Təhsil Nazirliyi: Direktor yalan məlumat yayıb


Təhsil Nazirliyi: Direktor yalan məlumat yayıb
“İş yeri ilə bağlı yalan məlumat yayması onun peşə etikasına uyğun gəlmir”
 
Müəllimə töhmət verilməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, ötən gün Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə "Müəllimlərin etik davranış Qaydaları”nı pozduğuna görə, Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.
 
Bu xəbəri eşidənlər isə qərara birmənalı yanaşmayıblar. Bir çox insan töhmət qərarının düzgün addım olmadığını düşünür. Əksəriyyət müəllim maaşının az olduğunu, ailəsini saxlamaq üçün dərsdən sonra əlavə işdə işləməsinin və halal əziyyəti ilə ailəsinə çörəkpulu aparmasının çox normal olduğunu hesab edir.

Töhmət qərarı ilə bağlı çaşqınlığa aydınlıq gətirmək üçün Tahsil Nazirliyinə sual ünvanladıq. Müəllimin konkret hansı etik qaydaları pozması ilə bağlı AYNA-nın sualına cavab olaraq bildirildi ki, məktəb direktoruna yalan danışaraq, peşə etikasına zidd davranış sərgilədiyi üçün töhmət verilib.
 
“Müəllim tərəfindən iş yeri ilə bağlı yalan məlumat yayması onun peşə etikasına uyğun gəlmir. Cəmiyyəti yalan danışıb aldatmaq peşə etikasına zidd addımdır. “Müəllimlərin etik davranış qaydaları”nda yazılıb ki, müəllim dürüst olmalıdır, öz hərəkətləri ilə nümunə olmalıdır və sair. Töhmət almış məktəb direktoru da bu prinsiplərin bir neçəsini pozub. Töhmət əsassız verilməyib. Qeyd edirik ki, kiməsə töhmət verilməsi xüsusi gündəm mövzusu deyil, bununla bağlı qərar müvafiq hüquq qaydalarına əsaslanıb”, - Nazirlikdən vurğulandı.
 
Qeyd edək ki, E.Rzayevin sosial şəbəkələrdə avtobus sürücüsü kimi fəaliyyət göstərməsi ilə bağlı məlumat yayılıb. Onda Bakı Nəqliyyat Agentliyi (BNA) açıqlama vermişdi ki, “BakuBus” MMC-də bu adda sürücü çalışmır. Mətbuatda gedən xəbərə görə, müəllimin özü də bunu, sadəcə paylaşım xatirinə etdiyini bildiribmiş.
 
Mətbuatda yayılan məlumata görə, 23 yanvar 2019-cu il tarixdə Saatlı Rayon Prokurorluğunun təqdimatı əsasında, maliyyə müfəttişlərinin Yeni Novruzlu məktəbində apardığı təftiş yoxlaması nəticəsində toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb. Prokurorluğun təqdimatı ilə Təhsil Nazirliyi E.Rzayevi məktəb direktoru vəzifəsindən azad edib və müəllimlik fəaliyyətinə xitam verib.
 
Onun cinayət işinə Saatlı Rayon Məhkəməsində baxılıb və 5 000 manat cərimə olunub. 8 aydan sonra Nərimanov Rayon Məhkəməsi E.Rzayevin barəsində işə bərpa barədə qərar çıxarıb. Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Apellyasiya protesti Şirvan Apellyasiya Məhkəməsinin hakimi Rafiq Cəfərovun icraatına verilib və sentyabrın 7-də məhkəmə iclası keçiriləcək.
Müəllif: Aləmdə Nəsib
Tarix: 2-09-2020, 15:40
Xəbəri paylaş



Xəbər lenti