“Əgər adamyeyən çəngəl-bıçaqdan yararlanırsa, buna tərəqqi deyə bilərikmi?”(Stanislav Yeji Lets)Korrupsiya ilə mübarizə üzrə dövlət komissiyasının yeni tərkibi elan olunub və orada daha hörmətli Ramiz müəllimin ismi-şərifi yoxdur. Evimiz yıxıldı. Azərbaycan xalqı qara geyinib, göy bağlamalıdır, səhərdən-axşama qədər üzünü cırıb yas saxlamalıdır, əlbəttə, bir yerə toplaşıb karantin qaydalarını pozmamaq şərti ilə. Əgər Ramiz Mehdiyev daha korrupsiya ilə mübarizə aparmayacaqsa, korrupsiya hər yeri, bütün düzü-dünyanı basacaqdır. Hətta ola bilər bir ucu gedib Rusiyaya çatsın.
Rusiya demişkən, orada necə vəhşi quruluşun, mağara dövlətinin olduğunu son çağlar açıq görürük. Bunlar öz doğma qardaşları beloruslara, ukraynalılara o cür düşmən münasibət bəsləyirsə, biz nə umuruq? Müxalifət lideri Navalnını Putinin “istehsalı” olan çayla zəhərləyib yıxıblar, hələ bilinmir yenidən dirçələcəkmi. Başqa müxalif jurnalist Yeqor Jukovu paytaxtın ortasında qanına bülənd elədilər. Krımda tatarların evlərinə faşist hücumları təşkil edirlər, sanki 1930-cu illərdir, krım tatarları da Almaniyada yaşayan yəhudilərdir. Başkort xalqının, bu türk etnosunun görkəmli oğlu, Rusiya ilə gerçək federal münasibətlər tələb edən siyasətçi, jurnalist Ayrat Dilmöhəmətovu tamamilə saxta ittihamlarla avqustun sonlarında 9 il azadlıqdan məhrumetmə cəzasına məruz qoymuşlar. Sözgəlişi, güman edirəm Azərbaycan dövlət səviyyəsində Rusiyada türkdilli xalqların sıxışdırılmasına etirazını bildirməyə borcludur. Onlar bizim qardaşlarımızdır. Necə olur Rusiya özünə heç bir qan bağlılığı olmayan erməniləri müdafiə eləmək üçün Qafqazda ordu saxlayır, ancaq biz müstəmləkə altında inildəyən öz türk qardaşlarımızı quru sözlə olsa belə qorumağa cəhd etmirik?
Qayıdaq Ramiz müəllimin korrupsiya ilə mübarizədən kənarlaşmasına. Elə həmin gün Baş Prokurorluq keçmiş deputat Rafael Cəbrayılovun vəzifəsindən sui-istifadə, qulluq mövqeyindən dələduzluq üçün yararlanma kimi CM-in korrupsiya maddələri ilə suçlandığını açıqladı. Başqa xəbərdə KİV-lərə mənzil verilməsində fırıldaqlardan, bu işdə Ramiz müəllimin işçilərinin iştirakından bəhs olundu. Kimsə Badamdar yolunda lüks binada dəyəri milyon dollarla ölçülən, bəzək-düzəyi muzeyləri xatırladan mərtəbə tapdı (bəli, əziz millət, səhv oxumadınız, bu vəzifəli adamlar mənzil əldə edəndə adətən 4-5 otaqla kifayətlənmir, bütöv mərtəbələri alırlar, divarda qapı açıb otaqları birləşdirirlər və blokda özləri özlərinə qonşu olurlar). Muzey demişkən, məncə, Operativ Qərargah təzəlikcə muzeylərə ziyarət icazəsi verəndə millətin qıdığı gəldi, hamı mız qoyurdu ki, hər yarağımız düzəlmişdi, bircə muzey qalmışdı, guya biz haçan muzeyə gedirik və sairə. Düzgün qanmaq lazımdır, həmin qərar vəzifəli şəxslərin öz muzeyə bənzər villa və saraylarını ziyarət üçün getməsinə icazə verirdi. Yoxsa biz mədəni xalqıq, hər bir azərbaycanlı Paris ziyarətini Luvrdan, Sankt Peterburqa mal aparanda isə Ermitajdan başlayır.
Bayaq adını çəkdiyimiz əski deputat Rafael müəllimin səkkiz nəfər zəhmətkeşimizdən üst-üstə 1 milyon 550 min dollar alıb, türkün sözü, aradan cırdığı açıqlanır. Sonra müxalifət seçkilərin saxta olduğunu, guya namizədlərin pul verib millət vəkili qoyulmasını söyləyir. Hanı? Xalq özü deputatı maliyyələşdirirmiş. Misal üçün, orada bir zənən xeylağı Rafael müəllimə verdiyi 550 min dolları geri almaqda çətinlik çəkir. Təsəvvür elə. Yarım milyon dolları bir julikə verirlər, sonra düşürlər qapılara. Bunlar bu pulları necə qazanıblar ki, hər yoldan ötənə inanıb etibar edirlər? Hansısa tələbəni oxutsunlar, bir xəstənin əməliyyatına xərcləsinlər, nə bilim, dükandan kitab alıb paylasınlar... Yox, olmaz. Hələ xeyriyyə cəhənnəm, əgər hansısa adi dilənçi bu adamların qapısını döysə, o yazığa 55 qəpiyi qıyıb verməzlər. Ancaq julik-deputata 550 min dollar verirmişlər. Ki, guya aparıb üstünü artırıb geri verəcəkdir. Yavaş yeyin, boğazınızda qaldı. Belə söhbətləri görəndə inanırsan ki, canavar doğrudan da meşənin sanitarıdır.
Sonda ümid edirəm, ağsaqqalı akademiyadan da uzaqlaşdırarlar. Yoxsa equus asinus boyda elm mərkəzinin internet saytını şəxsi bloqu kimi işlətməyə başlayıb. Haçan baxırsan manşetdən şəxsi müraciət yayır. Az qalır toy dəvətnaməsini saytda paylaşsın. Bu bizim dünyada tanınan elmimizə (zarafat etmirəm, məsələn, mələyin uçma sürətini, Ayın görünməyən üzünün Ramazana təsirini və lavaşın ən doğru qalınlıq dərəcəsini bizim alimlər kəşf ediblər) yaraşmayan haldır.
Zamin HACI
Tarix: 2-09-2020, 08:20