Azərbaycan məhkəmələrinə inamı necə bərpa etməli?

Əliməmməd Nuriyev: “Hakimlər ölkədə ən yüksək əməkhaqqı alan təbəqələrdən olmalıdır”

Sosial Tədqiqatlar Mərkəzinin (STM) son sorğusunda əhalinin 51%-nin Azərbaycan məhkəmələrinə inanmadığı məlum olub. Bu nəticə ilə bağlı ədliyyə naziri Fikrət Məmmədov da narahatlığını dilə gətirib.
STM-in keçirdiyi sorğu ilə bağlı çoxsaylı suallar yaranıb. İlk suallardan biri məhkəmələrə inamı sarsıdan amillərlə bağlıdır. Eyni zamanda, bu inamı bərpa etməkdən ötrü ilk növbədə nələr edilməsi yönündə çoxsaylı mövqelər səslənməkdədir.
Sorğu ilə bağlı “Yeni Müsavat”a “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquq müdafiəçisi  Əliməmməd Nuriyev danışdı: “Cəmiyyət tərəfindən məhkəmələrə inanmsızlıq varsa, bu, çox ciddi bir məsələ kimi görünə bilər. Hər bir ölkədə ədalətin təmin olunması önəmli məsələlərdən biridir. İnsanların son ümid yeri, ədalətlə bağlı mübarizələrdə son ümid yeri məhkəmələrdir. Məhkəmədə bütün məsələlər öz həllini tapır. Belə deyək ki, ədalət öz yerinə düşür. Bu baxımdan ədalətə inam çox mühümdür. Bu həm də dövlətin inkişafı ilə bağlı çox mühüm bir məsələdir. Eyni zamanda, vətəndaşların hüquq və azadlıqlarının tam etibarlı şəkildə müdafiəsidir. Həm də ölkədə hüququn üstünlüyünün təmin edilməsinin göstəricisidir.
Əliməmməd Nuriyev: “Bütün korrupsiya sxemləri oxşardır”
Əliməmməd Nuriyev
Beynəlxalq investorlarda Azərbaycana axını təmin edən məsələlərdən biri də budur. Əgər ölkədə düzgün məhkəmə sistemi varsa, ədalət öz yerini tutursa, bu hər bir məsələdə özünü müsbət mənada göstərir. Dövlətə inamı formalaşdıran mühüm amillərdən sayılır. Ölkədə ədalət varsa, güvənc də var. Məhkəmə sistemi bu güvənci təmin edən mühüm səbəblərdən biridir. Sosial Tədqiqatlar Mərkəzinin sorğusunda 51% məhkəmələrə inamsızlıq rəqəminin üzə çıxması heç bir halda yaxşı qarşılana bilməz. Bu artıq müəyyən təhlükələrdən xəbər verir. Nəzərə alaq ki, Sosial Tədqiqatlar Mərkəzi dövlət tərəfindən yaradılmış bir qurumdur. Hesab edirəm ki, oradakı rəqəmlərə etibar etmək olar. Onu da deyim ki, ölkə başçısının 2019-cu il aprel fərmanı var. Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı idi. Bu fərman çox mühümdür. Ölkədə məhkəmə hüquq sisteminə inam və etimadın yaranmasını fərman qarşısına məqsəd qoyurdu. Fərmanda 40-a qədər tədbirlər nəzərdə tutulmuşdu. O tədbirlərin bir hissəsi artıq yerinə yetirilib. Bu proses davam etməkdədir. İstər-istəməz bu rəqəmin formalaşmasına bu öz təsirini göstərib. Çünki əvvəllər məhkəmə hüquq sistemi ilə bağlı çox ciddi problemlərin olduğu qeyd edilirdi. Mütəxəssislər, ekspertlər, beynəlxalq təşkilatlar tərəfindən bu dilə gətirilirdi. Prezidentimiz dəfələrlə bu məsələni qaldırmışdı.
Bu istiqamətdə xeyli işlər görülür. Bunlar da inam və etibarın formalaşmasına yeni zəminlər yaradır. Təsadüfi deyil ki, bu günlərdə ayrı-ayrı vəkillərin çıxışlarını görürəm. Bir çox məhkəmə qərarları onları sözün həqiqi mənasında təəccübləndirir. Bu, ona görədir ki, ədalətli qərarlar qəbul olunur. Hər halda onların böyük gözləntiləri yox idi. Amma bu gün Ali Məhkəmə və digər instansiyalarda uğurlu inkişaf dinamikası müşahidə olunur. Lakin burada genişmiqyaslı işlər görülməlidir. Azərbaycanda hüquq-mühafizə sistemi ilə bağlı çox gərgin işlər gedir. Artıq bu istiqamətdə uğurlu nəticələr görünməkdədir. Prokurorluq, polis və məhkəmə sisteminin fəaliyyətində bunu müşahidə edirik. Məhkəmə Hüquq Şurası xeyli işlər görür. O hakimlər ki, qanunazidd qərarlar qəbul etmişdilər, onlar barəsində ciddi tədbirlər görülür, cinayət hüquqi məsuliyyət tədbirləri də həyata keçirilir. Bəzilərinin fəaliyyətində vaxtından əvvəl belə xitam verilir. Məhkəmə Hüquq Şurası mütəmadi olaraq iclaslarını həyata keçirir və bu barədə şəffaf şəkildə cəmiyyəti məlumatlandırır. Şurada qaynar xəttin yaradılması hesab edirəm ki, bu istiqamətdə çox mühüm bir addımdır. Monitorinqlər həyata keçirilir və boşluqlar qısa zamanda üzə çıxır, aradan qaldırılır. Görülən tədbirlər məhkəmə sisteminə inam və etibarın formalaşmasına ciddi təsir edəcək. Amma bilirsiniz ki, bunların nəticələrinin hiss edilməsi üçün müəyyən qədər vaxt lazımdır".
Hüquqşünas məhkəmələr tərəfindən əhəmiyyətli şəkildə həbs qətimkan tədbirlərinin sayının azaldığını da qeyd etdi: “Demək olar ki, bu statistika 50%-dən aşağı düşüb. Bu da çox mühüm bir məsələdir. Hökmlərlə bağlı məsələlərdə ciddi irəliləyişlər var. Amma desək ki, hər şey əladır, düzgün olmaz. Məhkəmə qərarlarının icrası bu sistemə inam və etimadın olmasında çox ciddi əhəmiyyət daşıyır. Məhkəmə qərarlarının icrası ilə bağlı problemlər olduğu üçün bu günlərdə orada çox mühüm bir dəyişiklik baş verdi. İcra məmuru vəzifəsindən azad olundu. Bizdə hər il orta hesabla məhkəmələr tərəfindən çıxarılan qərarlar haradasa bir milyona yaxındır. Söhbət mülkü, inzibati, cinayət və iqtisadi xarakterli məhkəmələrdən gedir. Qərarların icra vəziyyəti 60%-in üzərindədir. Bu da yetərli sayıla bilməz. Məhkəmələrin müstəqil olaraq qərar qəbul etmələri mühüm şərtlərdən biridir. Baxmayaraq ki, hakimlərin maaşları artırıldı, düşünürəm ki, bu da hələ yetərli deyil. Onlar üçün uyğun mühitin yaradılması da çox mühümdür. Ona görə də, bu prosesdə onların əməkhaqlarının yenidən artırılması vacibdir. Düşünürəm ki, Azərbaycanda ən yüksək əməkhaqqı alan təbəqələrdən biri də hakimlər, müəllimlər olmalıdır. Bu istiqamətlərdə düşünmək lazımdır. Sağlamlıq, təhsil çox mühüm məsələlərdir. Bunlar dövlətin təməlini təşkil edir. Bilirsiniz ki, məhkəmələrdə iki tərəf olur və tərəflərdən biri qərardan razı qalmaya bilər. Belə halla daha çox rastlaşırıq. Bu da təbiidir. Ədalətə münasibətdə insanların tam formalaşmış bir yanaşması var, bu ədalətlidir ya yox. Bu nüansı diqqətdən qaçırmaq olmaz. Bütün ölkələrdə ədaləti təmin etmək məhkəmənin vəzifəsidir. Ümid edirəm ki, aparılan islahatlar məhkəmələrə inam və etimadın artmasına səbəb olacaqdır. İnamın özünün formalaşması da uzunmüddətli bir prosesdir”.
Tarix: 29-08-2020, 08:39
Xəbəri paylaş



Xəbər lenti