Siyavuş Novruzov sahib olduğu orden və medalları yaxasından asanda, pencəyinin bir tərəfi əyilir. Zarafat deyil, adam bu günə kimi 22 orden-medal alıb. Hamısını bir yerə yığanda, 2 kiloqramdan çox edir. Saat taxmağa belə lüzum görməyən mənim kimi ərincək adamlar yaxasında 2 kiloqram dəmir gəzdirən deputat yoldaşa həsəd aparmalıdırlar…Əməkdaşımız Siyavuş müəllimin bu orden və medallara necə sahib oldğunu araşdırıb. Məlum olub ki, dövlət təltiflərinə sahib olmaqla yanaşı, o, diplomu 100, medalı 200 manata satan QHT-lərdən də mükafat alıb. Ramanada ət mağazası işlədən qəssab tanışım Firdovsinin də üç-dörd belə medalı var. Dediyinə görə, dananın ciyərini, bəzən də kəsdiyi malın baş-ayağını verərək, bir neçə medal alıb.
Novruzov yoldaşın sahib olduğu medalların adlarıyla tanış olanda təəccüblənməmək mümkün deyil. Yəqin siz də fərqindəsiniz, Siyavuş müəllim sinəsində üç ölkəyə məxsus orden və medal gəzdirir. 1-ci dərəcəli “Vətənə xidmət ordeni”ni Azərbaycanda alıb. Buna sözüm yoxdur, analoji ordeni ondan əvvəl də, sonra da xeyli adam alıb.
Sözüm onun sahib olduğu “Vətənə sədaqət ordeni”ylə bağlıdır. YAP-çı deputatı bu ordenlə 14 sentyabr 2016-cı ildə Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Veteranlarının Ümumrusiya İctimai Birliyinin sədri, keçmiş SSRİ Müdafiə nazirinin müavini Viktor Yermakov təltif edib. Xidməti isə “ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə böyük töhfə vermək” olub.
Şəxsən mənə maraqlıdır: Rusiyanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsində Siyavuş Novruzovun hansı xidmətləri olub? Axı camaat onu Rusiyaya deyil, Azərbaycan xidmət etmək üçün deputat seçib…
Cənab Novruzovun bioqrafiyası ilə tanış olanda, məlum olur ki, onun nəinki Rusiya, hətta Əfqanıstan dövləti qarşısında da xidmətləri varmlş. Məhz bu səbəbdən Əfqanıstanın Veteranlarının Rusiya İttifaqı 15 fevral 2017-ci ildə onu Vətən qarşısında “Xidmətlərə görə” medalı ilə təltif edib. Görünür, Siyavuş müəllimin Əfqanıstanda “naçalnik razvetkanın” sədri olmasını ruslar heç cür unuda bilmirlər. Hərçənd ki, əsgər yoldaşlarından biri bu faktı təkzib edərək, Novruzovun Əfqanıstanda boş su çənlərini doldurmaqla hərbi xidmətini başa vurduğunu deyib…
Şəxsən özüm saymışam, Siyavuş Novruzovun sahib olduğu 22 orden və medalın düz 7-sini Rusiyanın müxtəlif qurumları və bu ölkədə fəaliyyət göstərən QHT-lər onun yaxasından asıb. Əcəba, Rusiyada azərbaycanlı deputata bu sevgi hardandır? Necə olub ki, rus xalqının dərin hörmət və məhəbbətini qazanan Novruzov bu uzun illər ərzində az da olsa, Azərbaycan xalqının sevgisini qazana bilməyib?
Seymur VERDİZADƏ
Tarix: 26-08-2020, 14:57