Sosial şəbəkə, yoxsa narkobiznes platforması... ?! – İnsanları zəhərləyirlər!






“Texnologiyanın inkişafı cinayətlərin artmasına da təsir göstərdi”

“Amma Azərbaycanda hüquq- mühafizə orqanları bu işə nəzarəti gücləndirib”


Bakıda onlayn narkotik satan şəxs saxlanılıb. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı Salyan rayon sakini Nicat Nuriyev tutulub. Onun üzərindən axtarış aparılan zaman 116 qram heroin və 6 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. 

Araşdırma zamanı N.Nuriyevin narkotik vasitələri onlayn yolla tanımadığı şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə aldığı məlum olub.

Sosial şəbəkələr artıq narkobiznes platformasına çevrilib. Təəssüf ki, narkotacirlər artıq onlayn yolla qazanc əldə edirlər. Sosial platormalara bu                istiqamətdə ciddi nəzarətin olması vacibdir. Əks halda onlar onlayn  bazar formalaşdırıb insanları zəhərləməyə davam edəcəklər.



Proseslə bağlı “Sherg.az”a danışan sabiq polis rəisi Mahmud Hacıyev bildirib ki, artıq hüquq- mühafizə orqanları bu işə nəzarəti gücləndirib.
Onun sözlərinə görə, narkotikin onlayn satışı yeni hal deyil. Bu hal Rusiyada çoxdan mövcuddur:

“Ölkəmizdə onlayn satış variantı çox zəifdir. Lakin onlayn formada narkotik satanları ifşa etmək bir qədər çətindir, alan şəxsi isə tapmaq asandır. Cinayət Məcəlləsində narkotik istifadəçisi yox, daha çox satan şəxsə ağır cəza düşür. Polis orqanları onlayn satış edən şəxsi saxlayıbsa, deməli, bu sahədə mübarizə  aparılır”.

M.Hacıyev vurğulayıb ki, Rusiyada 4-5 ildir, onlayn sistemdən külli miqdarda narkotik satışı həyata keçirilir. Lakin onlar bununla bağlı effektiv mübarizə apara bilmirlər:

“Ölkəmizdə az da olsa, onlayn satışlar olur. Polis əməkdaşlarının əməliyyatını alqışlamaq lazımdır. Çünki hüquq- mühafizə orqanlarımız bu hallara qarşı sərt mübarizə aparırlar. Bu satışlar informasiya texnologiyasının inkişafı ilə əlaqədar çoxaldı. Ümumiyyətlə, texnologiyanın inkişafı cinayətlərin artmasına  da təsir göstərdi”.
Tarix: 11-08-2020, 22:06
Xəbəri paylaş



Xəbər lenti