Penitensiar Xidmət əməkdaşının ad günü şənliyi keçirməsi ətrafında yeni suallar meydana çıxır AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toy mərasimindən sonra yerli saytlar, Penitensiar Xidmətin Xaçmaz şöbəsinin müdiri Azər İbrahimovun karantin rejiminin tələblərini kobud şəkildə pozaraq, ad gününü Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən "Meh" istirahət mərkəzində qeyd etməsi barədə məlumat yaydı. Mediada yayılan
məlumatlara görə, ad günü şənliyində, təxminən 150 nəfər iştirak edirdi. Bildirilir ki, ad günü şənliyində ədliyyə generalı Məhərrəm Qafarov, regional xəzinədarlığın rəhbəri Namiq Məmmədov və Gədəbəy rayonunun hüquq mühafizə orqanlarının əməkdaşları da iştirak ediblər.
Xatırlatmaq istərdik ki, ad gününün 150 nəfərin iştirakı ilə keçirilməsi karantin rejiminin kobud şəkildə pozulmasıdır. AYNA bu məlumatın doğru olub-olmadığını öyrənməyə qərar verib.
İstirahət mərkəzin adının çəkilməsini istəməyən əməkdaşı bizimlə söhbətində “Meh”də heç bir ad günü şənliyinin keçirilmədiyini söylədi: “Biz qanunları pozmuruq”.
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Natiq Nağıyev də bildirib ki, Azər İbrahimov 18 avqust 2020-ci il tarixində “Meh” istirahət mərkəzində ad gününü keçirməyib: “Onun ad günü sentyabr ayındadır. Avqustun 18-də o, sadəcə beş dostu ilə birgə istirahət mərkəzində oturub”.
Maraqlıdır, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, işçisi tərəfindən karantin rejiminin pozulması barədə mediada yayılan məlumatları yoxlamağa borcludurmu? Bu sualı Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrətə ünvanladıq.
“Penitensiar Xidmətin rəhbərliyi, ümumiyyətlə bu məlumatları yoxlamağa borclu deyil. Çünki bu strukturun işçisinin iş vaxtından kənarda nə etməsinin Penitensiar Xidmətin rəhbərliyinə heç bir aidiyyatı yoxdur”, - o bildirdi.
“Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə hesab edir ki, qanun pozuntuları barədə məlumatların hazırlanması ilk növbədə hüquq-mühafizə orqanlarının vəzifəsidir: “Lakin Penitensiar Xidmətin rəhbərliyi işçiləri tərəfindən karantin rejiminin pozulması ilə bağlı məlumatları da yoxlamalıdır”.
Öyrəndik ki, Penitensiar Xidmət artıq bu məlumat üzrə ilkin yoxlama da keçirib. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıxovun sözlərinə görə, yayılan xəbərlər reallığa uyğun deyil: “Bununla əlaqədar olaraq, Penitensiar Xidmət rəsmi açıqlama vermək niyyətindədir”.
Ən azından, Ədliyyə Nazirliyinin rəsmi açıqlamasına qədər Azər İbrahimovun ad günü təşkil edib-etmədiyini təsdiqləmək və ya inkar etmək niyyətində deyilik. Bir şey maraqlıdır, niyə Gədəbəy Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşları Penitensiar Xidmətin Xaçmaz şöbəsinin müdirinin doğum tarixini dəqiq bilirlər?
Kütləvi informasiya vasitələrində yayımlandıqdan sonra onlar ad günü şənliyinin təfərrüatları ilə maraqlanıblarsa, "18 avqustda o, sadəcə 5 dostu ilə istirahət mərkəzində oturub" ifadəsinə görə RİH-dəkilər bununla dəqiq maraqlanıblar. O zaman RİH-in nümayəndələri niyə bilmirlər, ya da "anlamırlar” ki, Ədliyyə Nazirliyinin bir işçisinin bu addımı karantin rejiminin pozulmasıdır? Axı qanuna görə, istənilən yerdə 5 nəfərdən çox olan qruplara toplaşmaq qadağandır. Amma RİH rəsmisinin sözlərinə görə, həmin gün “Ədliyyə Nazirliyinin əməkdaşı beş dostu ilə birgə oturub”. Deməli, 5+1=6... Faktlar inadkar şeydir.
Tarix: 26-08-2020, 07:22