“Standart daşlar var ki, bu daşlardan sadə qəbir daşları düzəltmək olar”
“Amma kredit götürüb, mərhuma məzar daşı əvəzinə az qala abidə qoyurlar”
Yas mərasimlərində yaşanan israfçılıq halları, cəmiyyətin əsas müzakirə mövzusudur. Qəbiristanlıqda ucaldılan bahalı baş daşları da cəmiyyəti, eləcə də dövlət nümayəndələrini, ziyalıları, ilahiyyatçıları narahat edir.
Həqiqətən də insanlar dəbdəbəli qəbir daşlarına böyük vəsait xərcləyirlər. Bəziləri şöhrətpərəst olduğuna görə elə bilirlər ki, qəbir daşını böyük qoymaqla yaxınına daha böyük sayğı göstərir.
Bir zamanlar millət vəkili Fazil Mustafa da qəbir daşlarına qarşı mübarizənin vacibliyini bildirmişdi. Məsələnin həllinə dair müəyyən təkliflər verildi. Lakin bu təkliflər elə təklif olaraq da qaldı.
“Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi”nin sədri, “İctimai nəzarət koalisiyası”nın baş katibi, kulturoloq Aydın Xan Əbilov “Sherg.az”a bildirib ki, bu məsələyə birmənalı münasibət bildirmək olmaz:
“Çünki əsrlər boyu Azərbaycan xalqının formalaşmış düşüncəsi var. Toy və yas mərasimlərinin özü böyük mədəniyyət hadisəsidir. Elə xalqlar var ki, orada insan ölür, gedib basdırırlar və bununla da yaddan çıxır.
Şərq xalqları xüsusilə Azərbaycan xalqının dünyasını dəyişən insanla bağlı çox böyük sayğı və hörmətlə yanaşmaları var”.
A.X.Əbilov qeyd edib ki, bir insan adi həyat yaşayıbsa, ona təmtəraqlı qəbir düzəltməyə ehtiyac yoxdur:
“Standart daşlar var ki, bu daşlardan sadə qəbir daşları düzəltmək olar. Amma ölkəmzidə hər kəs gedib kredit götürür, sağlığında valideyninə dəyər verməyən və yaxud xəstə olan zaman ona qayğı göstərməyənlər öləndə həmin adama az qala abidə qoyurlar.
Oğru dünyasının nümayəndələrinə və yaxud məmurlara elə böyük qəbir daşı qoyurlar ki, tarixi şəxsiyyətlərimizlə fərqi görə bilmirik. Çalışmalyıq ki, bu yanaşmanı və düşüncəni dəyişək”.
Tarix: 12-08-2020, 21:40