“Əli Həsənovdan sonra ikinci timsah göz yaşlarını, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin həbsdən çıxandan sonra dediklərini dinlədim. Cəmi 15 sutka həbsdə keçirmiş şəxsin halına acısam da başqaları kimi yazığım gəlmədi, ona görə ki, özlərinin dediyi kimi bu tayfa minlərin həyatını illərlə həbsxanada çürüdüblər, məhv ediblər, Vətəndən didərgin salıblar, əmlaklarını zorla əllərindən alıblar. Yenə yalan danışırlar, sədaqətdən dəm vururlar, yalanları həqiqət kimi sırımağa, özlərini az qala dövlət qurucuları kimi təqdim etməyə çalışırlar. Demirlər ki, illərlə bu dövləti sümürüblər, talan ediblər, vətəndaşlara qul kimi baxıblar, özlərini mütləq hakim sayıblar. Mal-mülk toplamaq üçün sərf etdiyi enerjini dövlətə, Xalqa xidmət kimi təqdim edirlər”. Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
A.İsmayılovun sözlərinə görə, o şəxslər yenə hikkələrindən əl çəkmirlər, peşiman deyillər, taladıqlarını qaytarmaq fikirləri yoxdur, yenə də sətiraltı eyhamlarını göndərirlər, kimləri isə cəzalandıracaqlarını qeyd edirlər: “Özü də bunu qanuni oğru kimi edəcəkləri bildirirlər. Mən bütün varlığımla qisasçılığın, qanunsuzluğun əleyhinəyəm. Bununla belə qanunun, ədalətin bərqərar olmasında israrlayam. Əminəm ki, hüquq-mühafizə orqanları bu tayfanın bütün qanunsuz əməllərini araşdırıb hüquqi qiymətini verib, ədaləti bərpa edəcəklər. Ancaq bu təqdirdə insanlarda dəyişikliklərə inam hissi yaradıb baş verənlərin daxili çəkişmə olmadığını sübut edə bilərlər”.
Tarix: 6-09-2020, 22:49