"Rədd eləyin o qurumsağı buradan" - Elçibəy bu sözləri kimin haqqında demişdi?
Bu gün Ukrayna informasiya portallarından birində diqqətimi çəkdi, yazmışdılar ki, amerikalı politoloq Ramis Yunus... Ola bilsin ki, bu, ukraynalı oxucular, yaxud Ramis Yunusu tanımayanlar üçün çox gurultulu səslənir. Amma onu tanıyanlarda bu təqdimat yalnız gülüş doğurur.
Tanımayanlar üçün qısa bir dosye hazırlamağa qərar verdim. Həm də ona görə ki, uzun illərdir Ramis Yunusun işi-gücü Azərbaycana qarşı nifrət püskürməkdir.
Azərbaycanda müxalifət tərəfindən “ABŞ konqresmenləri və senatorları arasında böyük nüfuz sahibi” kimi təqdim olunan Ramis Yunusa Ermənistan mediasının simpatiyası da diqqətdən yayınmır. Belə ki, ermənilər onu “tanınmış azərbaycanlı siyasətçi” kimi təqdim edirlər. Bu simpatiyanın səbəbi də hər kəsə bəllidir.
Özünü "ABŞ-ın analitik mərkəzləri və müstəqil fondlarının məsləhətçisi", "Yaxın Şərq ölkələri üzrə ekspert" kimi təqdim etsə də, Ramis Yunus əslində öz çıxışlarında daha çox MDB ölkələri, xüsusən Rusiyada baş verən siyasi, iqtisadi prosesləri "şərh edir". Xüsusən də o, Rusiya-Ukrayna konflikti ilə bağlı tez-tez Ukrayna mediasına müsahibələr verir. Səbəb sadədir, ABŞ fond və analitik mərkəzlərinin sifarişlərini yerinə yetirmək, onların qrantlarını əldə etmək. Bir sözlə, adam özünü ABŞ-da bəlli orqan və dairələrin inhisarına verib. Əksər çıxışlarında Azərbaycan hakimiyyətinı hədəfə alan Ramis Yunusun peşəkar olmadığı onun qatıldığı debatlarda və yazılarında tez-tez təhqir və qeyri-etik ifadələrə yer verməsindən də bəlli olur.
Ramis Yunus həmişə 90-ci illərdən Müsavat Partiyasının üzvü olduğunu və guya ölkədə təzyiqlərlə üzləşməsi səbəbindən bu partiyanın üzvü kimi ABŞ-a mühacirət etdiyini deyir. Ancaq iş burasındadır ki, Müsavatın rəhbərliyi belə onun yalançı və fırıldaqçı olduğunu bildirir. Bir müddət əvvəl Müsavat başqanı Arif Hacılının ona xitabən dediyi sözləri xatırlatmaq kifayətdir:
"Siz Amerikaya mühacirət ərəfəsində (qısa müddət qalmış) partiyaya daxil olmusuz. Mühacirət edəcəyinizi gizlətmisiz. Sizi partiyaya qəbul edənləri aldatmısımız. Deyirsiz ki, 1992-ci ildən Müsavat partiyasının üzvüsüz və ilk gündən partiyanın bərpasında iştirak etmisiz. Ramiz Yunus, onu düz deyirsiz ki, yalan danışmaq sizə yaraşar. Mən partiyanın Bərpa Mərkəzinin üzvü olmuşam. İndi zaman dəyişib deyə belə danışırsız. O vaxt Müsavatın Bərpa Mərkəzinin həndəvərində fırlana bilməzdiniz. Bu nağılları sizi tanımayan gənclərə danışın. Siz partiyaya 2000-ci ildə ABŞ-a getmək ərəfəsində qəbul olmusuz".
Jurnalist Elçin Alıoğlunun da onun haqqında yazdıqları maraqlıdır: "Əbülfəz Elçibəy Azərbaycan prezidenti olduğu dönəmdə onun açıq antipatiya bəslədiyi, qarşılaşmaq və ümumiyyətlə, kəlmə kəsmək istəmədiyi adamlar vardı. Məhz Ramiz Yunusa görə Əbülfəz Elçibəylə Pənah Hüseyn arasında mübahisə olmuşdu. Həmin mübahisə əsnasında Ə.Elçibəy demişdi: “Pənah bəy, nə edirsən et, amma o adamı bir də görmək istəmirəm. Rədd eləyin o qurumsağı buradan!” Məhz bu sözlərdən sonra R.Yunus Nazirlər Kabinetindəki vəzifəsindən qovulmuş, onun başçılıq etdiyi İşlər İdarəsi ilə ləğv olunmuşdu.
Daha sonra Milli Məclisdə çalışmış Ramiz Yunus barədə Hikmət Hacızadə dəqiq “xasiyyətnamə” vermişdi: “Bu yaramaz telefon, nömrə alverçisidir!”
Sabiq daxili işlər naziri, mərhum İsgəndər Həmidovun Ramiz Yunus barədə dedikləri də məlumdur: “Ramiz Yunus qanacaqsız, cılız varlıqdır. O, Əlikrəm Hümbətovun tulası olub. Onu indi danışdıranlar var. Ə, yeri get ağlını yığ başına, ailənə yiyəlik elə, ayıbına kor ol! Belə qanı qanımızdan olan məxluqlara fikir vermirəm.
… Ramiz Yunusun “fəallaşması”nın əsas səbəbi xarici ölkələrə sığınan, özlərini “siyasi fəal” və “müstəqil bloqer” adlandıran bəlli şəbəkəyə ayrılan maliyyə, məlum xarici təşkilatların diqqətinin güclənməsidir. Həmişə Ermənistanın maraqlarından çıxış edən, erməni mənafeyi güdən Ramiz Yunusun indi “Azərbaycan xalqının maraqları”ndan bəhs etməsi ən azı mənəviyyatsızlıqdır. Orxan Məmmədli