Şıx çimərliyində təcavüzə uğrayan şar və ya intizamsızlığın beləsi

“A kişi, şardan bu yana gəl!”, “qardaş, şarla oynama!”, “a yoldaş, şarı minmə!”, “ay uşaq, şarı o tərəfə keçmə!”, “əmi, sənin şarla oynayan vaxtın deyil axı, əl vurma şara!”, “kimə deyirəm, şarla işiniz olmasın!”, “ay oğlan, şardan o tərəfə üzmə!”, “şara toxunmayın!”, “şardan bəridə çimin!”.
Yəqin təxmin elədiniz, hadisə dənizdə baş verir. Srağagün bu xitablar çimərlikdə edilirdi. İki sarı-qırmızılı şort-tişortlu (“Qalatasaray”lılar görsə bayılardılar), yanaqları ötən həftə günəşin ultrabənövşəyi şüalarında işləməkdən qızarıb pörtmüş oğlan idi, əllərində eks-deputat Mais Səfərlinin 1998-ci ildə SİDSUH-un mitinqləri zamanı götürdüyü meqafondan birini gəzdirə-gəzdirə sahil boyunca addımlayır və suda daşa və ya dəmirə bağlanmış böyük şarın başına oyun açanlara xəbərdarlıq edirdilər.
O böyük şar dənizin təhlükəli və təhlükəsiz yerlərinin sərhədində bərkidilmişdi və belə anlaşılırdı ki, adi şarlardan deyil, möhkəm materialdandır. Yoxsa heç bir şar dənizdə çimənlərin o cür təcavüzünə tab gətirməzdi, ortasından partlayardı. Hətta şar daha möhkəm materialdan olsaydı belə, bir az namusu-qeyrəti olsaydı, o qədər minilməyə, kərkinilməyə dözməz, yenə partlayıb dağılardı.
O adamlar o yazıq şardan nə istəyirdilər, bunu gərək psixologiya elmi araşdırsın, başqa elmlər aciz qalar.
Birinci abzasda sitat verdiyim müraciətləri, sizcə, xalqın təhlükəsizliyini qorumağa çalışan gənclər neçə dəfə təkrar etdilər? Mən deyim, azı yüz dəfə, amma siz razılaşmayın, bəlkə də beş yüz dəfə. Mən dənizdə olduğum 2 saat ərzində o uşaqlar bir dəqiqə belə susmadılar, qışqırdılar, meqafonda siqnal təşkil etdilər.
Maraqlısı o idi ki, şarla oynayan, şarın o tərəfinə keçən şəxslər (əsasən 18-30 yaşlı gənclər və 30-45 yaş arası cantaraq kişilər) gənclərin sözünə dərhal, yaxud 5-6 saniyədən sonra qulaq asırdılar və şarı batırmağa çalışmaqdan və ya onun üstündə mürgülüməyə cəhd etməkdən əl çəkirdilər, şarı ötüb dərinliyə gedənlər də iri dalğaların onları gerçəkdən də böyüzm edəcəyini anlayınca geri qayıdırdılar.
Di gəl, nə baş verirdi? Görünür, o şar müqəddəs idi, çünki adətən müqəddəs yerlər boş qalmır. Şarın da üstü boş qalmırdı. Dərhal kimsə üzüb şara çatır, dilsiz-ağızsız şarla mazaqlaşmağa başlayırdı. Hər şarı üzüb bəriyə keçən adamın əvəzinə mütləq başqa birisi “bomba oğlan” və as üzgüçü olduğunu çimərlikdəki 1 milyon adama göstərmək fürsətini əldən vermirdi.
Sarı-qırmızı şort-tişortlu və qırmızı-qaraşın yanaqlı gənclər yenidən ağızlarını meqafona dirəyirdilər.
Adamın onlara yazığı gəlirdi. Hiss edirdin ki, o şar o qədər minilməyə dözməyərək partlasa və ya o “bomba oğlan”ların biri batsa, onları işdən çıxaracaqlar.
Sahildə oturub bu mənzərəyə tamaşa edən ağsaqqallardan biri iki dəqiqədən bir deyirdi: “Xeyri yoxdur, bu uşaqlar nə qədər qışqırsalar da xeyri yoxdur, o gədələrdən biri batmasa dincəlməyəcəklər”.
İncəvara, “bu axşam ölürüm, məni kimsə tutamaz” moduna girən olmadı, gənclər və kişilər şarı deşməkdə israrlı olsalar da, şarı o tərəfə, dərinliyə gedib batmaqda təkid etmədilər. Hər şey salam-səfa ilə qurtardı - ən azı mən çimərlikdən çıxana qədər hər hansı bir hadisə olmadı, çığırışma səsi gəlmədi.
Dediyim nədir? Oturub fikirləşirəm ki, biz niyə bu qədər məsuliyyətsiz və intizamsızıq. Məgər bir adama “şardan o yana keçmə, şarı minmə” demək kifayət deyilmi ki, o xitabı eşidənlər bunun onlara da aid olduğunu anlasınlar. Yoxsa xilasedicilər mütləq hər adama bir dəfə deməlidirlər, qışqırmalıdırlar?
Hələ bir bunlar deyil, başqa məsuliyyətsizliklər də olur. “Valideynlər, uşaqları nəzarətsiz buraxmayın” çağırışını da vecinə alan yox idi, iri dalğaların içində xeyli azyaşlı uşaqlar da vardı, dalğa vurub onları aşırırdı, valideynlər isə sahildə oturub söhbət, qeybət edirdilər.
Durum budur. O xilasedicilərin yerində hansı birimiz olsaq, elə birinci iş gününün axşamı ərizəmizi yazıb rəisə verərik. Hələ o uşaqları da bilmək olmaz. Növbəti dəfə gedəndə orda onları görməsəm, deməli, həmin gənclər artıq ərizə yazıblar.
Belə getsə, o şar yiyəsiz qalacaq və bir gün suda məzələnən, bir-birinin başından basıb batırmağa çalışan gənc kişilər onu qrup şəklində zorlayacaqlar.
Samir SARI

Tarix: 11-08-2020, 09:00
Xəbəri paylaş



Xəbər lenti