Maksvellin “özgə”ləri


Tofiq YaqubluTofiq Yaqublu

Tofiq Yaqublu olayı: qərardan apelyasiya və apelyasiyadan qərar haqqında

Cənibi Amerika əsilli yazıçı, dilçi, esseist Con Maksvelə ədəbiyyat üzrə Nobel mükafatı verəndə İsveç komissiyası onun “özgə, yad insanların üzləşdikləri saysız-hesabsız çətinlikləriheyrətamiz müxtəlifliklərlə” əks etdirməsini nəzərə almışdı. “Özgə, yad insanlar”, “saysız-hesabsız çətinliklər”, “heyrətamiz müxtəlifliklər”... Ədalətin meyarları. Özün üçün deyil, özgələr üçün çalışırsan, yazırsan, yaradırsan. Tanımadığın insanların iztirablarına şərik olur, ağrısını öz canında, qanında hiss edirsən. İnsan – başqasının ağrısını hiss etdiyi qədər insandır axı. O da ola ziyalı.
Bu günlər olanları düşünəndə yadıma Con Maksvell Kutzee düşdü; o da deyirdi: “Ağır iş – vaxtında görülməmiş yüngül işlərin cəmidir”. Hərçənd bunu məşhur fransız maarifçisi Rissodan plagiat kimi də dəyərləndirmək olar. Russonun işlətdiyi “çətin“, asan” ifadələrini Maksvel “ağır”, yüngül” kimi dəyişib bəlkə. Bilmirəm. Hər halda "yalanın minbir yolu olsa da, ağlın – doğrunun yolu birdir" deyib keçəcəyik. Çünki Russo-Maksvell düşüncə tandeminin bu postulatı çox ağıllıcadır. Bizim folklorumuzda “Bu günün işini sabaha qoyma” müdrik imperativi niyə var?! Çünki sabahın da öz işi var. “Əldən qalan əlli il qalar” kimi.
Yaxın Şərqdə İsrail-ərəb müharibəsinin başlanmasından 53 il keçir. Vaxtında problem həll olunsaydı, bugünkü mürəkkəb vəziyyətə gəlib çatardımı?! Yox! Yaxud belə getsə, bir azdan Ermənistan-Azərbaycan münaqişəsinin də 50 yaşı olacaq. Nə qalıb ki?! Deməli, 50 il, 30 il bundan qabaq müdrik qərarlar verilə bilməyib. Bu gün işğalçı dövlətin siyasiləri, xalqı yetərincə müdrik olsa, ədalətli çıxış yolu tapılsa, biz bu problemin həlli ilə daha uzun illər, bəlkə də onillər ərzində məşğul olmaq zorundan qurtulacağıq. Ötən yüzilin ilk yarısında dünyanı idarə edənlər, Avropa liderləri yetərincə ağıllı, müdrik, mərhəmətli insanlar olmuş olsaydılar, bəşəriyyətin başına iki Cahan Savaşı gələrdimi?!
Bəlkə də bütün bu anologiyalara bir az sonra oxucu ironik tərzdə gülümsəyəcək; çox kiçik, lokal olaylardan yazarkən, qlobal proseslərin paradiqmalarına söykənməkdə qınanacam. Ancaq “qlobal düşün, lokal hərəkət elə” kimi çox müdrik fraza da var axı.
Bir daha ölkə gündəmini xeyli zamandır məşğul etmiş məlum aclıq aksiyasına və sonunda verilən qərara toxunmaq istəyirəm. Mən də Tofiq Yaqublunun həbsi və sonra baş verənlər haqda öz fikirlərimi daha əvvəl yazmışam. Bəlkə kimsə bunu sanki siyasi mövqe kimi qəbul edər. Mən siyasətçi deiləm. Adi, sıradan bir yazar, ziyalı kimi məsələyə yanaşıram. Tofiq Yaqublunu siyasi deyil, insani mülahizələrdən müdafiə etmişəm. Problemin mümkün qədər tez həlli hamımızın arzusu və toplumun çağırışı olub. Bu çağırışın eşidilməsi çox yaxşı oldu.
Biz hamımız – dövlət başçısından tutmuş mənim kimi sıradan bir jurnalistə qədər bu cəmiyyətlə işləyən hər kəs Con Maksvel Kutzee örnəyində olduğu kimi, “özgə” insanların üzləşdikləri çətinlikləri həll etməklə, yaxud həllinə kömək göstərməklə mükəlləfik və bununla məşğuluq. Üstəlik bu insanlar o qədər də “özgə” - heç özgə deyillər; bizimlə eyni cəmiyyətdə yaşayan, bizimlə eyni millətdən olan, ölkənin inkişafının yolunu bəlkə fərqli görsələr də, hər halda buna çalışan insanlardırsa...
14 il qabaq mən peşəmlə bağlı hücuma məruz qalıb ağır xəsarət alanda və xəstəxananın reanimasiya palatasında canımla əlləşəndə o zamankı “qonşu” müxalif qəzetdə işləyən bir jurnalist bu hadisədə məni borclu çıxaran, günahkarların əl-üzünü yuyan, haqsız bir yazı yazmışdı (yaxud bəlkə ona yazdırmışdılar). Zaman keçdi, mən yenidən işimə döndüm. O müxbiri işdən uzaqlaşdırmışdılar, daha doğrusu, uzaqlaşmaq zounda qoymuşdular. İş üçün mənə müraciət etdi, düşünmədən qəbul etdim. Mənə sual oldu ki, haqqımda böhtan yazmış olan adamı niyə bağışlayıram və üstəlik hələ işə götürürəm? Cavabım: “O, Qarabağda döyüşüb”. Qalan məsələlər təfərrüat. Onun mənə atdığı söz "güllə"ni boş verdim; başlıca olan odur ki, bu adam ölkəni qorumaq üçün canını düşmən gülləsinə hədəf qoyub və sağlamlığını ititib.
Yox, bu, heç də o demək deyil ki, istənilən şəxs Qarabağda döyüşüb deyə hər cür haqsızlıq, hətta qanunsuzluq edə bilər. Xeyr! Üstündə yaşadığımız torpaq bizim ən böyük haqqımızdır, deyilmi?! O adam da həmin haqqımız üçün savaşıb. Öz qanını qaşığa qoyub savaşa getmiş adamın doğrularına da, yanlışlarına da başqalarınkından daha həssas yanaşacağıq. Haqsızlıqların, qanunsuzluqların da araşdırılıb ortaya çıxarılması üçün legitim platforma var - məhkəmə. Axır ki bu gün o məhkəmə sözünü dedi və Tofiq Yaqublunu ev dustaqlığına buraxdı. Cəmiyyətin, dövlətin çiynindəki yük bir az yüngülləşdi.
Tofiq Yaqublunun ətrafında yaranmış vəziyyətin uzanmasından mən də hamı kimi narahat olmuşdum. Volterin dediyi kimi: “Mübahisənin uzanması hər iki tərəfin haqsız olduğunun dəlilidir”. Yəni mübahisə yersiz yerə uzanırsa, haqlı ilə haqsız arasında fərq də silinib itir. Məncə, aclıq aksiyası özünün kulminasıyasına da, hədəfinə də çatmışdı; məqsəd dövlətin, cəmiyyətin diqqətini problemə cəlb etmək idisə, bu, artıq baş vermişdi. Onun həyatını xilas etmək üçün hər kəs çalışıb çabaladı. Cəmiyyətin düşüncə liderləri, ziyalı kəsimi, vicdanlı insanlar bu durumdan narahat idilər və Tofiq Yaqublunun azadlığa çıxması üçün müraciət etmişdilər. Biz də həmçinin. Hamımız oturub sanki reailiti-şouya baxırmış kimi, Tofiq Yaqublunun həyatının necə söndüyünü izləməklə kifayətlənə bilməzdik axı. Bu halda onun yaxınları da, silahdaşları da, biz də daxil olmaqla hamı məsuliyyət yükünün altında qalacaqdıq. Dövlət də eləcə. Bu gün məsələyə qanun çərçivəsidə, humanist, müdrik bir yanaşma gördük. Doğru qərar verildi: Tofiq Yaqublu ev dustaqlığına olsa da, azadlığa buraxıldı.
Bununla bağlı bir fikrimi də sizinlə bölüşmək istəyirəm. Bu hadisələrlə və bugünkü məhkəmə qərarı ilə bağlı şərhlərdə, yəqin ki, bunu qələbə kimi təqdim etmək istəyənlər də olacaq. Dövlət öz vətəndaşı ilə, vətəndaş öz dövləti ilə müharibə aparmır ki, kimsə qalib, kimsə məğlub olsun. Əgər hansısa bir şəxs qanunu pozursa, buna görə cəzalanırsa, bundan qazanan bütövlükdə cəmiyyətdir. Günahı olmadan cəzalanan varsa da, uduzan yenə hamımızıq. Ən başda da dövlət. Ona görə dövlət normalda günahsızı cəzalandırmaqda heç maraqlı deyil və olmamalıdır da. Odur ki, bu olayın ətrafında qalib-məğlub ədəbiyatına da lüzum yoxdur. Böhranlı bir durum yaranmışdı - hər kəs bunun ciddiliyinin fərqinə vardı. Bizə dünyada obyektiv və ya subyektiv səbəblərdən yanaşmanı bilirik. Bizə də, düşmənimizə də. Ermənstanda da bir siyasətçi həbsxanada aclıq edərək dünyasını dəyişmişdi. Dünyanın tükü də tərpənmədi. Eyni hadisə, Allah eləməmiş, bizdə baş versəydi (ki, bunun baş verməsini istəyənlər də az deyildi), o zaman Azərbaycana qarşı düşmənin də əlinə böyük bir arqument keçəcəkdi, onun arxasındakıların da. Bəzən bir hadisə görüldüyündən və haqqında düşünüldüyündən daha miqyaslı nəticələr verə bilir. Hər nə motivdən həbsə düşmüş olursa-olsun, dövlətin sonunda öz vətəndaşına (o, hakimiyyətin sərt tənqidçisi olsa da belə) sahib çıxması çox mühüm addımdır. Düşünürəm ki, bu faktor da bugünkü qəraraın doğruluğunu təsdiqləyir. Hər bir halda bu olanlar, sözün bütün anlamlarında, keçmiş olsun. Keçmişimizdə qalsın. Gələcəyimizə daşınmasın. Çünki bizim həll etməli olduğumuz çox böyük problemlər var. Gücümüz, fikrimiz, enerjimiz daha çox Qarabağ kimi problemimizin, başqa sıxıntılarımızın həllindən yayındırılmasın. Tofiq Yaqubluya gəlincə, Allah qapısını taybatay açsın!
Bahəddin Həzi | Bizimyol.info
Tarix: 18-09-2020, 20:33
Xəbəri paylaş



Xəbər lenti