“Beyin axını”nı geri döndərmək lazımdır


“Beyin axını”nı geri döndürmək lazımdır
Xaricdəki soydaşlarımıza: Yüksək əməkhaqqı və yaxşı iş şəraiti qarşılığında vətənə qayıdarsınız?
 
“ABŞ-ın ən nüfuzlu tibb mükafatı sayılan “Endowed Chair” laureatı, Texas Universiteti Nefrologiya kafedrasının müdiri professor Meryem Tuncel Prezident Ərdoğan tərəfindən Adanadakı Çukurova Universitetinin rektoru təyin edildi. Türkiyə yavaş-yavaş xaricdə yaşıyan tanınmış mütəxəssisləri, alim və həkimləri Vətənə geri çəkir. Bu kadrlarla ölkə daha sürətlə inkişaf edəcək”.
 
Bu məlumatı Türkiyədə yaşayan həmyerlimiz, keçmiş konsul, tanınmış jurnalist İbrahim Nəbioğlu paylaşıb. Bildirib ki, bənzər bir açılımı Azərbaycan da həyata keçirməyə başlamalıdır: “Yoxsa bu "çal-çağır" ordusu, muğamat və meyxana ilə uzağa gedə bilməyəcəyik”.
 
Maraqlıdır və həqiqətən, bizdə də mümkündür. Məsələn, xaricdə yaşayan, çalışan azərbaycanlı mütəxəssislərə yaxşı maaş və iş şəraiti təklf edilsə, Vətənə gəlib, öz imkanlarını burada tətbiq edərlərmi?
 
AYNA bu sualla xaricdə yaşayan bəzi soydaşlarımıza müraciət edib. Beləliklə:
 
Türkiyədə yaşayan Lalə Atakan: “Mənim xaricdə olma səbəbim başqadır. Xarici vətəndaşla ailə qurduğum üçün Türkiyəyə köçməli oldum. Əlbəttə ki, ölkəmdə iş mühitində narazı olduğum məqamlar var. Ancaq mən xaricə gedib özümü daha rahat hiss etdiyim bir yerdə yaşayıb, işləmək yerinə ölkəmdə qalıb o çatışmazlıqları təmin edib, bacardığım qədər müəyyən şeyləri dəyişməyə çalışardım. Məncə, xaricə gedənləri qaytarmaq üçün təkcə yüksək maaş vədi vermək kifayət deyil. İnsanlar mühitdən qaçırlar. Bu, Türkiyədə də belədir. Bizdə maaş az ola bilər, ancaq Türkiyədə işinin peşəkarlarına kifayət qədər yüksək maaş təklif olunur. Yəni, maddi amillərdən çox mənəvi ehtiyaclar aparıcı rol oynayır. Bu insanların qayıtma səbəbi ya vətən sevgisi, ya siyasi amil, ya da mədəni və sosial mühit ola bilər”.
 
ABŞ-da yaşayan Elgün Xanoğlanlı: “Mən Azərbaycandan gələcək heç bir təklifi qəbul etmərəm. Çünki bu gün dünyanın ən güclü və ən yaxşı şəraiti olan dövlətində yaşayıram. Vətənim həmişə mənim üçün əzizdir. Amma özümün inkişaf etməyim, irəli getməyim üçün ABŞ-da qalmağı üstün tutaram. Həm də ABŞ-da qazandığım uğur da Azərbaycanın adınadır”.
 
Almaniyada yaşayan Gülşən Əhmədli: “Mən də, həyat yoldaşım da Azərbaycanın inkişafı üçün əlimizdən gələni etməyə həmişə hazırıq. Hətta, həyat yoldaşım Türkiyədə tibb ixtisası üzrə təhsil alandan sonra Azərbaycana geri döndü. Çalışdı ki, Azərbaycan Tibb Universitetində işə düzəlsin, gələcəyin həkimləri olacaq tələbələrə bildiklərini öyrətsin. Təəssüflər olsun ki, bu heç cür alınmadı. Biz də ümid edirik ki, Azərbaycan xaricdə yaşayan savadlı həkimlərini, mühəndislərini və digər peşəkar insanlarını geri qaytaracaq. Həmçinin, həmin peşəkarların Azərbaycanda yaxşı yaşaması üçün onları maddi cəhətdən təmin edəcək. Onu da deyim ki, biz xaricdə yaşadığımız zaman belə, Azərbaycanı unutmuruq, əksinə Azərbaycan üçün əlimizdən gələn yaxşılıqları etməyə çalışırıq. Hətta, məzuniyyət vaxtlarında biz Azərbaycana gəlirik. Azərbaycanda işləyən həmkarlarımızla müxtəlif layihələr həyata keçiririk. Mən Türkiyədə təhsil alıb, Azərbaycanda işləyən həmkarlarımın qarşısında baş əyirəm. Çünki Azərbaycanda yaşayan doğmalarımı yalnız xaricdə təhsil alan həkimlərimizə etibar  edə bilirəm. Düşünürəm ki, Azərbaycanda olmayan həmvətənlər də uzaqdan olsa da, vətəni üçün nəsə etməyi bacarmalıdır”.
 
Nigeriyada yaşayan Billurə Bernard: “Azərbaycandan bizə yaxşı əməkhaqqı ilə iş təklifi gəlsə, sevə-sevə Azərbaycana geri dönərik. Hətta, həyat yoldaşım fransız olsa belə, o da Azərbaycanı çox sevir”.
Tarix: 19-08-2020, 14:22
Xəbəri paylaş



Xəbər lenti