Təhsil Nazirliyi monitorinq keçirdiklərini və nəticələrin avqust ayında ictimaiyyətə açıqlanacağını bildirmişdi. Yuxarda qeyd etdiyimiz suallara cavab tapmaq üçün dəfələrlə Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışdığımızda, qurumun mətbuat xidmətindən AYNA-nın monitorinq, statistikalarla bağlı suallarına “yaxın günlərdə açıqlanacaq”, - deyə cavab aldıq. Və nəhayət, 15 sentyabr dərslər başladıqdan sonra məlum oldu ki, “daimi olaraq monitorinqlər aparılır”.
 
Beləcə günü-günə satmağa adətkar olmuş Nazirliyimiz internet və texniki imkanı olmayanları “Teledərs”lərlə kifayətlənmək məcburiyyətində qoydu. Hər dəfə TN-in mətbuat sözçüsünə suallarımızı ünvanlayıb cavab aldıqdan sonra məlum oldu ki, əslində Nazirlik demək istəyir: “hər kəs öz başına çarə qılsın”.
 
Bu cür deməsələr də, bugünlərdə sosial mediada yayılan şikayət, narazılıqlar bunu deməyə əsas verir. “Əvvəldən açıq-aşkar desəydilər ki, sizin internet, texniki problem və çatışmazlığınız bizi maraqlandırmır, biz də işimizi bilərdik” – deyə çarəsizlər fikrə gedib.
 
Bu mübarizədə qalib olmayacaq
 
Məlum olduğu kimi, hazırda dərslər başlayıb. Nazirliyin mətbuat xidmətinin rəsmisi internet və texniki problemlərlə bağlı suallara cavabında bildirir ki, alternativ olaraq “Teledərs”lər yayımlanır. Mövcud vəziyyətdə isə bir tərəfdə “Teledərs”lər gedir, digər tərəfdə də təhsilalanlarla təhsilverənlərin intenetlə, texniki problemlərlə mübarizəsi. Amma görünən odur ki, bu mübarizədə qalib olan olmayacaq. Ən böyük məğlubiyyəti də təhsilimizin qanadı altındakı təhsilalanlar yaşayacaq.
Müəllif: Aləmdə Nəsib   
Tarix: 20-09-2020, 07:27
Xəbəri paylaş



Xəbər lenti