Milli Məclisin deputatı Arzu Nağıyevlə politoloq Nəzakət Məmmədova arasında qalmaqal yaranıb. Pravda.az-ın xəbərinə görə, buna səbəb N.Məmmədovanın mətbuata verdiyi müsahibə olub.
N.Məmmədova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevaya müraciət ünvanlayıb:
“Hörmətli cənab Prezident, hörmətli xanım Birinci Vitse-prezident. Azərbaycan Respublikasında qanunun aliliyinin, hər bir vətəndaşın konstitusiya ilə qorunan şərəf və ləyaqətinin dövlət tərəfindən qorunmasına inanaraq bu müraciəti Sizlərə ünvanlamağı özümə borc bilirəm. Mən 10 il DTX-da işləmiş keçmiş əməkdaş, Azərbaycan vətəndaşı kimi sizin səsinizə səs verərək xidmət müddətində şahidi olduğum neqativ halları, qüsurları bu yaxınlarda internet tv-lərin birində canlı yayımda etdiyim çıxışımda bildirmişəm. Bundan sonra həmin veriliş dərhal efirdən yığışdırılsa da, lakin bir neçə kanal mənlə razılaşdırmadan onu götürüb yayımlamışdır. Bir neçə gün sonra mənim dediyim faktlar üzrə obyektiv araşdırma aparmaq əvəzinə, deputat Arzu Nağıyevin rəhbərlik etdiyi Alyans Azərbaycan xüsusi xidmət orqanları veteranları ictimai birliyi adından mətbuatda anonim müraciət yayılmışdır. Tədbirlərdən birində vaxtilə A.Nağıyev mənə həmin təşkilata üzv olmağı təklif etmiş, mən həmin adamın şəxsi və işgüzar keyfiyyətlərinə şübhə ilə yanaşdığım üçün həmin təklifdən imtina etmişəm. Bundan sonra həmin müraciət bir sıra saytlarda yayılmışdır. Trend.az, Milli.az, Cebhe.info, Publika.az, Xalqcebhesi.az, Yenisabah.az, Turkustan.info və s. saytlarda avqustun 24-də yayımlanan həmin iftira, böhtan xarakterli müraciətdə mənim konstitusiyaya hüquqlarım kobud şəkildə pozulmuş, ailə sirləri sayılan məsələlər şişirdilmiş, qaralama məqsədilə ictimaiyyətə təqdim olunmuşdur. Nəticədə, mən və övladım dərin psixoloji-mənəvi sarsıntı keçirmişik. Mən və məni yaxından tanıyan insanlar bu böhtandan, iftiradan şoka düşmüşük. Hörmətli cənab Prezident, hörmətli xanım Birinci Vitse-prezident! Bir Azərbaycan qadınına, tək övlad böyüdən anaya, dövlətinin və xalqının mənafeyini hər şeydən üstün tutan bir vətəndaşa qarşı bu haqsızlığa, iftiraya, Azərbaycan millət vəkilinə, ona bu məlumatları ötürən xüsusi xidmət orqanına qarşı ali vicdan, dövlətin ədaləti prinsiplərindən çıxış edərək mənim və övladımın hüququnun qorunmasını sizdən xahiş edirəm. İctimaiyyət və vicdanlı media mənsubları şahiddir ki, mən illərdir ki, təmənnasız dövlətimə xidmət edirəm, cəmiyyətimizin beynəlxalq hadisələr barədə obyektiv məlumatlanması üçün yorulmadan fəaliyyət göstərirəm. Sizin cəmiyyətdə rast gəlinən neqativ hallara qarşı mübarizə, ictimai nəzarətin artırılması çağırışınıza qoşularaq DTX-da şahidi olduğum nöqsanları ictimailəşdirmişəm. Tədbir görmək əvəzinə həmin təşkilat deputat Arzu Nağıyev və onun Alyans adlı qondarma təşkilatı vasitəsilə mənə qarşı qarayaxma, şəxsi və işgüzar nüfuzuma xələl gətirmə ilə məşğuldur. Konstitusiyaya görə, deputatın biznes fəaliyyəti ilə məşğul olması qadağan olduğu halda, A.Nağıyev hələ də Trend informasiya agentliyində maaş almaqla rəhbər vəzifə tutmaqda davam edir, cəmiyyətə obyektiv informasiya çatdırmaq əvəzinə həmin agentlikdən, orada rəhbər vəzifə tutmağından və ümumiyyətlə mediadakı əlaqələrindən və millət vəkili mandatından bir Azərbaycan qadınına qarşı iftira kampaniyası aparmaq üçün istifadə edir. Ermənistan hərbi hissələrinin Azərbaycanın dövlət sərhəddinin Tovuz rayon istiqaməti təcavüzü dövründə tərəfimizdən şəhid sayını çox göstərərək beynəlxalq kanallara bərbad müsahibə verməklə, Belarus seçkiləri ilə bağlı müşahidəçi olaraq iştirak edib və seçkinin necə keçirilməsini özünəməxsus saxtakarlıqla şərh edən politoloq - deputat haqlı olaraq Azərbaycan vətəndaşları, sosial şəbəkə istifadəçiləri tərəfindən lağ obyektinə çevrilib. Bütün bunların fonunda onun bir qadına, anaya qarşı qarayaxması özünü müxtəlif məmurlar tərəfindən "bəraətinə" hesablanmış addım hesab edirəm. Əlavə olaraq onu deyə bilərəm ki, belə politoloq-deputatların sizin siyasi hakimiyyətinizə heç bir fayda vermədiyinə əminəm və belələrinin sizin nüfuzunuz arxasında gizlənməyinə icazə verməməyinizə ümid edirəm. Əminəm ki, sizin belə adamların "müdafiəsi"nə ehtiyacınız yoxdur, bu cür şəxslər özünü sizin tərəfdarınız kimi göstərir, əslində isə bu cür qarayaxma kampaniyası təşkil etməklə millət vəkili və keçmiş xüsusi xidmət orqanları veteranı adına xələl gətirir, cəmiyyətdə dövlətin nüfuzunu aşağı salır. Xahiş edirəm, Alyans adlı qurumun üzvləri, o cümlədən deputat A.Nağıyev və onun əlaltıları barədə ölçü götürülməsi, qanunun aliliyinin təmin edilməsi barədə öz ədalətli mövqeyinizi bildirəsiniz”.
Deputat Arzu Nağıyev isə N.Məmmədovaya belə cavab verib: “Bir neçə dostum mənim haqqımda Nəzakət Məmmədovanın öz FB səhifəsində status paylaması haqqında məlumat verdi. Mən də həmin statusu oxudum. Birincisi mən heç vaxt Alyansın rəhbəri olmamışam, sıravi üzvüyəm və onun dediyi yazı haqqında mediadan oxumuşam, təbii ki, ehtiyatda olan zabit kimi göstərilən bir çox faktlarla da razıyam. Hazırda doğrudan da ictimai əsaslarla Trenddə çalışıram. İkincisi, mənim həmişə Nəzakət xanıma bir qadın kimi, ana kimi hörmətlə yanaşmağımı özü də inkar edə bilməz. və daima siyasi fəaliyyəti dövründə ona yardımçı olmuşam və müəyyən köməyim də dəyib. Sonradan yəqin ki onun özünə məlum ola bilən səbəblərdən əlaqəmiz (son bir ildə) ümumiyyətlə olmayıb. Bu siyasətdir ,yəqin başqa maraqlar da var. Lakin yazıdakı dəst -xəttdən də hiss olunur ki, yenə də maraqlı tərəflər su bulandırmaqda davam edir. Çox heyif ki, bu işlərə artıq qadınları da qatırlar.
Hörmətli Nəzakət xanım! Yazdığınız status təbii ki, öz vicdanınız, öz işinizdir, hüququnuzdur. Amma sizdən öz maraqları üçün kiminsə istifadə etməyinə imkan verməyin...”
Tarix: 28-08-2020, 16:43