“Mən artıq gətirilmişəmsə, geri dönüşüm yoxdur...”


“Mən artıq gətirilmişəmsə, geri dönüşüm yoxdur...”
Kəmalə Ağazadə: “Dəqiqləşdirmək olar ki, vəziyyəti necədir, ola bilsin, təzyiq altındadır, qorxur”
 
Ötən günlərdə Bərdədə 17 yaşlı qızın zorla qaçırıldığı ilə bağlı sosial şəbəkədə məlumat yayıldı. Məlumatda deyilirdi ki, universitetə hazırlaşan 17 yaşlı qız 2 dəfə evlənib boşanmış adam tərəfindən, mart ayının 22-də qaçırılıb. Ailəsi qızı qaçıranların əlindən almaq istəsə də, bacarmayıblar.
 
Məlumatda, həmçinin, qızın atasının dəfələrlə polisə, Daxili İşlər Nazirliyinə (DİN) şikayət etdiyi, digər aidiyyəti qurumlara məktub göndərdiyi, amma faydası olmadığı bildirilirdi: “Cəmi 1 dəfə qızı polis bölməsinə gətiriblər. Ata deyir, qızımdan soruşuram ki, ora necə getdin, dedi qadın (oğlanın anası) xahiş etdi və polisin üzünə baxıb ağlamağa başladı. Polis də ataya deyib ki, sən hakim, prokuror zad deyilsən, niyə sorğu-sual edirsən. Ata deyir ki, polis rüşvət alıb məsələni bağlamağa çalışıb. Həmçinin deyir, 5 aydır 1 dəfə qızı evə, anasına, rəfiqələrinə zəng etməyib, qıza zəng edəndə qaynatası açır, söyüşlər söyür. Deyir, 7 il kənddən şəhərə (Bərdənin mərkəzinə) oxumağa göndərmişəm qızımı, universitetə hazırlaşırdı, bacısı öz xoşu ilə evlənəndə onu qınayırdı ki, evlənməsin, indi mən inanmıram qızım öz xoşu ilə gedib. Dərdimi danışmaq üçün Amil Xəlilin verilişinə çıxdım, şou düzəltdilər. Qeyd edim ki, ata oğlanın 1-ci arvadının ailəsini tapıb, deyir, onun da başına bu oyun gəlib. 17 yaşda qaçırılıb, qıza dərman verirlərmiş. Kişi də öz qızına görə bərk qorxub”.
 
Məsələ ilə bağlı DİN-in açıqlamasında bildirilirdi ki, mart ayının 29-da qızın atası E.H. Bərdə Rayon Polis Şöbəsinə gedərək, qızının qaçırılması barədə ərizə ilə müraciət edib. Müraciətlə əlaqədar olaraq Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb: “Araşdırmalar zamanı şikayətçinin qızı ailəsinin onu sevmədiyi birinə ərə verəcəyini əsas gətirərək, öz arzusu ilə Nurlan adlı şəxslə birlikdə evlənmək məqsədi ilə getdiyini bildirib”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən (AQUPDK) AYNA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələnin araşdırılması üçün Komitə tərəfindən Bərdə Rayon İcra Hakimiyyəti (RİH) nəzdində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupuna müraciət edilib: “Bərdə RİH başçısının müavini, Monitorinq qrupunun sədri Fəqət Şadlinskaya ailəyə səfər edərək azyaşlı qızla görüşüb. Söhbət əsnasında həqiqətən də qızın öz istəyi ilə ailə qurduğu məlum olub və yaxın vaxtlarda münasibətlərinin rəsmiləşdirilməsi üçün aidiyyəti dövlət orqanına müraciət edəcəkləri bildirilib”.
 
Açıqlamada qeyd edilib ki, göstərilən məqamlar söhbətin video-yazısında öz təsdiqini tapır.
 
AYNA-ya danışan “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadənin sözlərinə görə, icra hakimiyyəti başçısı yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya” dərhal buna müdaxilə etməlidir: “Uşaqla psixoloq danışmalıdır.18 yaşı tamam olmadığından yetkinlik yaşına çatmış hesab olunmur. Təəssüf ki, qanundakı boşluğa görə 16 yaşdan yuxarı cinsi kontaktda öz xoşu ilə olduqda ağır cinayət forması hesab olunmur”.

K.Ağazadə eyni zamanda qeyd edir ki, AQUPDK dərhal bu cür məsələlərə reaksiya verməlidir: “Biz hər şeyi Daxili İşlər Nazirliyindən gözləyirik, amma Daxili İşlər Nazirliyi şikayət daxil olduğu halda onun təhqiqatına başlaya bilir. Ola bilsin, valideynlər sadəcə sözlə müraciət ediblər. Burada qızın hər iki tərəfdən uzaqlaşdırılması mümkün olsa, dəqiqləşdirmək olar ki, vəziyyəti necədir, ola bilsin, təzyiq altındadır, qorxur. Həm də, axı bizim dəyərlər var. Qız “Mən artıq gətirilmişəmsə, hətta, könüllü gəlmişəmsə də, geri dönüşüm yoxdur. Mənə pis baxacaqlar”, - deyə düşünə bilər”.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikah yaşı oğlanlar və qızlar üçün 18 yaş müəyyən edilib. Yalnız yerli icra hakimiyyəti orqanının razılığı əsasında nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 23 iyun 2020-ci il tarixli Qərarla “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda erkən nikah hallarının qızların fiziki, psixoloji və reproduktiv sağlamlığına, o cümlədən sosial həyatına bir sıra ciddi problemlər yaratdığı vurğulanır və gənclərimiz düşünülməmiş addımlardan çəkinməyə çağrılır
Tarix: 31-08-2020, 22:08
Xəbəri paylaş



Xəbər lenti