Lotu Quli klanının başına o keçdi - Detallar/Video
Türkiyədə öz yaxın adamı tərəfindən qətlə yetirilən azərbaycanlı qanuni oğru Nadir Səlifovun işlərini qardaşı, qanuni oğru Namiq Səlifov davam etdirəcək.
Moderator.az musavat.com-a istinadən xəbər verir ki, Namiq Səlifov kriminal aləmdə "Namiq Bakinski" kimi tanınır. Avqustun 20-nə keçən gecə Türkiyənin Antalya şəhərindəki otellərdən birində Lotu Quli qətlə yetiriləndən sonra onun biznes imperiyasının liderinin kim olacağı ilə bağlı müzakirələr gedirdi. Onun yerinə bir neçə namizədin adı çəkilirdi və ən uyğun namizəd kimi qardaşı Namiq Bakinskinin adı deyilirdi.
Rusiyanın “Novaya qazeta” nəşri yazır ki, Lotu Qulinin kiçik qardaşı, 44 yaşlı qanuni oğru Namiq Səlifov öldürülən qardaşının işlərini artıq qəbul edib. Yazıda hazırda Namiq Bakinskinin Rusiyanın meyvə-tərəvəz bazarlarındakı alverçilərdən “haqq” aldığı vurğulanıb. Qeyd edilir ki, Namiq Nadirlə birlikdə 1996-cı ilin oktyabrında Azərbaycanda məhkəmə qərarı ilə 27 il müddətinə həbs edilib. O, 2001-ci ilin aprelində vaxtından əvvəl həbsdən azad edilib.
Qulinin qətlindən sonra onun tutduğu mövqeyə sahiblənə biləcək azərbaycanlı qanuni oğrular sırasında qardaşı Namiq Səlifovun adı ən öndə çəkilirdi. Namiq Səlifova 2013-cü ildə qanuni oğru statusu verilib. Namiq Səlifovun taclandırıldığı “sxodka” Ded Xasan klanı tərəfindən keçirilib.
Lotu Qulinin qətlindən sonra onun yerinə qardaşı ilə yanaşı azərbaycanlı qanuni oğrular Rafiq Eyvazov (Rafiq Masallinski), Cavid Məmmədov (Dato Ağcabədinski), Emin Əhmədov (Emin Hacıqabulski), Ceyhun Əsgərov (Ceyhun Gəncinski), Zaur Şipilov (Zaur Naxçıvanski), eləcə də Əli Heydərovun (Kürən Albert) ola biləcəyi haqda söhbətlər vardı. Postsovet regionda isə Lotu Qulinin yerinə iddialı 3 nəfərin - Ded Xasanın 47 yaşlı qohumu Gerigi Akoyev (Giya Sverdlovski), hazırda Ukraynada yaşayan 65 yaşlı Avtandil Kobeşavidze (Avto), 39 yaşlı Əhməd Donvayev (Əhməd Şalinski) çəkilirdi.
Bu baxımdan onun qardaşı Namiq Səlifovun işlərini davam etdirməsi maraqla qarşılanıb. “Novaya qazeta” nəşrinin Namiq Səlifovun oğru “sxodkası”nda qardaşının yerinə təyn olunması haqda məlumat vermir. Böyük ehtimalla, indiki halda da müəyyən çevrəyə daxil olan kriminal avtoritetlərin iştirakı ilə Namiq Səlifova etimad göstərilib. “Sxodka”nın nə vaxt keçiriləcəyi, və ya artıq keçirilərək məlum qərarı qəbul etdiyi haqda xəbər yoxdur. Mümkündür ki, yeni liderin seçilməsi və başqa məsələlərin razılaşdırılması hələlik dar dairədə aparılıb. İndiki halda azərbaycanlı qanuni oğruların etimad göstərəcəkləri namizəd Namiq Səlifovdur. Çünki o, qardaşının əlaqələrinə yaxşı bələddir və işləri davam etdirmək gücündədir.
1976-cı ildə Dmanisidə doğulan Namiq Səlifov “taclandırıldıqdan” sonra "Bakinski" ləqəbi götürüb. 2013-cü ildə Türkiyədə (bir iddiaya görə isə İspaniyada) “taclandırılan” Namiq Səlifovun Quli həbsdə olarkən onun kriminal aləmdə mövqeyinin möhkəmlənməsində rolu olub. Namiqlə bərabər Lyoxa İrkutskiy, Beso Rustavskiy ləqəbli kriminallara da qanuni oğru statusu verilmişdi.
2014-cü ildə məhz bu qanuni oğrularla Türkiyənin Edirnə vilayətində Quliyə əks düşərgədə olanlar arasında atışma baş vermişdi. Baş verən atışmada bir tərəfdən Albert Rıjiy (Əli Heydərov) və Zaur Naxçıvanskiy (Zaur Şpilov) ləqəbli avtoritetlər, digər tərəfdən isə Namiq, Lyoxa İrkutskiy və Beso Rustavskiy ləqəbli qanuni oğrular iştirak ediblər.
Sonuncu iki şəxs aralarındakı münaqişəni həll etmək üçün Kürən Alberti Türkiyəyə “sxodka”ya çağırıblar. Albert Türkiyəyə gəlməkdən imtina edib və Sankt-Peterburqda toplantı keçirərək Beso və Lyoxanı qiyabi olaraq titullarından məhrum edib. Albert əvvəlcə Yunanıstana, sonra Misirə gələcəyini vəd etsə də, dediyi ünvanlara getməyib. Albert isə Türkiyəyə gələrək “düşmənimin (Quli) düşməni (Rövşən Lənkərandski) mənim dostumdur” prinsipi ilə kömək üçün Lənkəranskiyə müraciət edib.
Albert Edirnəyə Lənkəranskinin qanuni oğru adı verdiyi Zaurla (Lotu Bayramın oğlu) gedib. Edirnədə onları Beso, Lyoxa və Namiq qarşılayıb. Onlar dərhal Albertdən izahat tələb ediblər. O, suallara cavab verə bilmədiyinə görə artıq qanuni oğru olmadığı elan edilib və döyülüb. Bu zaman Albertin mühafizəçilərindən biri silaha əl atıb və cavab olaraq oradakı şəxslərdən biri tərəfindən öldürülüb. Öldürülən şəxsin, yəni Albertin mühafizəçisinin Türkiyə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşı Hüseyn İrmaq olduğu müəyyənləşib. Ciddi rezonans doğuran hadisə ilə bağlı Qulinin qardaşı da daxil olmaqla ümumilikdə 14 nəfər həbs edilmişdi. Amma tezliklə həbs edilənlər azadlığa buraxıldı.
Lotu Qulinin oğru tacına gedən yolu açıldı
Məlumdur ki, Şakro Molodoy (Zaxari Kalaşov) İspaniyada həbsdən çıxdıqdan sonra “oğru” sıralarında təmizlənməyə başlamışdı. Bildirilirdi ki, Şakronun o vaxt Qulinin qardaşı ilə bağlı da hökm vermək niyyəti olub. O zamanlar Rusiya mediası iddia edirdi ki, Şakro Molodoyun təşəbbüsü ilə Lotu Qulinin uzun illərdir Türkiyədə yaşayan kiçik qardaşının “qanuni oğru” statusunun alınması ilə bağlı “sxodka” keçirilib. Amma sonradan tərəflər arasında mübahisə doğuran məqamlar həllini tapıb və Namiq Bakinskinin Səlifovun statusuna toxunulmayıb.
Bu ilin fevralında da Namiq Bakinskinin adı yenidən qardaşı ilə birgə gündəmə gəlmiş, Quli ilə bərabər onun da qonşu ölkədə həbs edildiyi barədə informasiya yayılmışdı. Amma sonradan bildirilirdi ki, Quli Türkiyədə deyil, uzun illərdir bu ölkədə yaşayan Namiq Səlifovla bağlı isə heç bir problem yoxdur.
Namiq Səlifov hələ ki, barəsindəki iddialara münasibət bildirməyib. Amma aydındır ki, Qulindən sonra ailənin başına o keçəcək və bütün işləri o yönəldəcək.