Aslan müəllimlə (Aslan İsmayılov) tanışlığımızın əvvəli 1989-cu ilə gedib çıxır. Mənim barəmdə canlı yayım edəndə tanışlığımızın tarixçəsini ətraflı danışıb. Bu müddət ərzində dəfələrlə uzaqlaşıb, sonra yenidən yaxınlaşmışıq. Hər dəfə onun dəyişəcəyini düşünmüşəm. Görünür səhv etmişəm. Nə o dəyişib, nə də mən dəyişmişəm. Tanıyanlar bilir, mən heç vaxt özümü reklam etməmişəm, apardığım işləri yeri gəldi-gəlmədi ictimailəşdirməkdən qaçmışam, hay-küy, həyasızlıq mənlik deyil.
30 ildə dəfələrlə vəkil olduğum və ona heç bir aidiyyəti olmayan işlərdən Aslan müəllim bildi-bilmədi “ağız dolusu “ danışıb. Bu illər ərzində bir neçə dəfə qarşı tərəflərin vəkili olmuşuq. Cəmi bir dəfə ortaq işimiz olub, ikimiz bir gün eyni adamın vəkili olmuşuq. Heç vaxt onun arxasında iş çevirməmişəm, arxasınca danışmamışam, ümumiyyətlə bu mənim xarakterimə ziddir. Amma onun tam əksini etdiyini deyə və sübut edə bilərəm. Adam illərdir yetənə yetib, yetmədiyinin arxasınca daş atıb. Düşündüm ki, buna son qoymağın zamanı çatıb. Odur ki, burdan üzümü Aslan İsmayılova tutub deyirəm, onun arxasınca danışmaq, qeybət etmək mənə yaraşmaz, istədiyi məkanda, onlayn telekanalda onunla canlı yayımda söhbət etməyə, barəsində düşündüklərimi üzünə deməyə və barəmdə düşündüklərini eşitməyə hazıram. İctimaiyyətin bunları bilməyə və kimin-kim olmasını dəyərləndirməyə haqqı çatmasını düşünürəm.
Adil İsmayılov
Vəkil
Tarix: 27-08-2020, 07:42