Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
Covid-19 virusunun hələ adını ilk dəfə eşitdiyimiz günlərdən bu barədə yazır, dünyadakı prosesləri izləyir, ölkədəki vəziyyətlə bağlı reportajlar hazırlayırdım. Hələ bizdən xeyli uzaqda olan yoluxanların hansı çətinliklər çəkdiklərini sadəcə təxmin edir, yaşadıqlarını duymağa çalışır, yazılarımda bunu insanlara çatdırmaq istəyirdim. Virus Azərbaycan sərhədini keçdiyi andan isə bir gün koronavirusa yoluxacağımı bilirdim. Ancaq o günü vaksin tapılana qədər uzatmaq üçün ciddi şəkildə qorunur, maska taxır, əlimdə dezinfeksiyaedici məhlulla gəzir, evə aldığım hər şeyi spirtləyir, əllərimi yuyur-bir sözlə, bütün gigiyenik qaydalara əməl edirdim.
Mənim etdiklərimi hər gün müxtəlif həkimlərin, mütəxəssislərin də dilindən tövsiyə kimi eşidirik. Lakin qorunmaq üçün bunlar yetmirmiş...
Yoluxmanın ilk günlərində nələr yaşadım?
Koronavirusa yoluxandan bu günə qədər çoxsaylı insanlar tərəfindən hansı hislər keçirdiyim, nələr yaşadığım, necə müalicə olunmağımla bağlı suallar alıram. Həmçinin bu virusa yeni yoluxan tanışlar da məndən tövsiyə alır, nə etməli olduqlarını soruşurlar. Ona görə də belə bir yazı yazıb, suallara mümkün qədər cavab verib, ağıllarında suallar olanlara yardımçı olmaq istədim.
Qısa olaraq deyim ki, yoluxmama səbəb yaxın dostlarımdan biri oldu. O, yoluxduğunu bilmirdi. Görüşdük, həmin günü dostumun, üç gün sonra isə mənim temperaturum qalxdı və artıq koronavirusla üz-üzə qaldığımı hiss etdim.
İlk gecə qızdırma 37.5-ə qədər qalxdı. Sonrakı gün isə temperatur 38.9 oldu və həkimin məsləhəti ilə “Ringer” məhluluna qarışıq vitaminlər vurdurub (sistem), bir neçə virus əleyhinə dərman atmağa başladım. Sistemi vurdurmaq isə elə də asan olmadı. Çünki tibb bacısı tapmaqda xeyli çətinlik yaşadım. Ümumiyyətlə, bu problemlə təkcə mən deyil, çox adam üzləşir. Bu günlərdə əksər tibb bacıları temperaturu olan xəstəyə iynə vurmaqdan, sistem köçürməkdən imtina edir. Yaxud da istədikləri qiyməti oxuyurlar (məsələn, sistem üçün 15-20 manat, əzələ iynəsinin 1 ədədi üçün 3 manat). Onsuz da tibb bacısının tapılmadığı bu dönəmdə mənim kimi əksər insanlar pul məsələsini düşünmədən, tibb bacıları ilə razılaşırlar.
Lakin ağılda bir sual dolaşır: pulu çox alanda tibb bacısına virus keçmirmi?!
İkinci günü qızdırmam yüksək olduğu üçün həkim təcili antibiotik terapiyasına başlamalı olduğumu dedi. Lakin axşam saat 11 idi və bu vaxt günorta belə çətin tapılan tibb bacını tapmaq müşkül məsələ idi. Yaxınlıqda özəl bir klinika olsa da, orada da bir müddətdir ki, gecələr xəstə qəbulunun dayandırıldığını söyləyib, iynə vurmaqdan imtina etdilər. Məcbur qalıb, ilk iynəni özüm-özümə vurası oldum...
Həmin günün səhəri hərarətim düşdü. Bununla da mən koronavirusa yoluxmadığımı düşünüb sevindim. Eşidən-bilən hər kəs də bir ağızdan deyirdi ki, bu, sadəcə olaraq möhkəm soyuqdəymədir. Soyuqdəymədən söz düşmüşkən onu da qeyd edim ki, koronavirusun sizə qalib gələ bilməsi üçün soyuqlamağınız kifayətdir. Mən möhkəm soyuqlamışdım. Hər gün maska, spirtdən istifadə etsəm də, soyuq su içir, dondurma yeyir, saatlarla kondisionerin altında qalırdım. Bütün bunlar isə koronavirusa rahat orqanizm hazırlamaqdan başqa bir şey deyilmiş...
Bu halın soyuqdəymə olduğunu desələr də hər ehtimal, izolyasiya olunub, evdə özümü bir otağa qapatdım. Üçüncü gün yenə də temperaturum olmadı və özümü tam normal hiss etdim. Həkimin tövsiyəsi ilə sistemə və dərmanlara davam edirdim. Tanış və qohumlar isə bildirirdilər ki, çoxlu bal və zəncəfil qarışığı olan çay içim. Onların da sözlərini yerə salmırdım. Artıq özümü normal hiss edirdim. Heç bir ağrım yox idi, qızdırma isə 36.5-dən yuxarı qalxmırdı. Lakin sevincim çox çəkmədi. Axşam saatlarında yenidən üstümə ağırlıq çökdü və qızdırma getdikcə qalxmağa başladı. Vəziyyət dəyişdi, əziyyət başladı. Bu günlərdə ciddi şəkildə tərləyirdim. Tərləmə dayanmırdı, qızdırma da düşmürdü.
Zəng edib halımla maraqlanan və koronavirusa yoluxmayanların əksəriyyəti bir sözü deyirdi:“Əşi, bu, adi qripdir. Sadəcə olaraq başqa bir versiyadır, düzələcəksən...” Lakin məndə qripə aid heç bir simptom yox idi.
Ümumiyyətlə, heç koronavirusa aid olan simptomların da çoxunu hiss etmirdim. İybilmə və dadbilmə hissimi itirməmişdim. Hətta, əksinə, çox həssaslaşmışdım. Lakin gün keçdikcə zəifləyirdim. Qaşığı belə qaldırıb, yemək yeməyə halım olmurdu. Dərmanlara davam edir, əlavə antibiotiklər də vurdururdum. Günlər keçirdi, mən isə irəli yox, geri gedirdim. Xəstəliyin 8-ci günü özümü çox pis hiss etdim. Ciddi nəfəs darlığı yaşadım və yalnız səhər saat 5-də yata bildim. Saat 5-ə qədər pəncərənin kənarında oturub, işığı sönən mənzillərə baxıb, rahat nəfəs alan, yatan insanlara həsəd aparırdım. Bu zaman adi nəfəs almağın necə gözəl bir nemət olduğunu dərk etdim. Sağalacağımı düşünürdüm, ancaq işin ucunda ölümü də görürdüm. Həmin günlər bir neçə ictimaiyyətə tanış olan şəxsin koronavirusdan vəfat etməsi də məni psixoloji olaraq sarsıdır, gərginləşdirirdi. Elə düşünürdüm ki, ciyərimin yarısı yoxdur.
Bu hisslərdən qurtulmaq üçün yaxınlıqdakı klinikaya yollanıb, KT- (kompüter tomoqrafiyası) etdirdim.
Ciyərimdə cəmi 5 faiz yəni çox zəif zədələnmə, “buzlu şüşə” ocaqları aşkarlandı. Ancaq bu cavab məlum olana qədər xeyli gərginlik yaşadım. Belə ki, klinikada yanımda olan tibb bacısı vahiməli şəkildə “ciyərin zədələnib, koronovirussan” deyib, kənara çəkildi. Bu vaxt psixoloji gərginlik keçirdim və bir qədər də boğuldum. Bunları ona görə yazıram ki, xəstəlikdə psixoloji durumun nə qədər önəmli olduğunu biləsiniz. Psixoloji olaraq sən həm boğula, həm halsızlaşa bilərsən. Lakin bunların ciyərlə əlaqəsi yoxdur. Bunu da sonradan başa düşdüm. O zamana qədər isə xeyli hadisələr yaşadım. Məlum olduğu kimi KT-nin cavabı dərhal verilmir. Lakin diskə yazılan versiyanı almaq olur. Elə bu videoları tanıdığım bütün həkimlərə göndərdim. Azərbaycanda tanınmış həkimlərdən biri videoya baxıb dedi ki, ciyərinin 30-40 faizi zədələnib. Lakin Almaniyada olan həkim qohumlar və eləcə də digər xaricdəki həkim dostlar bildirdilər ki, zədələnmə 3-5 faizdir. Doğrudan da çıxan cavabda da bu cür göstərilirdi.
Daha sonra məndə mədə ağrıları başladı.
Çox az yemək yediyim halda, ciddi ağırlıq hiss edirdim. Həkimin məsləhəti ilə mədə ağrısına qarşı dərman qəbul elədim və artıq gecələr normal yata bildim. Lakin qızdırma getdikcə qalxırdı. 39.5-i görəndə artıq taqətdən düşmüşdüm və xəstəliyin 11-ci günü idi. Bu zaman isə “adi qripdir, sağalacaqsan” deyənlərin çoxu “bu ciddi şeyə oxşayır, bu qədər qızdırma olmaz axı, başına birdən iş gələr, xəstəxanaya get”,-deyə rəylər verirdilər. Bir də sual verənlər var idi. Onlar hər zəng edəndə “sən necə yoluxdun?”, “Qızdırman niyə düşmür?” kimi suallar verirdilər. Bildirim ki, xəstə tanışınız varsa, bu cür suallar onu çox gərginləşdirir. Çünki bu xəstəlik həm də sinir sisteminə təsir edir və insanı olduqca gərginləşdirib, reaksiyalarını dəyişir.
Xəstəxanaya getməklə bağlı dost-tanışın rəylərini eşidirdim, ancaq qərar verməyə, düşünməyə halım yox idi.
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu hər çətin günümüzdə olduğu kimi bu günlərimdə də tez-tez mənə yazır, zəng edir, əhvalımı soruşurdu. Hər dəfə ona yaxşı olduğumu deyir, ümid edirdim ki, düzəlirəm. O isə hələ əvvəldən mənə xəstəxanaya yerləşməyi məsləhət görürdü. Lakin 11-ci günü daha evdə yataraq sağalmayacağımı anladım. Mən qərar verməmiş, o qərar verib, xəstəxanaya getməm üçün əlindən gələni etdi. Artıq ürəyimdə də dəyişiklik hiss edirdim. Ürəyim necə döyünürdüsə çarpayı silkələnirdi. Üzü üstə yatan zaman ürəyimdən möhkəm ağrı hiss edir, boğulurdum. Bunları Rauf bəyə dedim. Bir neçə dəqiqə keçmədi ki, artıq həyətdə təcili yardım maşını gördüm və xəstəliyimin xəstəxana dönəmi başladı. Xəstəxanaya keçmədən öncə bir daha deyim ki, bu xəstəlikdə psixoloji durumun normal olması çox önəmlidir. Bu dəstəyi də hər gün Rauf bəydən alırdım. O, hər gün bir neçə dəfə zəng edir, indiyə qədər kömək edib, xəstəxanaya yerləşdirdiyi insanların da oxşar durumu yaşadıqlarını bildirirdi. Deyirdi ki, onlar artıq sağalıblar və səni də belə günlər gözləyir. Bu sözlər məni həyatdan ikiəlli yapışmağa sövq edirdi. Bu xəstəlik dönəmində ölüm qorxusu yaşamadım. Əksər insanlar da mənim kimi düşünürlər. Əksəriyyət kimi mən də ya ölüm, ya olum düşünüb, tezliklə bu halsızlıq və gərginlikdən qurtulmaq istəyirdim...
Xəstəxanada nələr yaşadım?
“Yeni Klinika”ya çatan kimi müvafiq qeydiyyatlar aparıb, məni tək nəfərlik palataya yerləşdirdilər. Yuxarıya qalxa-qalxa müşahidə etdim ki, əksər mərtəbələrdə xəstələr elə də çox deyil. Mənim yerləşdirildiyim mərtəbədə də xəstələr çox olmasa da, var idi. Onların durumu barədə aşağıda məlumat verəcəm. Hələ ki, onu deyim ki, xəstəxanada məni çox yüksək səviyyədə qarşılayan həkimlər dərhal qan analizi tələb etdilər. Lakin qanım çox qatı olduğu üçün bu proses bir qədər zaman aldı.
Durumun nə yerdə olduğunu bilən həkim, qandurulducu iynə vurulmalı olduğunu bildirdi. “Kleksan” adlı iynədən sonra ard-arda 2 sistem köçürdülər. Bu sistemlər vitamin toplusu idi. Daha sonra qızdırmam yenidən 39-a yaxınlaşdığı üçün əlavə tədbirlər gördülər. Qızdırma xəstəxanada olduğum ilk 3 gün ərzində yalnız dərman müdaxiləsi ilə düşüb, sonra yenidən qalxırdı. Eyni zamanda dərindən nəfəs alan zaman sinəmdə ağrı, qıcıqlanma hiss edib, bir-iki dəfə öskürürdüm. Həkimin məsləhəti ilə çarpayıdan qalxıb, otağın içərisində gəzir, qollarımı yuxarı qaldırıb, dərindən nəfəs alırdım. Eyni zamanda şar da üfürmüşəm. Bunları edib, müalicəni ala-ala 2 gün sonra sinəmdəki narahatlığı da hiss etmədim və normal qaydada nəfəs alırdım.
Bu xəstəlikdə hər kəsin diqqət etdiyi məsələ ağ ciyərin durumudur. Əslində, doğrudan da virusun əsas zərər verdiyi orqan ağ ciyərlərdir. Lakin bir çox hallarda virus heç ağ ciyərə düşmür, lakin xəstə dünyasını dəyişir.
Mənim ağ ciyərimdə cəmi 5 faiz dəyişiklik var idi. Bu isə ötən 11 gün ərzində çox yaxşı nəticə hesab edilir. Hətta bəzi həkimlər dedilər ki, ümumiyyətlə, virus sənin ciyərinə düşməyib. Çünki saturasiyam 96-98 olurdu. Ona görə də nəfəs problemi yaşamırdım və məni müalicə müddətində süni nəfəs aparatına qoşmadılar. Lakin qanın qatı olması ciddi problem idi. Bu xəstəlikdən evdə müalicə alanlar qan faktorunu çox zaman unudurlar. Ancaq həkimlərin də tövsiyəsi budur ki, qanı daim nəzarətdə saxlamaq lazımdır. Qəbul edilən dərmanlar, virusun orqanizmdə səbəb olduğu dəyişikliklər ilk növbədə qanın tərkibini dəyişir. Buna görə də xəstəxanada müalicə alan xəstələrə qarın nahiyəsindən qan duruldan iynə vurur, qanın tərkibini ehtiyac olarsa, tez-tez yoxlayırlar. Qandakı qatılıq ölüm üçün səbəb ola bilir.
Məsələnin tibbi tərəfindən çox məlumatlı olmadığım üçün bu mövzuların dərinliyinə getmirəm. Xəstəxanada nələri gördüyümü qeyd edim. Belə ki, xəstəxanada olduğum ərəfədə yuxarıda da qeyd etdiyim kimi, yalnız orta və yüngül vəziyyətdə olan xəstələri gördüm. Ağır vəziyyətdə olanlar Reanimasiya şöbəsində idi. Tibb bacılarından öyrəndim ki, orada mühit olduqca ağır, boş yer isə demək olar ki, yoxdur. Palatalar ayrı olsa da otağının qapısı açıq olan xəstələrin dəhşətli öskürək, zarıltı səslərini eşidirdim. Xüsusilə də yemək vaxtı gələn zaman xəstələrin bir qismi öskürür, bir qismi isə yediyini qaytarırdı. Məndə isə bu cür problemlər heç olmadı. Həmin xəstələr mən müalicə aldığım günlərdə getdikcə sağalıb, evə buraxıldı. Bəziləri isə mən çıxdığım zaman artıq normal vəziyyətdə idilər. Sadəcə olaraq, tam sağalmadıqları üçün evə buraxılmırdılar.
Xəstəxanada mənə “Arbidol”, “Lineks”, “Mezim forte”, vitaminlər toplusu, “Sink”, “D” vitamini verirdilər. Gündəlik, mənə yuxarıda da qeyd etdiyim kimi vitamin toplularından ibarət sistem köçürüb, qanı durultmaq üçün gündə iki dəfə olmaqla “Kleksan” iynəsi vururdular. “Arbidol”u gündə 3 dəfə, digər dərmanları 12 saat fasilə ilə iki dəfə qəbul edirdim. Sistemlər isə gündüz saat 11 və 14-də köçürülür, iynə də 12 saatdan bir vurulurdu.
Xəstəxanada yeməklərdən heç bir şikayətim olmadı. Hətta həmin yeməklər məni xeyli yüngülləşdirib, sağalmama yardımçı oldu. Palatadakı televizor vasitəsilə də xəbərləri izləyir, ölkədə və dünyada baş verən hadisələrdən məlumat alırdım. Onu deyim ki, xəstəlik dönəmində telefona çox baxa bilmirdim. Telefona bir qədər baxdıqdan sonra yorulub, yatırdım. Elə gün oldu ki, 18-19 saat yuxuda oldum.
Orada 9 gün qalsam da ilk 3 günü ağır oldum. Nəhayət ki, 9-cu günü lazımı testləri götürdülər. Nisbətən ağır xəstələri “Rentgen” də edirdilər. Lakin mənim üçün buna ehtiyac olmadığını bildirdilər. Beləliklə də testimin nəticəsi neqativ çıxdı və artıq mənə diqqətli olmağı, virusdan qorunmağı tapşırdılar. Xəstəxanada palatalar adətən çirkli məkan hesab edilir. Koridorları isə tez-tez dezinfeksiya edirlər. Eyni zamanda təzyiq və saturasiya ölçən aparat da virusu yaya bilər. Ona görə də sağalan xəstələrə diqqətli olmağı tövsiyə edirlər və xəstələr tez-tez əllərini dezinfeksiya edir, qorunurlar. Nəhayət, son sistemləri də köçürüb, məni evə buraxdılar. Həkim dedi ki, evdə hansısa dərmanı atmaq lazım deyil.
Evə gəldikdən sonra yerimək çətin idi. 6.5 kiloqram çəki itirsəm də, özümü ağır hiss edir, ayaqlarımın bədənimə gücü çatmırdı. Tez yorulur, halsız vəziyyətdə qalırdım.
Eyni zamanda belimdə də ağrılar yaranmışdı. Bir neçə saat bu cür oldum. Sonra həyətə düşüb, gəzməyə başladım. Lakin çox gedə bilməyib, evə qayıtdım. Xəstəliyin 23-cü, xəstəxanadan çıxdığımın 2-ci günü artıq özümü çox yaxşı hiss etdim. Özümü psixoloji olaraq da toparlayıb, gəzməyə, normal həyata qayıtmağa çalışdım və bacardım. Hazırda xəstəlikdən öncəki halımdan da enerjili və gümraham. Heç bir fəsad və ya ağrı qalmayıb. Lakin adi qrip tutmağın belə indiki halım üçün çətin olacağını bildiyimə görə, yenə də əvvəlki kimi qorunuram. İnsanlardan uzaq gəzirəm. Ümid edirəm ki, ciddi şəkildə qorunduğum halda bu dəfə də hansısa dostumdan qrip tutmaram...
Xəstəliyimlə bağlı mənimlə maraqlanan hər kəsə təşəkkür edirəm. Bağışlayın ki, sizləri də yordum. Xüsusilə də sağalmamda yardımçı olan, xəstəxanada olduğum müddətdə başımın üstündən ayrılmayan həkimlərə, tibb bacılarına minnətdaram. Onların fotolarını yuxarıda görə bilərsiniz.
Əli Rais,
Musavat.com
Tarix: 14-08-2020, 19:54
-
Bu gün, 10:17
Kəmaləddin Qafarovun şirkəti cərimə edilir
-
Bu gün, 10:15
Deputat hər maşından 10 manat vergi tutulsun deyir, bəlkə özləri hər ay maaşından 500 manat vergi ödəsin?
-
Dünən, 21:45
Şok Şok:Bərdə avtovağzal, ticarət mərkəzi və mal bazarında vergidən yayınma halları mövcuddur
-
Dünən, 14:52
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
-
Dünən, 14:49
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
-
Dünən, 14:30
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
-
24-11-2024, 11:22
PENSİYALARA DAİR “HUMANİST MİNNƏT”... - Və ya “çox humanist” pensiya sistemimizdən pensiyaçılar niyə narazıdır?
-
23-11-2024, 22:33
"Dollar Cavid” haqqında yazılan məqalələr saytlardan yoxa çıxır: Tanrının, yoxsa pulun möcüzəsi?
-
23-11-2024, 12:48
"Azernuts"ı cərimə gözləyir
-
23-11-2024, 09:11
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
-
20-11-2024, 12:40
Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
-
20-11-2024, 11:07
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
-
20-11-2024, 10:52
COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
-
20-11-2024, 10:51
Məmurlar varlanır, müavinət 1 manat artırılır - Gələcəyin əsgəri üçün...
-
20-11-2024, 10:50
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
-
19-11-2024, 20:33
Ahıl ana ölkə rəhbərliyindən kömək istəyir: “Mənim oğlumu dələduz məmurlardan qoruyun”
-
19-11-2024, 11:47
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
-
15-11-2024, 15:00
"Bu binadan ev alan 100 dəfə düşünsün..." “Greenville Residence”
-
15-11-2024, 14:14
Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI... - BU NƏDİ BELƏ?..
-
15-11-2024, 14:11
Məhkəmə “Avrora” şirkəti ilə bağlı cərimə qərarı çıxardı
-
15-11-2024, 10:03
“Şaurma N 1″ restoranının şəriki Aqil Babayevin işində DTX araşdırması!
-
11-11-2024, 12:58
Ukrayna orudusu Donetskdə hücuma başlayıb: mövqelərin bəziləri geri qaytarılıb
-
11-11-2024, 11:44
Yoldaş İsayev bununla nə demək istəyir ki?.. - SAĞ OL SƏNİ...
-
6-11-2024, 22:20
Vahid Ələkbərovun "Yelo Bank"ından Bayrağımıza laqeydlik - Görürlər, yerdən götürmürlər...
-
6-11-2024, 22:04
Tərtərdə 1 milyon 700 min manatlıq korrupsiya - 4 icra nümayəndəsinə töhmət verilib
-
6-11-2024, 21:59
"Veysəloğlu" içi qurdlu şokolad satır, müştəri PA-ya müraciət etdi
-
6-11-2024, 14:06
Tramp qələbəsini elan etdi: “Tarix yazdıq”
-
6-11-2024, 14:04
9 saylı xüsusi internat məktəbinə XÜSUSİ qəbul qaydası - İDDİA
-
6-11-2024, 13:53
“Gözü çıxan qardaşından” ibrət – Könüllü müdafiə dəstələri
-
6-11-2024, 13:51
Zabrat qəsəbəsinin bitməyən kanalizasiya problemləri - RƏSMİ QURUMLAR ŞİKAYƏTLƏRƏ ƏHƏMİYYƏT VERMİR