Ağır şərtlər altında imtahan: İkinci şans verilməyəcək


Ağır şərtlər altında imtahan:           İkinci şans verilməyəcək
“İmtahan günü qızdırması olan şagirdlərin imtahan keçirilən binalara buraxılmaması ədalətsizlikdir”
 
Talelərinə COVID-19 pandemiyası ilə mübarizə şəraitində imtahan vermək düşən builki abituriyentlər qəbul imtahanının ikinci mərhələsinə hazırlaşırlar. Abituriyentləri qayğılandıran təkcə ciddi epidemioloji vəziyyətdə verəcəkləri imtahan deyil. Onları, eyni zamanda imtahanın ikinci mərhələsində yüksək temperaturu olduğu və ya hansısa üzrlü səbəbdən iştirak edə bilmədikdə nə edəcəkləri düşündürür. Axı, heç kəs virusdan və başına gələcək digər olaylardan sığortalanmayıb.
 
Növbəti günlərdə keçiriləcək qəbul imtahanlarında temperaturu normadan artıq olan və ya virusa yoluxduğu üçün imtahanda iştirak edə bilməyən abituriyentlər üçün sonradan imtahanda iştirak etmək hüququ yaradılacaqmı? Onların aqibəti necə olacaq? Həmin şagirdlərin ayrıca otaqlarda imtahan verməsi ilə bağlı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən hansısa addımlar atılması gözlənilirmi? AYNA abituriyent və valideynləri düşündürən bu sualları DİM-ə ünvanlayıb.
 
“Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayının 10-dan etibarən buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılıb. Bu tarixdən sonra keçirilən bütün imtahanlar pandemiya şəraitinin tələblərinə uyğun təşkil olunub. İmtahan özlüyündə kütləvi bir prosesdir, onminlərlə insan iştirak edir. Bizim əsas məqsədimiz hamı üçün tam təhlükəsiz şəraitdə imtahanların keçirilməsi olub. Buna görə də imtahanlar zamanı insanların sağlamlığına hər hansı bir təhlükənin yaranmaması üçün bir sıra tədbirlər həyata keçirilib”, - deyə DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.
Xanlar Xanlarzadə: İmtahanlarında 143 mindən artıq şagird iştirak ...
Bildirib ki, bu tədbirlərdən biri də iştirakçının sağlamlıq haqqında bəyannamə təqdim etməsi və binaya daxil olarkən bədən  temperaturunun ölçülməsidir: “Bədən temperaturu yüksək olduğu üçün imtahana buraxılmama halı olubsa, hər imtahandan sonra bununla bağlı məlumat verilib. Ümumilikdə, iyun-iyul ayları ərzində keçirilən imtahanlarda 40-a yaxın belə hal olub”.
 
X.Xanlarzadə qeyd edib ki, indiyə qədər bu imtahanlarda temperatur, eləcə də digər üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün DİM-ə tam sağlam olduqları haqqında arayış təqdim etdikdən sonra növbəti imtahan günlərinin birində imtahan verməsi üçün şərait yaradılıb: “Onlar da gəlib imtahan veriblər. Çünki buraxılış (qəbul) imtahanları bir neçə dəfə keçirilib (müxtəlif şəhər və rayonlar üzrə) və ay yarımdan artıq davam edib. Buna görə də həmin şəxslərin də imtahan verməsi üçün imkan yaradılıb”.
 
Qəbul imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməyən abituriyentlərlə qaldıqda isə, Mərkəz sözçüsünün dediyinə görə, indiki halda əlavə qəbul imtahanlarının keçirilməsi üçün vaxt yoxdur və qəbul imtahanlarında hər hansı bir səbəbdən iştirak edə bilməyənlər üçün yenidən imtahanların keçirilməsi mümkün deyil: “Qəbul imtahanlarının ikinci mərhələsinin II və III ixtisas qrupları üzrə 13-14 avqust, I və IV ixtisas qrupları üzrə ondan sonrakı həftədə 2 gün ərzində keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə qəbul imtahanlarının ikinci mərhələsi 2 dəfə keçirilirdi və bu, imkan verirdi ki, bir imtahanda iştirak edə bilməyənlər növbəti imtahanda iştirak etsinlər. Lakin pandemiya şəraitinə görə DİM-in hələ yanvar ayında elan etdiyi qrafikdə dəyişikliklər edildi və mart, aprel, may aylarında keçirilən imtahanlar, eləcə də qəbul imtahanlarının 2 dəfə keçirilməsi təxirə salındı. İyun ayından etibarən isə sıx qrafiklə təxirə salınan imtahanlar keçirilib.  İndiki halda əlavə qəbul imtahanlarının keçirilməsi üçün vaxt yoxdur və qəbul imtahanlarında hər hansı bir səbəbdən iştirak edə bilməyənlər üçün yenidən imtahanların keçirilməsi mümkün deyil”.
 
“Nəzərə almaq lazımdır ki, qəbul kampaniyası bir-birinə zəncirvari şəkildə bağlı olan mürəkkəb bir prosesdir və təkcə imtahandan ibarət deyil. İmtahandan sonra iştirakçıların materialları emal edilməli, nəticələri açıqlanmalıdır. Bundan sonra isə abituriyentlər ixtisas seçimi etməlidirlər ki, müsabiqə həyata keçirilsin. Növbəti mərhələdə isə qəbul olunanlar qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, bir mərhələdən sonra növbəti mərhələ başlayır və bu proses gecikdirilə bilməz. Hər hansı bir mərhələdə ləngimə ümumi prosesə təsir edir və məqsədəuyğun hesab olunmur”, - DİM yetkilisi vurğulayıb.
Kamran Əsədov: -Yeni qərardan sonra təhsil sistemində nələr olacaq?
Məsələ ilə bağlı AYNA-ya danışan təhsil eksperti Kamran Əsədov imtahan günü qızdırması olan şagirdlərin imtahan keçirilən binalara buraxılmamasını ədalətsizlik hesab edir: “Dövlət İmtahan Mərkəzinin pandemiya ilə əlaqədar həyata keçirdiyi qabaqlayıcı addımlar təqdir edilməlidir. Ancaq imtahan günü qızdırması olan şagirdlərin imtahan keçirilən binalara buraxılmaması abituriyentlərə qarşı haqsızlıqdır. İmtahan iştirakçılarının sağlamlığı və təhlükəsizliyi baxımından bu addımlar anlaşılan olsa da, mövcud vəziyyətdə bu qaydaların abituriyentlər arasında panika yaradacağı ehtimalı da nəzərə alınmalıdır. Öz adıma deyə bilərəm ki, koronavirus səbəbilə abituriyentlərin imtahanlara buraxılmaması və ya nəticələrinin ləğv edilməsinin düzgün olmadığını düşünürəm. Nəzərə alaq ki, mart ayının 3-dən tədris prosesi dayanıb, şagirdlər ciddi karantin rejimində yaşayıblar. Onları da anlamaq lazımdır. Ən azından əlavə otaq ayırmaqla bu məsələni həll etmək olar”.
 
Ekspertin sözlərinə görə, indiyə qədər keçirilən imtahanlarda 160 mindən çox şagird iştirak etsə də, 30-a yaxın şagird temperaturu normadan yüksək olduğuna görə imtahana buraxılmayıb: “İndiyə qədər keçirilən imtahanlarda, yəni, buraxılış imtahanlarında iştirak etməyənlər sonradan bu tipli təkrar imtahanlarda iştirk edərək yaranmış boşluğu aradan qaldıra bilirdilər. İndi isə situasiya bir az başqadır. Buraxılış imtahanlarının 1 imtahan günündə 24-26 min nəfər iştirak etmişdisə, indi iki imtahan günündə 19 min imtahan iştirakçısı iştirak edəcək. Bundan başqa, eyni tipli imtahanlar növbəti həftələrdə də təşkil olunacaq. Əgər hansısa şagird bu səbəbdən imtahandan kənarlaşdırılırsa, təkrar DİM-ə ərizə ilə müraciət edib növbəti imtahanlarda iştirak etmək üçün ona şərait yaradılmasını tələb edə bilər. Nəzərə alaq ki, 13-14 avqustda II və III qrup abiturieyntləri imtahan vercəklər. Eyni qrup abituriyentlər bir də bir neçə həftə sonra imtahanda iştirak etmək hüququna malik olacaqlar”.
 
“Ona görə də bu dəfə imtahanda istilik və ya digər səbəbdən iştirak etməyənlərə növbəti həftələrdə şərait yaratmaq olar. Çünki cari ildə imtahanlar müxtəlif vaxtlarda, müxtəlif bölgələrdə təşkil ediləcək. Bundan başqa, imtahanlarda iştirak edənlərin sayının azlığını nəzərə alsaq, DİM ayrıca otaq təşkil etməklə həmin şagirdlərə şərait yarada bilər. Əgər həmin şagird özünü imtahana hazır hissə edirsə, o zaman iştirak edə bilər”, - deyə Əsədov söyləyib.
 
Mütəxəssis şagirdlərə səbirli olmağı, sanitar-epidemioloji qaydalara riayət etməyi tövsiyə edib: "Əgər imtahana girişdə yoxlama zamanı abituriyentin temperaturu normadan artıq olarsa, o zaman bir az dincəlib, özünü sərinlədib təkrar yoxlana bilər. Artıq son günlər görülən qabaqlayıcı tədbirlər nəticəsində virusa yoluxma aşağı düşüb. Deməli, şagirdlər üçün təhlükə azalıb. İmtahan verəcək şəxslərə imtahan günü isti, günəşli yerlərdə çox dayanmamağı, imtahana gələrkən əlavə soyuq su gətirmələrini və imtahan binasına daxil olanda əl-üzlərini yumağı tövsiyə edirəm”.
Tarix: 11-08-2020, 13:37
Xəbəri paylaş



Xəbər lenti