“Varlıya yaltaqlanmaq, kasıba acıqlanmaq kimi xüsusiyyətlərimizdən əl çəkməliyik”




“Azərbaycanda yeni siyasi şərait yaranıb. Ranqından, tutduğu vəzifədən asılı olmayaraq, hər bir məmur bu şəraitə uyğunlaşmalıdır”. 
Bunu “Sherg.az”a açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri, “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib. 
JAM sədri bildirib ki, son vaxtlar iqtidar düşərgəsində keyfiyyət dəyişikliyinin şahidi oluruq: 

“Vətəndaşla rəiyyət kimi davranan, sadə insanlara qul kimi baxan məmurlar bir-birinin ardınca cəzalandırılır. Hazırda vaxtilə icra başçısı postunu tutmuş 5 nəfərin məhbus həyatı yaşaması bunun bariz nümunəsidir.

Rüşvətxor və korrupsioner məmurların meydanı tədricən daralır. Artıq heç kim özünü “kiçik padşah” kimi aparmağa cəsarət etmir. Ortada siyasi iradə var və həmin iradə müftəxor məmurları cəzalandırmağa qadirdir.

Hesab edirəm ki, cəmiyyət ayıq-sayıq olmalıdır. Nəhayət, biz ictimai nəzarət mexanizmini qurmağı bacarmalıyıq. Hər birimizin gözü məmurların üstündə olmalıdır. Qanunsuzluğa, özbaşınalığa birlikdə etiraz eləməliyik.

Milli maraqlarımızı şəxsi maraqlarımızdan üstün tutmalı, vətəndaş mövqeyi sərgiləməkdən çəkinməməliyik. Varlıya yaltaqlanmaq, kasıba acıqlanmaq kimi xüsusiyyətlərimizdən əl çəkməliyik”.
Tarix: 25-08-2020, 08:25
Xəbəri paylaş



Xəbər lenti